“Əsrlər sonra tarixçilər bu səhifələri vərəqləyəndə onların gözünə ilk olaraq 27 sentyabr və 44 günlük müharibə sataşacaq”
“Bu tarixi an 200 ildən artıqdır ki, Azərbaycan torpaqları uğrunda döyüşüb şəhid olan igid oğulların ruhlarının sevindiyi gündür”
“Həmin gün torpaqlarımızın qaytarıldığı günün başlanğıcıdır"
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sənəddə deyilir:
“Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
Birincisi, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin. İkincisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Bununla bağlı öz təəssüratlarını "Sherg.az"la bölüşən tarixçi-alim Dilavər Əzimli deyib ki , 27 sentyabrın anım günü olması ilə bağlı sərəncamın imzalanması təqdirəlayiq addımdır:
"Azərbaycan qədimdən ulular yurdu olmuş, burada bütün xalqlar,millətlər sülh,əmin-amanlıq içində yaşamışlar. Lakin XVIII əsrdən sonra nizamımız pozuldu, başımıza çoxlu fəlakətlər gəldi. Buna baxmayaraq biz bir xalq olaraq ayaqda qalmağı bacardıq və gəlib bu dövrə çıxdıq. Bu dövrün başlanğıcı 27 sentyabrdır. Mən də öz növbəmdə sevdiyim "Şərq" qəzeti vasitəsilə Cənab Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm ki, bu günü tarixə yazdı. İllər,əsrlər sonra mənim kimi tarixçilər bu tarixi vərəqləyəndə onların gözünə ilk olaraq həmin tarix-27 sentyabr və 44 günlük müharibə sataşacaq, fəxrlə bu anı qeyd edəcəklər.
Həmin gün Azərbaycan tarixində möhtəşəm bir gündür. Azərbaycan xalqının ruhunun , iki yüz ildən artıq parçalana-parçalana gedən bir ərazinin yüksəliş günüdür. Bu tarixi an 200 ildən artıqdır ki, Azərbaycan torpaqları uğrunda döyüşüb şəhid olan igid oğulların ruhlarının sevindiyi gündür. Nadir şah Əfşarın yaratdığı böyük Azərbaycan dövlətinin süqutundan sonra biz torpaq qaytarmamışdıq. Həmin gün torpaqlarımızın qaytarıldığı günün başlanğıcıdır".
Tarixçi həmçinin qeyd etdi ki, xalq-dövlət birliyi əbədidir,heç nə onu parçalaya bilməz:
"27 sentyabr həm də xalqımızın birliyi, yenidən dirçəlişi günüdür. 1988-ci ildən bəri ilk dəfə xalq bu birliyi göstərdi, həmin anlar təkrar olundu. Bu birliyi heç kəs parçalaya bilmədi,əminəm ki, bundan sonra da parçalaya bilməyəcək".
Aytac Ali