Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika Kafedrasının professoru Nəsir Əhmədli "Facebook" hesabından maraqlı təkliflə çıxış edib. Professor qeyd edib ki, metronun "20 Yanvar" stansiyasının adı çox məntiqsiz seçilib, bura "Şəhidlər" stansiyası adlandırılmalıdır. Qeyd edək ki, bu təklif sosial mediada ciddi müzakirə predmetinə çevrilib. Hətta bəzi istifadəçilər də əlavə edirlər ki, nəinki "20 Yanvar" stansiyası, bir çox stansiyanın adı indiki dövrə uyğun deyil. Biz də "Sherg.az" olaraq məsələnin aktuallığını nəzərə alıb, mövzunu tarixçilərlə müzakirə etdik.
N.Əhmədlinin təklifini dəstəklədiyini söyləyən fəlsəfə üzrə elmlər doktoru Faiq Ələkbərli “Sherg.az”a bildirdi ki, bir çox stansiyanın adını dəyişdirib yeni uğurlarımıza uyğun adlar qoysaq, daha yaxşı olar:
"Əldə etdiyimiz uğurlara nəzər yetirsək, bir çox məkan - küçə,prospekt adlarının dəyişdirilməsi və yeni ab-havaya oxşar adlandırılmasının daha məqsədəuyğun olduğunu görərik.
Çünki vətən uğrunda döyüşüb, canından keçən qəhrəmanlarımızın adlarını əbədiləşdirmək olduqca mühüm məsələlərdən biridir. Bu barədə olan bütün addımları müsbət qiymətləndirirəm. Hesab edirəm ki, "20 Yanvar" stansiyası ilə yanaşı ,digər bəzi stansiyaların da adlarının dəyişdirilməsi doğru bir addım olar.
Bu yöndə əvvəl də bir sıra təkliflər var idi, xüsusən də şəhid General Polad Həşimovun adına metro stansiyasının açılması barədə fikirlər müzakirə obyektinə çevrilmişdi. Ona görə də stansiyaların, küçə və prospektlərin "8 noyabr" , "Polad Həşimov" yaxud başqa şəhid adları ilə dəyişdirilməsi təqdirəlayiqdir".
Tarixçi-alim Kərəm Məmmədov isə bu məsələyə fərqli aspektdən yanaşaraq qeyd edib ki, stansiyaların adlarını dəyişdirmək yox,yeni stansiyalar inşa etmək lazımdır. O zaman təklif edilən adları həmin yeni stansiyalara vermək olar:
"Həmin stansiyanın adı qanlı 20 yanvar şəhidlərinə həsr olunub. Buna görə də stansiyanın adının dəyişməsi onların ruhuna hörmətsizlik olar. Fikrimcə, yeni stansiyaların inşası gərəkdir. Bundan sonra təzə adlar fikirləşmək olar ".
Aytac Ali