Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bir sıra açıqlamalar verib. O müsahibə zamanı Zəngəzurun tarixi ilə bağlı irəli sürdüyü iddialarında qeyd edib ki, Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür.
Əlbəttə, N.Paşinyanın sərsəm açıqlaması növbəti erməni yalanı və saxtakarlığıdır. Baxın, dünyada Şimali Makedoniya, Cənubi Tirol, Qərbi Saxara, Şərqi Timor, Mərkəzi Afrika Respublikası kimi tarixi-coğrafi adlar var. Heç kim onların mənşəyini, mövcudluğunu şübhə altına qoymur. Həmçinin Azərbaycanda da coğrafi-tarixi adların əsasları mövcuddur. Əgər bu ərazinin adı Zəngəzurdursa, onu nəyə görə başqa adla adlandırmalıyıq? Zəngəzur Azərbaycanın tarixi torpağımızdır. Onun Şərqi də, Qərbi də Azərbaycana məxsusdur, bizimdir.
Bununla bağlı “Sherg.az” danışan tarixçi-alim Boran Əzizli bildirib ki, Paşinyan yenidən erməni xislətinə uyğun olaraq tarixi təhrif edir:
“Hələ qədim və orta əsr mənbələrinə müraciət etmirəm. Elə rus mənbələrinin özündə istər məsələn, 1886,1897, 1916-cı illər Rusiya dövlətinin apardığı siyahıyaalmaların nəticələrinə, istərsə də çap olunan xəritələrdə həmin ərazinin necə adlanmasına baxsın. Şübhəsiz ki, baxıb, bilir. Amma etiraf etmək istəmir və bu da onun tarixi saxtalaşdırmasından irəli gəlir. Zəngəzur sözünün özü də qədim türk tayfası olan Zəngilərin adından götürülməsi ilə bağlı alimlərin əsərlərində çoxlu faktlar var. Eyni zamanda qədim dövrdə bu ərazi əvvəllər Atropatena, sonrakı illərdə Sacilər tayfasının rəhbərlik etdiyi Sacilər Azərbaycan dövləti, daha sonrakı illərdə Səlcuqlar, Şəmsəddin Eldənizin rəhbəri olduğu Azərbaycan Atabəylər dövləti və Qaraqoyunlu tayfa ittifaqının Baharlı tayfasının tərkibinə daxil olub.
Sonrakı illərdə də Bayandurların başçılığı altındakı Ağqoyunlu, ardınca Səfəvilər dövlətinin bir hissəsi idi. Gəncə-Qarabağ bəylərbəyliyinin bir hissəsi isə həmin dövrdə Çuxursəd bəylərbəyliyinin ərazisi kimi tanınırdı.
B.Əzizli həmçinin əlavə edib ki, sonrakı xanlıqlar dövründə də bu ərazi Qarabağ xanlığının, az bir qismi isə İrəvan xanlığının ərazisinə daxil olub:
“Ona görə də sonrakı illərdə Rusiya sənədlərində məhz Azərbaycan torpaqları kimi 1828-ci ildə Türkmənçay müqaviləsində işğal edildiyi bildirilib. Həmin ildə bağlanan 10 müqavilədə göstərilən sərhədlər də tarixə dəqiq məlumdur. Orada Zəngəzur məhz xalqımıza məxsus olan ərazi kimi göstərilib. Əhalisi də azərbaycanlılardan ibarət idi. Oradakı toponimlərin də böyük əksəriyyəti xalqımıza xasdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra məlumdur ki, ermənilər Azərbaycan torpaqları olan İrəvan, Naxçıvan, Qarabağ, o cümlədən Zəngəzur torpaqlarına köçürülüb, yerləşdirilib. Ona görə də Paşinyanın Zəngəzurun tarixi ilə bağlı dedikləri sözün həqiqi mənasında ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Amma arxalarında həmişə çar və bolşevik Rusiyası dayandığına görə çox ərköyün öyrəniblər. İndi isə tarixi gerçəkliyi bərpa edəndə və buranın əsl sahibləri addım-addım həmin yerlərə qayıdanda ermənilər buna dözə bilmirlər.
Zəngəzur və İrəvan quberniyası ərazisində 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. Onlardan yalnız biri İrəvandakı Göy məscid qalıb. İndi özünü guya mədəni abidələrin hamisi kimi qələmə vermək istəyən Fransa bir dəfə soruşmur ki, buradakı yaşayış məntəqələrində olan məscidlər hanı? Yaxud da orada çoxlu sayda azərbaycanlılar olub. Bunların birinin də olsun, qəbri qalmayıb. Bəs bu azərbaycanlıların yaşadığı yaşayış məntəqələrindəki qəbirsanlıqlar hanı? Yerlə bir olub”.
Tarixçi diqqətə çatdırıb ki,1920-ci ildən Yuxarı yaxud da Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə bağlı Rusiyanın arxiv sənədlərində kifayət qədər çoxlu faktlar var:
“Bolşeviklər tərəfindən ermənilərə verilib və nəticədə Azərbaycan həm Naxçıvan, həm də Türkiyədən demək olar ki, ayrı salınıb. Xəritəyə baxanda da ilk baxışdan Naxçıvan anklav kimi görünür. Halbuki Yuxarı Zəngəzur işğal edildikdən sonra Azərbaycanın quru yolla əlaqəsi tamamilə kəsilib və o dövrdə bolşeviklər bilərəkdən olduqca böyük və məkrli siyasət yeridərək Zəngəzuru işğal edib, Ermənistana veriblər. Hətta 1921-ci ildə Azərbaycan SSRİ torpaq komissarlığının verdiyi məlumata görə, 405 min desyatin torpaq yəni 4,4 min kvadrat kilometr ərazi ermənilərə verilib və beləliklə də Zəngəzurun yuxarı hissəsi ermənilərin əlinə keçib. Yalnız Nüvədi kəndi qalmışdır. 80-ci illərin sonunda ermənilər o kəndi də işğal ediblər və azərbaycanlılar oradan qovulub. Həmin ildə Yuxarı Zəngəzur Ermənistana birləşəndən sonra onlar yeni 9-cu qəzanı da bura əlavə ediblər. Həmin zamana qədər 8 qəza var idi. 30-cu illərdə rayonlaşma gedəndə Zəngəzur qəzası ifadəsi ləğv olunub, əvəzinə 4 əsas qəza yaradılıb: Qafan, Mehri, Sisiyan, Gorus”.
Alim vurğulayıb ki, Paşinyanın Zəngəzurla əlaqəli dediklərinin heç bir elmi əsası yoxdur:
“Bu, xalqı aldatmaqdır. Ona görə də hesab edirəm ki, Paşinyanın açıqlamasında dediklərinin yalan olduğunu səbir və təmkinlə nəinki Azərbaycan xalqına, o cümlədən xarici dillərdə də ictimaiyyətə də izah etməliyik”.