“Elektron adam” - Stalindən təhdid, Xruşovdan etinasızlıq, Brejnevdən təltif görən nazir


Siyasi müstəvidə şok effekti təkcə gözlənilməz bəyanatlar, sərt etirazlar, qəfil istefalar yaratmır. Bəzən güclü məntiq, əsaslı sübutlar, özünü təsdiq etmək də birinciləri şoka sala bilib. Aleksandr Şokinin sovet liderlərini şoka saldığı kimi...

Şokini çox qorxuzublar, həbsə atmaqla hədələyiblər, amma o, nə amansız Stalinin, nə çılğın Xruşovun, nə də anlaşılmaz Brejnevin qarşısından sakitliklə çəkilməyib, çox böyük səbr və təmkinlə birincilərə müzakirə olunanan məsələdə yanlış fikirdə olduqlarını başa sala bilib.

Aleksandr Şokin ilk dəfə Stalinlə mübahisəyə girişib. Gəmiqayırma Sənayesi Birliyinin layihə-konstruktor bürosunun rəisi işləyəndə onu Vyaçeslav Molotovun qəbuluna çağırıblar. Şokin müəyyən edilmiş vaxtda Molotovun qəbuluna gedib, kabinetə girəndə isə otaqda yalnız Stalini görüb. Stalin ona əl uzatmadan və yer göstərmədən gəzişə-gəzişə birbaşa mətləbə keçib:

- Kreyser artıq hazır vəziyyətdədir. Sizin ucbatınızdan biz onu istismara buraxa bilmirik. Siz yəqin ki, anlamırsınız, ilk sovet kreyserinin inşası bizim üçün beynəlxalq əhəmiyyət kəsb edən siyasi məsələdir. Texniki avadınlıqlar və sistemlər nə vaxt quraşdırılacaq?

Şokin Stalinin səsindəki qəzəbi anlasa da təmkinini pozmayıb:

- Bu işə il yarım vaxt lazımdır, yoldaş Stalin. Bizim büronun imkanları yalnız buna çatır.

- Niyə bu işi siz tək görmək istəyirsiniz? Digər müvafiq müəssisələr nədən bu işə cəlb edilmir?

- Bu sizin səlahiyyətlərə daxildir. Mənim digər qurumların işinə müdaxlə etmək hüququm yoxdur.

Şokinin bu fikri Stalin üçün bir az iddialı səslənib:

- Deməli, siz də bizi ittiham edirsiniz. Mən bu ittihamı qəbul edirəm və lazımi göstərişlər verəcəyəm. Sizə isə altı ay vaxt verirəm. Kreyser bu müddətə istismara verilsə, ən yüksək mükafatı alacaqsınız, əks təqdirdə isə sizi nə gözlədiyini, yəqin ki, anlayırsınız.

Şokin üzərinə düşən vəzifəni vaxtından əvvəl icra edib. O, buna görə həm mükafat alıb, həm də vəzifəsi yüksəlib.

Aleksandr Şokin 1909-cu ildə Moskvada anadan olub. Əvvəlcə Moskvada sığorta texnikumunda təhsil alıb, daha sonra Dzerjinski adına Ali Hərbi Dəniz Mühəndisləri Məktəbinə qəbul olunub. Amma səhhətində problemlər yarandığından o, hərbi təhsil ocağında təhsilini başa vura bilməyib.

Bir müddət zavodda cilingər işlədikdən sonra Şokin Bauman adına Moskva Dövlət Texniki Universitetinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib.

1961-ci ilə qədər gəmiqayırma zavodlarında, Müdafiə Sənayesi Komissarlığında, Radiotexnika Sənayesi Nazirliyində yüksək vəzifələr tutan Şokin həmin il SSRİ Elektron Texnikalar üzrə Dövlət Komitəsinə sədr təyin edilib. Öz xatirələrində qeyd etdiyi kimi, nazir statuslu bu vəzifədə işlədiyi illər onun fəaliyyətinin ən çətin dövrü olub. Belə ki, elektron sənayesini Xruşova anlatmaq Şokin üçün ən müşkül məsələ sayılıb. Əsas "islahat"larını kənd təssərrüfatı sahəsinə yönəldən Xruşovun qarşısında Şokin elektron sənayesi ilə bağlı təkliflər irəli sürəndə sovet lideri "bu məsələ hələ aktual deyil" deyə layihələrin icrasını təxirə salıb. Amma Şokin Xruşova da rəhbərlik etdiyi sahənin vacibliyini anlada bilib. Xüsusilə kosmonavtika sahəsində Şokinin vacib simaya çevrilməsi Xruşovun onun haqqında fikirlərini dəyişib.

Bir neçə illik narahatlıqdan sonra, nəhayət, Brejenvin hakimiyyətə gəlişi ilə Şokin öz fəaliyyətini "səliqə"yə sala bilib. 1965-ci ildə o, Brejnevlə görüşərək elektron sənayenin perspektivləri, bu sahənin inkişafı ilə bağlı geniş bir layihə təqdim edib. Müzakirələr zamanı Elektron Sənayesi Nazirliyinin yaradılması reallaşıb və SSRİ-də bu nazirliyin ilk rəhbəri və qurucusu Şokin olub.

Yeni yaradılmış nazirliyin tabeliyində 324 müəssisə, elmi-tədqiqat institutları, zavodlar, təcrübə mərkəzləri fəaliyyət göstərib. Bu müəssisələrin məhsulları dünya sərgilərində nümayiş etdirilib, o cümlədən dünya bazarına çıxarılaraq SSRİ-nin büdcəsinə kifayət qədər böyük vəsaitlər gətirib.

Brejnevin müvafiq sahə ilə bağlı anlayışı az olsa da, o, yalnız rəqəmlərdən, xarici mətbuatda sovet elektron sənayesinin uğurları ilə bağlı məqalələrdən, bu sahənin gətirdiyi gəlirlərdən anlayıb ki, Şokin yerində olan nazirdir və bir-birinin ardınca ona dövlət mükafatlarının verilməsində baş katib səxavətini əsirgəməyib.

1973-cü ildə isə Şokin Brejnevi öz hədiyyəsi ilə şoka salıb. Brejnev bu hədiyyəni qəbul edərkən uşaq sevincini gizlətməyib. Belə ki, 1973-cü ilin dekabrın 19-da, Brejnevin ad günündə Şokin baş katibə sovet istehsalı olan ilk elektron saatı hədiyyə edib. Brejnev Zareçyedəki bağ evində ailə üzvlərini başına yığaraq bu maraqlı "əşya" haqqında onlara böyük həvəslə məlumat verib.

İki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, yeddi dəfə "Lenin" ordeninə, iki dəfə Stalin və bir dəfə Lenin mükafatına, çoxsaylı medallara layiq görülən Şokin iyirmi il nazir kürsüsündə əyləşib. Siyasi elitada onun adı həmişə hörmətlə çəkilib. Şokin böyük səbr sahibi olmağı ilə fərqlənib. SSRİ Nazirlər Sovetini sədri Aleksey Kosıgin Şokini "elektron adam" adlandırıb, onun dəqiqliyini, məhsuldarlığını, məsuliyyətini yüksək qiymətləndirib.

1985-ci ildə səhhətinə görə nazir vəzifəsindən könüllü gedən Aleksandr Şokin ömrünün son illərində elektron sənayesi ilə bağlı bir neçə kitab yazıb. O, 1988-ci ildə, 78 yaşında vəfat edib. Sabiq nazir Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

Musavat.com