Rusiya Dövlət Elmi-Texniki Kitabxanasının arxivində Qərbi Azərbaycan coğrafiyası ilə bağlı unikal kitab saxlanılır. Bu barədə Lent.az -a Moskva Azərbaycan İcmasının sədri Şamil Tağıyev məlumat verib.
Məlumata görə, “Göyçə gölü. Gölün coğrafi təsviri” adlı bu kitab 1911-ci ildə Sankt- Peterburqda “Aleksandrov” mətbəəsində çap olunub.
Kitabın müəllifi Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, professor Yevgeni Sergeyeviç Markovdur. 193 səhifədən ibarət olan “Göyçə gölü. Gölün təsviri” kitabında gölün hidroqrafiyası, iqlimi, temperaturu, sərhədləri və sairə göstəriciləri barədə dəqiq və əhəmiyyətli məlumatlar verilir.
Lent.az -ın araşdırmasına görə, sözügedən kitab 1894-95-ci illərdə Markovun cənubi Qafqaza ekspedisiyası zamanı elmi tədqiqatları nəticəsində əmələ gəlib. Yeri gəlmişkən, cənab Markov 1912-ci il martın 12-də bu mövzuyla bağlı Sankt-Peterburq Universitetində dissertasiya müdafiə edib.
Bundan sonra Markov bir neçə dəfə də indiki Ermənistan ərazinə ekspedisiya təşkil edərək, gölləri və digər coğrafi obyektləri öyrənib.
Bu kitabın ən önəmli tərəflərindən biri odur ki, Markovun adıgedən əsərində bütün coğrafi toponimlərin əksəri türk adlarıdır. Markov bu yerlərdə yaşayan azərbaycanlıların köklü əhali olduğunu xüsusi vurğulayır.
Hələ 108 il əvvəl nəşr olunmuş bu qiymətli elmi əsər bir daha sübut edir ki, ermənilərin gerçək tarixi dəyərləri məhv etmək yolu ilə özlərinə saxta tarix yaratmaq cəhdləri hər zaman hamıya bəlli olub.