"Qarabağ universitetinin yaradılması ən böyük uğurumuz olacaq"
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Qarabağ universiteti yaradılacaq. Bu barədə AMEA-nın rəsmiləri məlumat verib. Bildirilib ki, hazırlanan tədbirlər planında AMEA-nın Regional Şuşa elmi mərkəzinin yaradılması və həmin mərkəzdə digər elm sahələri ilə yanaşı, bölgənin ehtiyacına uyğun fizika məsələlərinin, həmçinin təbii sərvətlərin fiziki sahələrin tətbiqi üzrə Fizika bölməsinin təşkili öz əksini tapıb.
Bundan əlavə, Qarabağ Elmi mərkəzinin, yeni yaradılacaq Qarabağ Universitetinin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihazlarla, qurğularla təminatı nəzərdə tutulur.
Mövzu ilə bağlı “Şərq”ə danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu belə bir universitetin yaradılmasının vacib olduğunu söyləyib:
“Lakin qeyd edim ki, Qarabağda universitet fəaliyyət göstərib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialı səhv eləmirəmsə, 1973-cü ildə yaradılıb. Sonra Şuşaya köçürülüb. Torpaqlarımız işğal olunana qədər fəaliyyəti davam edib. Hazırda isə Ağcabədi rayonunda işləyir. Yəni baza var. Onun əsasında formalaşdırmaq olar. Zənginləşdirərək dünyanın ən maraqlı universitetlərindən brini yaratmaq mümkündür. Bu bizim ən böyük uğurlarımızdan biri olar. Təbii ki, Qarabağ regionuna diqqət göstərməliyik. Universitetlərin, təhsil müəssisələrinin yaradılması vacib məsələdir. İnfrastrukturların yaradılması mühümdür. Mən də Qarabağ universitetinin yaradılmasını alqışlayıram, hər hansı bir işdə lazım olsa, kömək etməyə də hazıram”.