“Xarı bülbül bir obraz kimi sosial şəbəkələrdə paylaşıldı, hər tərəfə yayıldı”
“Fikrimcə, şəhidlərimizin ruhuna ehtiram göstəricisi kimi yaxşı düşünülüb”
“Bu gül tarix yazan şəhidlərimizin ən gözəl simvoludur”
Azərbaycanda Vətən müharibəsində şəhid olan 2783 nəfərin xatirəsi yad edilib. Ölkə bir dəqiqəlik sükutla şanlı şəhidlərin ruhuna sayğı göstərib. Anım gününün simvolu isə Xarı bülbül gülü olub. Daim Qarabağ deyiləndə yadımıza düşənlərdən biridir Xarı bülbül. Daim onun adı gələndə kövrəlib, köks ötürərdik. Kaş bir gün bu əsrarəngiz gülü Şuşada görək deyə düşünürdük. İndi isə tamam fərqlidir.
Gözümüzün suyunu saxlaya bilmirik. Bir tərəfdən qürur, digər tərəfdən də qəhər bizi boğur. İllərdir yasımızı qərənfilin acı qırmızısı ilə bəzəyərdik. Şəhidlərimizin məzarına, xatirələrinə ucaldılan abidələrə dəstə-dəstə qərənfil düzərdik. Bu dəfə şanlı qələbəmizin səbəbkarlarını Xarı bülbülün məğrurluğu ilə yad edirik.
Hər yerdə anım gününün simvolu paylaşılıb, şəhidlərimiz haqqında yazılıb. Dünyada bənzəri olmayan zəfər və onun çiçəyi Xarı bülbül.
Mövzu haqqında fikirlərini “Sherg.az”la bölüşən Vətəndaş Cəmiyyət Alyansı TŞ rəhbəri, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, torpaq uğrunda canlarından keçən şəhidlərimiz dünya azərbaycanlılarının fəxridir:
“Onlar öz qanları ilə Azərbaycan tarixini yenidən yazdılar. Xarı Bülbül isə hər zaman Qarabağın və mübarizəmizin rəmzi olub. Həmişə şairlərimiz, yazıçılarımız, müğənnilərimiz Xarı bülbül deyəndə söhbətin Qarabağdan getdiyini bilirdik.
İndi isə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Xarı bülbül bir obraz kimi sosial şəbəkələrdə paylaşıldı, hər tərəfə yayıldı.
Fikrimcə, şəhidlərimizin ruhuna ehtiram göstəricisi kimi yaxşı düşünülüb. Bundan sonra hər il şəhidlərimizi dünyanın heç bir yerində olmayan Xarı bülbüllə xatırlayacağıq.
İndiyənə qədər digər şəhidlərimiz, xüsusilə də “20 Yanvar” da həlak olan həmvətənlərimiz üçün ağlayanda qan rəngli qərənfil yada düşürdü. Xarı bülbül isə tarix yazan şəhidlərimizin, qazilərimizin, işğalçıları ölkəmizdən qovan oğullarımızın mübarizəsinin ən gözəl simvoludur.
Bu çiçək həm də cənnət rəmzidir. Qarabağ da Azərbaycanın cənnəti sayılır. Ona görə həm kurturoloq, həm də yaradıcı insan kimi uğurlu rəmzin tapıldığını düşünürəm”.