Atatürklə rəqs edən məşhur azərbaycanlı xanım...

Sürəyya Ağaoğlunun Şuşada dünyaya gəlməsi onun bu şəhərdə abidəsinin olmasına haqq qazandırır

  Türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi təklif edilib. Bu təkliflə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edib. O təklif edib ki, S.Ağaoğlunun Şuşa şəhərində abidə və memorial kompleksi ucaldılsın. A.Bağırov bundan öncə başqa təkliflə də çıxış etmişdi. Qardaş ölkədə səfərdə olarkən A.Bağırov bildirmişdi ki, Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun yubileyini Şuşa şəhərində qeyd etmək istəyirlər: "Bildiyiniz kimi, Əhməd bəy Ağaoğlu Azərbaycanın böyük şəxsiyyətidir. Bu il onun qızı Sürəyya Ağaoğlunun 120 yaşı tamam olur. Sürəyya Ağaoğlu Şuşa şəhərində doğulub. Biz çox istərdik ki, onun yubileyini Şuşada qeyd edək. Sürəyya Ağaoğlu türk dünyasının ilk hüquqşünas və ilk vəkil qadın vəkilidir".

  Təbii ki, hər bir Azərbaycan türkünün qəlbində Şuşanın yeri xüsusidir. Şuşamız da doğma sakinlərini qəbul edir artıq. Və əlbəttə ki, Şuşaya qayıtmaq hər bir sakinin haqqı, o cümlədən fəxri sakinlərinin də təməl haqqıdır. O şəxslər ki, adları Şuşa ilə bir çəkilib və çəkilməkdədir. Bu şəxslər arasında türk dünyasının nəhəng fikir adamı, ictimai-siyasi xadim, publisist, yazıçı, pedaqoq, hüquq professoru... bir sözlə, görkəmli şəxsiyyət Əhməd bəy Ağaoğlu da var, onun qızı – türk dünyasının ilk qadın hüquqşünası və vəkili olmuş Sürəyya xanım Ağaoğlu da. Şuşa doğumlu ata və övladının – atanın bir zamanlar məcburiyyət qarşısında qalaraq tərk etdiyi, qızınınsa uzun illərdən sonra Vətənə gəlsə də, getməsinə izn verilməyən Şuşaya qayıtması tarixi həqiqətin təntənəsi olardı.     
         
 
 Qısaca xatırladaq ki, Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olub. Məlum tarixi şəraitdə Türkiyəyə mühacirət edən Ə.Ağaoğlunun sonra ailəsi də Azərbaycanı tərk edib. Sürəyya xanımın gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Atatürkün yaxın dostları arasında keçib. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşüb. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olub. 1950-ci ildə Alman hüquqşünas Verner Tasçhenbreker ilə ailə qurub. Lakin bu izdivacdan onların övladı olmayıb. Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlini qoyub. İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürəyya Ağaoğlu 1920-ci ildə həmin liseyi bitirib. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universitetinin rektoru Haldun Taner ona kömək edə bilməyincə, o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlib. Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürəyya Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. Sürəyyə xanım Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər bu təklifi qəhqəhələrlə qarşılayıblar. Lakin Sürəyyə xanımın təkidi və özü kimi 2 nəfər vəkil olmaq üçün müraciət edən xanımları (Melda və Bedia) təqdim etdikdə onlar ayrıca fakültə açmaq məcburiyyətində qalıblar. Amma günortaya qədər kişi tələbələrə, günortadan sonra isə qadın tələbələrə dərs keçilib. Hüquq məzmunlu məqalələrlə tez-tez çıxış edən Sürəyya xanım "Londonda gördüklərim" və "Bir ömür də belə keçdi" kitablarının müəllifidir. Sürəyya xanım Şuşadakı baba ocağının fotosunu da paylaşıb və belə qeyd edib: “Karabağda babamın büyüdüyü ev. Şimdi okul”.    


  S.Ağaoğlu 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat edib. 2003-cü ildə Sürəyya Ağaoğlunun 100 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkələri buraxılıb. 
  Qeyd edək ki, Sürəyya xanım 1982-ci ildə Bakıda olub. O, bu tarixi səfər haqqında xatirələrində belə yazıb: "Bizi "Azərbaycan" adlı hotelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər. Neft sahələrini, xüsusən də dənizdəki neft ərazilərini gəzdirdilər. Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmirəm. Sanki küçələri, parkları tanıyırdım. Anamdan və atamdan o qədər çox dinləmişdim ki... Keçmiş milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox eşitmişdim. Bizə keçmiş karvansara olan binada azəri yeməkləri verilərkən birdən içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə "Sürəyya abla!" deyə boynuma sarıldılar. Hamımız ağlamağa başladıq... Qarabağa getmək istədim, bakılılar "növbəti dəfə" dedilər"... 
  Bu “növbəti dəfə” indi reallaşacaqmı? Çünki Sürəyya Ağaoğlu cismən Şuşaya qayıtmasa da, atasının və özünün xatirəsinin əbədiləşdirilməsi ilə ruhən Şuşada yaşamağa başlayacaq. 

  Səsləndirilən təkliflə bağlı sherg.az şuşalı həmkarımız, tanınmış jurnalist, şair və publisist Kərim Kərimlinin rəyini öyrənib
:  
– Yaxşı təklifdir, təqdirə, alqışa layiq bir təşəbbüsdür. Buna görə Anar müəllimə təşəkkür edirəm. Sürəyya Ağaoğlu Şuşa şəhərində doğulmuş dünyaca məşhur şəxslərdən biridir. O, qeyd edildiyi kimi, türk dünyasının ilk qadın vəkili olmaqla yanaşı tarixdə yorulmadan, usanmadan çalışan, inadla mübarizə aparan ictimai və siyasi xadim kimi iz qoyub. Bir neçə dəfə Atatürklə şəxsən görüşüb, hətta onunla bir məclisdə rəqs edib. Sürəyya xanım Azərbaycanda cəmi 7 il yaşasa da, həyatının əsas hədəfləri, mübarizəsinin bəşəriliyi, fəaliyyətinin humanist və insanpərvər xarakteri, ideya və amal prinsiplərinin haqqa və ədalətə söykənməsi, şəxsiyyətinin böyüklüyü və məhz Şuşada dünyaya gəlməsi onun Şuşa şəhərində abidəsinin olmasına haqq qazandırır və cənab Bağırovun təklifinin həyata keçməsi üçün münbit, müsbət şərait yaradır, bir növ stimul verir. Ancaq burada bir incə “əmma” var. “Əmma” ondan ibarətdir ki, Sürəyya Ağaoğlu bütün türk dünyasının tanıyıb sevdiyi, bütün türk dünyasının cahanşümul şəxsiyyəti, XX əsrin əvvəllərində təkcə Azərbaycanın deyil, həm də Türkiyənin xilaskarlarından və qurucularından biri olan Əhməd bəy Ağaoğlunun qızıdır. İndi mən burada əvvəla Əhməd bəyin kimliyi barədə ətraflı danışıb vaxt almaq istəmirəm. 

Azərbaycanda öz tariximizdən azacıq xəbəri olanlar Əhməd bəy Ağaoğlunun kimliyini yaxşı bilir, ikincisi də ata ilə qızının şəxsiyyətini və bu şəxsiyyətlərin miqyaslarını müqayisə etmək istəməzdim. Çünki bu da görünən kəndə bələdçilik kimi çıxa bilər. Yeganə onu qeyd etmək olar ki, Əhməd bəyin həm ata tərəfdən, həm də ana tərəfdən, həmçinin həyat yoldaşının ailəsi tərəfdən Şuşada böyük evləri, mülkləri olub. Yeri gəlmişkən, onu da əlavə edim ki, Ağaoğlu nəslinin, ailəsinin üzvlərinin əksəriyyəti belə tanınmış şəxslərdir. Odur ki, zənnimcə, ya Şuşada abidə və memorial kompleks məsələsi barədə düşünərkən əvvəlcə ata Ağaoğlu barədə düşünmək daha yaxşı, düzgün, məntiqi olardı, sonra övlad Ağaoğlu haqqında, ya da ümumiyyətlə, Ağaoğluların ümumi abidə kompleksi haqqında düşünmək lazımdır. Yəni üzr istəyirəm, kobud çıxmasın, Əhməd bəyin üstündən keçib, birinci Sürəyya xanımdan yapışmaq, məncə, ədalətsiz və məntiqsiz olardı. Ya hər ikisi, yaxud hamısı, ya da Əhməd bəy Ağaoğlu!