"Azərbaycan tarixində 1920-ci ilin aprel işğalından sonra Sovet Rusiyasına qarşı bir sıra üsyanlar olub".
Bunu "Şərq"ə açıqlamasında araşdırmaçı-yazar, tədqiqatçı Ceyhun Nəbi bu il 103-cü ilinə qədəm qoyan Gəncə üsyanından danışarkən deyib.
O vurğulayıb ki, bunların başında 1920-ci il mayın 21-də Tərtər üsyanı dayanır: "İşğaldan öncə Azərbaycan Cümhuriyyətinin ordu hissələri Qarabağ istiqamətində yerləşdirilmişdi. Həmin ərazidə mövcud olan Cümhuriyyət əsgərlərinin texnikasını bolşeviklərin ələ keçirməsi qıcıq yaratmağa başladı. Bu səbəbdən də Tərtərdə ilkin qarşıdurmalar yarandı. Bundan sonra üsyan Azərbaycanın digər ərazilərinə sirayət etdi. Bunların içərisində ən böyüyü isə Gəncə üsyanı hesab edilir. Düzdür, bu hadisənin başlaması tarixi ilə bağlı bir sıra versiyalar mövcuddur. Lakin əsas tarix mayın 24-dən 25-nə keçən gecə kimi götürülür".
C.Nəbinin sözlərinə görə, Sovet Rusiyasına qarşı ən ağır çəkili etirazlar Gəncədə baş tutub:
"Bu üsyan nəticəsində Gəncə şəhərinin 12 minə yaxın əhalisi bolşeviklər tərəfindən qətlə yetirilib. Onların arasında qadınlar və uşaqlar da olub. Hətta Həsən bəy Ağayevin Fransanın Tbilisidəki Ali Komissarı De Martelə təqdim etdiyi sənəddə 1500-ə yaxın müsəlman qadına bolşeviklər tərəfindən təcavüz edilməsi faktı ortaya qoyulub. Sovet tarixində bu qətliamın bəylərə və xanlara qarşı olduğu bildirilir. Ancaq biz sənədlərə baxdıqda, körpə və qadınlara qarşı olan qətliamı bəy-xan qiyamının yatırılması kimi dəyərləndirə bilmərik. Çünki hadisə zamanı minlərlə günahsız insanlar öldürülüb. Bununla yanaşı, Samuxlu Qaçaq Məmmədqasımın xatirələrində də Gəncə üsyanından bəhs olunur. Həmçinin hadisə zamanı şəhərin ərazisindən keçən çayların daşdığı və bolşevik əsgərlərindən qaçan qadınların namuslarını qorumaq üçün özlərini ora atdığı da bildirilir. Ümumiyyətlə, Gəncə üsyanı Sovet Rusiyasına qarşı olan Azərbaycanın azadlıq arzularının bir nümunəsidir".
Qeyd edək ki, sovet işğalına qarşı 1920-ci il mayın 26-dan iyunun 6-dək Gəncədə xalq üsyanı baş verib. Üsyanın əsas məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq olub. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş tarixi hadisə hesab olunur.