Təklif: “Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri xarici dillərdə nəşr olunsun”

“Belə kitabın dünyanın aparıcı kitabxanalarında yer alması olduqca mühüm əhəmiyyət kəsb edir”

Tarixçi-alim Firdovsiyyə Əhmədova Feysbuk hesabında maraqlı təşəbbüs irəli sürüb. O, təklif edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabını aparıcı dillərə çevirib nəşr etmək olar.
F.Əhmədova söyləyib ki, 2021-ci il Qarabağ quruculuğu ili kimi tarixə düşəcəksə də, dağlıq hissəsində xarici qüvvələrin qalması və fəaliyyəti ciddi təşviş doğurmaqdadır:

“Bu il «Nizami Gəncəvi ili» elan olunub. M.Ə. Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabını nəşr etmək elmi, tarixi və siyasi anlamda böyük əhəmiyyət kəsb edir”.

F.Əhmədova sözügedən məsələ ilə əlaqədar “Sherg.az”a daha geniş açıqlama verib. Onun sözlərinə görə, Nizami Gəncəvi elə bir dühadır ki, bütün xalqlar öz tarixlərində belə bir şəxsiyyətin olmasını istəyər:

“Xalqımız xoşbəxtdir ki, 12-ci əsrdə Azərbaycanın belə şairi və dahi mütəfəkkiri olub. Zaman-zaman Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid olanları mənimsəmək istəyən qüvvələr olub. Daim Nizami Gəncəvini də Azərbaycan kimliyindən qoparmaq istəyənlərə rast gəlirik. Xüsusilə qonşu ermənilər tərəfindən belə saxtakarlıqların şahidi olmuşuq.

N.Gəncəvi əsasən fars dilində yazdığı üçün onu fars şairi kimi qələmə verib, qəbul etdirmək istəyiblər. Əlbəttə, bu iddiaların hər hansı bir əsası yoxdur. Lakin 1941-ci ildə M.Ə.Rəsulzadənin N. Gəncəvinin yubileyi ilə bağlı yazdığı “Azərbaycan şairi Nizami” adlı mükəmməl əsəri var.

Bu kitabda Nizaminin Azərbaycan şairi kimi təqdimatı verilib. Əsər zamanında da yüksək qiymətləndirilib. Təbii ki, kitab sovetlər dönəmində çap oluna bilməzdi. Bu baxımdan müstəqilliyimiz bərpa olunduqdan sonra az tirajla da olsa, nəşr edildi.

F.Əhmədova vurğulayıb ki, əsərin xarici dillərdə çap olunması və dünyanın aparıcı kitabxanalarında belə kitabın yer alması olduqca mühüm əhəmiyyət kəsb edir:

“Bu il N.Gəncəvi ilinin elan edilməsini nəzərə alaraq düşündüm ki, ən yaxşı töhfələrdən biri bu kitabın xarici dillərdə nəşridir. Təklifi dəstəkləyənlər oldu. Amma bu məsələni daha geniş auiditoriyaya və respublika ictimaiyyəti səviyyəsində müzakirəyə çıxarsaq, birmənalı dəstək olacaq.

Çünki söhbət N. Gəncəvidən, onun Azərbaycan şairi kimi təqdimatından və əsərin M.Ə.Rəsulzadə tərəfindən mükəmməl səviyyədə yazılmasından gedir. Ölkəmizdə N.Gəncəvi ilə bağlı beynəlxalq mərkəz mövcuddur.

Bu qurum ən azından əsərin ingilis dilinə tərcümə olunmasında yardımçı ola bilər. Lakin kitabın başqa dillərə də tərcümə olunaraq nəşr edilməsi lazımlı və faydalıdır”.