“...Nəticədə Bakı ətrafına 9 ən müasir silah və texnika ilə təchiz olunan müxtəlif qoşun hissələri gətirildi"
"1990-cı ilin 20 yanvarında faciə törədildi”
“Bu hadisə Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı”
Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür. Düz 31 il əvvəl doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə şığıyan qana susamış sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətnliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqları və suverenliyi uğrunda savaşmaq əzminə malikdir.
1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Separatçı ermənilər getdikcə azğınlaşırdılar. Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara divan tutulmasına himayədarlıq edirdi. Azərbaycan xalqı artıq dərk edirdi ki, SSRİ dövləti ona heç bir köməklik göstərməyəcək və nicat yolu yalnız müstəqillik əldə etməkdən keçir.
Qan yaddaşımızla bağlı “Sherg.az”a danışan tarixçi-alim Kərəm Məmmədov bildirib ki, xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün Sovet imperiyasının başında duranlar müdhiş bir qırğın planı hazırladılar:
“Mixail Qorbaçovun başçılıq etdiyi qaniçən Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün Bakını qan içində boğmaq qərarına gəlmişdi. Odur ki, Bakı ətrafına 9 ən müasir silah və texnika ilə təchiz olunan müxtəlif qoşun hissələri gətirildi və faciə törədildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00:00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi.
Xalqı qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi”.
K.Məmmədov qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı:
“Bu faciəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev olub. O, 1990-cı il yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib.
Qanlı Yanvar hadisəsinə siyasi-hüquqi qiymət də məhz ulu öndər H.Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra verilib.
Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulmasını daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir”.