Avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq dərəcədə artım hiss olunur. “Xəzər Xəbər”in araşdırmasına əsasən, əvvəllər 45-50 manata satılan avtomobillərin mühərrik yağları indi 60-65 manata təklif edilir. Sürücülərin sözlərinə görə, bir neçə aydır bahalaşma var. Sahibkarlar isə qiymət artımının Avropadan gətirilən yağlarda qeydə alındığını söyləyir.Yağ satışı ilə məşğul olan Nicat Sultanlı bildirib ki, qiymətə təsir edən amillər arasında daşıma xərcləri də yer alır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin qənaətincə, dünya neft qiymətlərinin artması neft məhsullarının da bahalaşmasında əsas amilə çevrilib:
"İlin əvvəlindən Azərbaycanda idxal olunan mühərrik yağlarının qiymətində 40-50 faiz artım nəzərə çarpır. Neft ölkəsiyik, lakin çox keyfiyyətli mühərrik yağı almaq üçün yararlı olmasına baxmayaraq, illər ərzində daxili istehsalı təşkil edə bilməmişik. Ona görə də, xaricdən asılı vəziyyətdəyik. İstənilən halda xarici ölkələrdə qiymət artan kimi bizə də təsir göstərir. Nə qədər ki, neft qiymətləri 100 dollardan yuxarıdırsa, qiymət artımı davam edəcək".