Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə İstanbulda keçirilən “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini uğurla yekunlaşdırıb.
Aİİ-dən bildirilib ki, bağlanış mərasimində Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə keçirilən elmi konfransın işini yüksək qiymətləndirib. Bildirib ki, belə tədbirlər faydalı əməkdaşlığa, təcrübə mübadiləsinə böyük töhfə verir. Təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün önəmli şəxsiyyətlərdən biri olmuş Əhməd bəy Ağaoğlu türk ocaqlarının yaradılmasında yaxından iştirak edib.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yekun nitqi ilə çıxış edərək, Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan tədbirin davamı olaraq İstanbulda keçirilən “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı böyük mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir. Bu Sərəncama uyğun olaraq, İlahiyyat İnstitutunun İstanbul Universitetində keçirdiyi elmi konfransda görkəmli şəxsiyyətin həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentindəki fəaliyyəti, Türkiyənin ictimai-siyasi həyatında, həmçinin “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi fəaliyyəti, İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsi və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən məruzələr dinlənilib.
İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı konfransda dinlənilən məruzələrin hər birini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Fazil Mustafa Əhməd bəy Ağaoğlunun əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsil səviyyəsi ilə ölçüldüyünü vurğulayıb. Qeyd edib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Fazil Mustafa konfransda böyük mütəfəkkirin həyat və yaradıcılığında bilmədiyimiz bir çox məsələlərlə tanış olduqlarını nəzərə çatdırıb.
Türkiyənin Ankara Universitetinin professoru Mübariz Süleymanlı və Trakya Universitetinin dosenti Mehmet Kaan Çelen konfransın Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığının daha dərindən araşdırılmasına səbəb olduğunu bildiriblər.
Xatırladaq ki, konfransda məruzə ilə çıxış edən 20-dən çox alimin “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda toplanmış məqalələri kitab şəklində çap olunacaq.