İstiqlalın gizlin qəhrəmanı  - Akif Aşırlı yazır

"Azərbaycan Türk ocağı"nın qurulmasında Kərbəlayi Vəli Mikayılzadənin iştirakı

  1918-ci il sentyabrın 15-də Bakı erməni-bolşevik birləşmələrindən azad olunduqdan iki gün sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdü. Azərbaycan Milli hökuməti Gəncədə başlamış olduğu milliləşmə və dövlət quruculuğunu davam etdirdi.
 Əsas qayəsi "Osmanlı türkləri ilə Azərbaycan türklərini bir-birinə tanıtmaq" olan, yenicə müstəqilliyini qan bahasına əldə edən xalqın milli yüksəlişinə, elm və təhsil sahəsində inkişafına kömək edəcək təşkilatlara, maarifçi qurumlara, elm-təhsil müəssisələrinə böyük ehtiyac vardı.  Məhz bu məqsədlə azadlıq və demokratiya şəraitində Azərbaycan gənclərinin milli ruhda tərbiyə almasına, elm sahəsində tərəqqisinə yardım edəcək bir təşkilat olaraq "Türk Ocağı"nın Bakı qolu yaradıldı. Kökünü 1912-ci ilin martın 25-də İstanbulda qurulan "Türk Ocağı"ndan alan Azərbaycan Türk Ocağı Azərbaycan ziyalılarının məfkurə, fikir mərkəzinə çevrildi.
  1918-ci il sentyabrın 24-də Əhməd Cavad Axundzadə, Abdulla Şaiq Talıbzadə, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Tağı Nağızadə Bakı şəhər komendantına rəsmi müraciət edərək Azərbaycan Türk Ocağının qeydiyyata alınmasına icazə istədilər. Kərbəlayi Vəli Mikayılzadənin bu milli məfkurə ocağının açılmasında ziyalılarla bir arada olması onun türkçü məfkurəsindən, türk xalqlarının birliyi və vəhdəti arzularından doğurdu. 1905-ci ildən başlayaraq fəaliyyəti, ələlxüsus, 1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirakı K.V.Mikayılzadənin millətçi obrazını açıq formada ortaya qoyur.
  K.V.Mikayılzadənin də təsisçisi olduğu Azərbaycan Türk Ocağının rəsmi dövlət qeydiyyatına alınmasına Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud ağa Cavanşir razılıq verir və ziyalıların müraciətinin üstünə belə bir dərkənar qoyur: "Türk Ocağı"nın proqramı dairəsində təşkilatın açılmasına məhdudiyyət yoxdur".
  1918-ci il oktyabrın 7-də Bakı vitse-qubernatorunun möhürü ilə təsdiqlənən Azərbaycan Türk Ocağı şəhadətnaməsi 735 saylı vəsiqə ilə təsdiqlənir. Turançı şair Abdulla Şaiq sənədin surətində şəhadətnaməni aldığını və Azərbaycan Türk Ocağı cəmiyyətinin nizamnaməsinin iki nüsxəsini Daxili İşlər Nazirliyinə təqdim edəcəyini qeyd edir.
  Azərbaycan Türk Ocağının tam şəkildə fəaliyyətə başlaması 1918-ci il noyabrın əvvələrinə təsadüf edir. Bu barədə "Azərbaycan" qəzeti 14 noyabr 1918-ci il tarixli sayında Əhməd Cavad "Türk Ocağı" məqaləsində məlumat verərək yazır: "Çoxdan bəri dörd gözlə bəklədiyimiz Azərbaycan Türk Ocağı nəhayət, işləməyə başladı. Bu günlərdə "Ocağ"ın maliyyə işləri və idarə quruluşları ilə məşğul olan arkadaşlar vardır". Ə.Cavadın təşkilatın qurulması, maliyyə işlərinin qaydaya salınmasında arkadaş dediyi insanlar arasında təbii ki, Kərbəlayi Vəli Mikayılzadə də vardı.
  K.V.Mikayılzadənin də fəaliyyətinə qatılıb stimul verdiyi Azərbaycan Türk Ocağının ilk konfransında İstanbuldan Bakıya qayıdan Müsavat Partiyası başqanı, Milli Şura sədri M.Ə.Rəsulzadə çıxış edir.
  Mudros sazişinə əsasən türk ordu hissələri Cənubi Qafqazı tərk edəndən sonra müttəfiq qoşunlar komandanı olaraq Tomsonun Bakıya daxil olması yeni siyasi şərait yaradır. 1918-ci ilin dekabrında Azərbaycan Türk Ocağını icarəyə götürdüyü indiki Azərbaycan Konstitusiya Məhkəməsinin binasından qanunsuz çıxarırlar. Cəmiyyətin təsisçiləri Tomsona müraciət edərək bu ədalətçizliyin aradan qaldırılmasını xahiş edirlər.
  Qərargahı əllərindən alınsa da K.V.Mikayılzadənin də bünövrəsini qoyduğu Azərbaycan Türk Ocağı fəaliyyətini müəyyən fasilələrlə 1920-ci ilin Aprel çevrilişinədək davam etdirir.



1920-ci ilin aprelin 27-də Azərbaycan Cümhuriyyəti sovet Rusiyasının işğalından sonra Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin tövsiyəsi ilə partiya gizli fəaliyyətə keçdi. 27 aprel günü Mirzə Bala Məhəmmədzadə M.Ə.Rəsulzadə ilə gizli görüşdü və gələcək planlar müzakirə edildi. M.Ə.Rəsulzadə bolşeviklərin, hakimiyyəti qanunsuz zəbt edən XI Qızıl Ordunun hərbi-siyasi rəhbərliyinin tezliklə milli qüvvələrə, cümhuriyyət qurucularının fəaliyyətinə əngəl törədəcəyini, təzyiq-təhdidləri işə salacağını, Qırmızı terror törədəcəklərini gözəl anlayırdı. Bu çətin dönəmdə M.Ə.Rəsulzadənin tövsiyəsi ilə Mirzə Bala Məhəmmədzadə Cəfər Cabbarlının şəhər kənarındakı evinin bağçasında gizli toplantı keçirərək partiyanın rəhbərliyini üzərinə götürür. "Müsavat"ın əski qvardiyasında təmsil olunan Kərbəlayi Vəli Mikayılzadə də partiyanın gizli fəaliyyətinə qatılır. 
  Bolşeviklər hakimiyyətin ilk aylarında "Müsavat"a qarşı geniş ölçüdə həbslər dalğasına keçməsə də, milli fəalların sovet Rusiyasının Azərbaycan dövlətini işğal altına almalarını qətiyyətlə rədd etmələri, müqavimət mərkəzlərinin təşkili onlara kütləvi təqib, təzyiqlərə başlamağa əsaslar verir. 
  İşğaldan az sonra bir müddət bolşeviklər "Müsavat"ın açıq fəaliyyətinə qismən imkanlar yaratdı. Tarix  üzrə fəlsəfə doktoru, professor Nəsiman Yaqublunun rəyinə görə, bu halı iki səbəblə izah etmək olardı: "Birincisi odur ki, bolşeviklər "Müsavat"ın güclü nüfuzundan ehtiyatlanır, daxildəki gərginliyin artmasını istəmir, onları bu platformaya çəkib milli mübarizə səhnəsindən uzaqlaşdırır. İkincisi, bolşeviklər "Müsavat" və onun üzvləri, yerlərdəki əlaqələndiriciləri haqqında özünə lazım olan məlumatı toplamaq üçün vaxt qazanır" (N.Yaqublu "Müsavat" Partiyasının tarixi". Adiloğlu. Bakı-2012. səh.114-115). 
  Gərgin siyasi mübarizələr məktəbini şərəflə keçən "Müsavat"çıların ilk siyahısında bolşeviklər 30 nəfərin adını siyahılaşdırır: "Kərbəlayi Vəli Mikayıl oğlu Mikayılzadə, Rəhim ağa Alı oğlu Vəkilov, Qurban İsabala oğlu Qurbanov, Əsədulla Hacı Ağamirzə oğlu Məmmədov və b. (N.Yaqublu. göst. əsəri səh. 116)
  1922-ci ilin avqustunda Mirzə Bala Məhəmmədzadənin təklifi ilə sol müsavatçılar bir araya gələrək partiyanın mərkəzi komitəsinin siyasi komissiyasını yaradırlar. Seyid Hüseynin, Əlövsət Nəcəfovun üzv olduğu bu komissiyada Kərbəlayi Vəli Mikayılzadə də təmsil olunur. Qısa müddət ərzində komissiya partiyanın gələcək siyasi-ideoloji mübarizə xəttini müəyyənləşdirir. Proqramda azadlıq və müstəqillik, millət və milliyyətçilik, islam beynəlmiləlçiliyi, türkizm və turanizm, xalqçılıq və respublikaçılıq əsas nəzəri prinsiplər olaraq götürülürdü. 
  "Müsavat"ın gücünü azaltmaq, sosial dayaqlarına ciddi zərbə vurmaq, nüfuzdan salmaq üçün bütün vasitələrdən istifadə etməyinə baxmayaraq, partiya rəhbərliyinin səyi nəticəsində bolşeviklər istədikləri nəticəni əldə edə bilmir.  
  1923-cü ilə qədər Mirzə Bala Məhəmmədzadə gizli "Müsavat"ın siyasi, hərbi və təbliğatı işlərini həyata  keçirir, Bakıda və əksər bölgələrdə partiyanın özəklərini yaradır, əsasən ideoloji təbliğat işinin aparılmasına üstünlük verir. M.B.Məhəmmədzadənin planlı, effektiv işləri, partiyanı parçalanmaqdan qoruma bacarığı, bolşevik təbliğatının əsassızlığını açıq formada bəyan etməsi bolşevikləri rahatsız edir. Gizli "Müsavat"ın gizli başqanı M.B.Məhəmmədzadə Bakını tərk edərək İrana keçir və işlərini orda davam etdirir.   M.B.Məhəmmədzadənin İrana mühacirəti ilə "Müsavat"ın yeni idarə heyəti formalaşır. Bu dəfə gizli "Müsavat"a əski partiyaçı, Cümhuriyyət Parlamentinin üzvü Rəhim bəy Vəkilov sədr seçilir. Yeni idarə heyəti üzvləri arasında Kərbəlayi Vəli Mikayılzadə də partiyanın gizli fəaliyyətini  yönləndirənlərdən biri olur. R.Vəkilovun partiyanın sədrliyi dövründə idarə heyəti üzvləri Nəriman bəy Nərimanov, Seyid Hüseyn, Bədəl bəy Bədəlbəyov, Kərbəlayi Vəli Mikayılzadə və Əli Əsgər idi. 
  Kərbəlayi Vəli Mikayılzadənin gizli çalışmaları bir neçə istiqamətdə effektiv nəticələr yaradır. Gizli "Müsavat"ın gizli maliyyələşməsinə öz dəstəyini göstərən K.V.Mikayılzadə təbliğat-təşviqat işinin qurulması işinə də qatılır. Türkiyə ilə əlaqələrə üstünlük verildiyindən Kərbəlayi Vəli Bakıda, əyalətlərdə yaşayan, çalışan Türkiyə təbəəsi vətəndaşlarla əlaqələr yaradır. Mustafa Kamal Paşanın başladığı Milli Azadlıq Hərəkatına xüsusi simpatiya bəsləyir, partiyanın tapşırığı ilə Ankara hökumətinin Bakı təmsilçisi Məmduh Şövkət bəylə sıx təmaslar yaradır, Azərbaycanın müstəqilliyinə Türkiyənin yeni baxış sərgiləməsinə çalışır. 
  Məmduh Şövkət bəyin 27 aprel çevrilişindən sonra hakimiyyətdən zorla devrilən cümhuriyyət liderləri və "Müsavat"çılarla əlaqələr yaratması, gizli görüşlərə qatılması Azərbaycan CEKA-sının məlumatları sırasındadır. Bolşeviklərin təqib, terror siyasəti sərtləşdikcə M.Şövkət bəy milli qüvvələrlə əlaqələri intensivləşdirir, səfirliyin binasında və etibar etdiyi şəxslərin evlərində görüşlər keçirir. Belə görüşlərdən biri də "KQB"nin aşkarladığı kommunist Abdultağı Məhəmmədzadənin evində keçirilən toplantıdır. A.Məhəmmədzadənin evində M.Şövkət bəyin şərəfinə verilən ziyafətdə keçmiş "Hümmət"çilər, bolşevik və müsavatçılar iştirak edir ki, bu qonaqlardan biri də Kərbəlayi Vəli Mikayılzadə olur. Keçmiş "Hümmət"çi Vəzirli və Tağı Şahbazi, müsavatçılar Məhəmmədəli Vəkilov, Kazım Fateh və K.V.Mikayılzadə M.Şövkət bəyə Türkiyənin Azərbaycana baxışı barədə sual ünvanlayırlar. Hətta müzakirələr o qədər qızğın keçir ki, kommunist Abdultağı Məhəmmədzadə Qızıl Ordunun Azərbaycanın müstəqilliyinə, milli dəyərlərinə ciddi zərbə vurulduğunu söyləyir və Qızıl İmperiyanın bölgədən çəkilməsi və devrilməsinin vacibliyini önə çəkir. Bolşeviklər platformasını qəbul edən keçmiş "Hümmət"çilər hələ öz sosial dayaqlarını itirməyən, mövcudluğunu qoruyub saxlayan Müsavat Partiyasının Türkiyəyə qarşı yanlış siyasət yeritdiyini, türkçülük məfkurəsini, ideyasını Böyük Britaniyaya qurban verdiklərini iddia edirlər. Bu gərgin görüşdə Kərbəlayi Vəli Mikayılzadə "Müsavat"a yönəlik iddiaları siyasi arqument və faktlarla qətiyyətlə rədd edir.  Azərbaycanın müstəqilliyi məsələsində bolşeviklərlə müsavatçıların gərgin fikir ayrılıqlarına diqqət yönəldən M.Şövkət bəy çıxılmaz vəziyyətdə olduğunu, mübahisələri dayandırmağı məclis iştirakçılarından rica edir və deyir: "Atatürk Türkiyəsi Azərbaycanın müstəqil olmasında maraqlıdır". 
  Siyasi etiket və protokolların, diplomatik əlaqələrin ziddinə fəaliyyət göstərdiyi əsas gətirilərək M.Şövkət bəy Ankaraya çağrılır, İrana səfir göndərilir. Amma arxiv sənədləri, çap olunan kəşfiyyat məlumatlarında M.Şövkət bəyin daim Azərbaycanın milli qüvvələri ilə əlaqələrini  davam etdirdiyi bəlli olur. Nəhayət, M.Şövkət  bəy 1925-ci ildə İrandan Bakıya gəlir və birdəfəlik İstanbula dönür. 
  1923-cü ilin avqustun 14-də Müsavat Partiyasını bəy və xanların, zadəganların siyasi təşkilatı olduğunu vurğulayan "Bakinskiy raboçiy" qəzeti "Müsavat buraxıldı" sərlövhəli məqalə çap edir. Tamamilə iftira, böhtan üzərində qurulan bəyanatda göstərilirdi ki, Sovet hakimiyyəti zəhmətkeşlərin hakimiyyətidir: "Biz Sovet hakimiyyətinə qarşı mübarizəyə çağırışları pisləyirik. Sovet hakimiyyətinə qarşı mübarizə aparanlar türk xalqlarının düşmənidir". Bu müraciəti "Müsavat" ın 11 nəfər Mərkəzi Komitə üzvü, o cümlədən Əbdülavahab Məmmədzadə, Sadıq Quluzadə və Kərbəlayi Vəli Mikayılzadə də imzalayır. Müsavat Partiyasının tədqiqatçısı professor Nəsiman Yaqublu bu müraciətin saxta olduğunu əsaslandıraraq yazır: "... Bu sənədin doğruluğuna inanmaq olarmı? Şübhəsiz ki, yox! Bu adamların əksəriyyətinin sonrakı milli mücadilədəki fəaliyyəti və aşkarlanan faktlar bəyannamələrin saxta olduğunu sübut etdi". 
  Azərbaycan Cümhuriyyətinin süqutundan sonra "Müsavat"çılar orta və ali məktəblərdə, hərbi hissələrdə, kitabxanalarda antibolşevik təbliğatı aparır, itirilmiş müstəqilliyin bərpasına çalışırdı. Əqidədaşları ilə bir cərgədə müstəqilliyin yenidən bərpasına can atan Kərbəlayi Vəli Mikayılzadə Mirzə Bala Məhəmmədzadənin təşkil etdiyi təbliğat qrupunda fəallığını davam etdirir. 
  Azərbaycan Fövqəladə Komissiyasının və XI Qızıl Ordunun xüsusi şöbəsinin hərbçiləri, kəşfiyyat qrupu "Müsavat"ın Bakıda lideri Mirzə Bala Məhəmmədzadənin axtarışına başlayır. 1923-cü ilin oktyabrın 5-dən 6-na keçən gecə M.B.Məhəmmədzadənin müvəqqəti yaşadığı Hacı Baba Cəbiyevin Çadrovı küçəsi 62 ünvanındakı mənzili mühasirəyə alınır. Azərbaycan ÇEKA-sının kəşfiyyatçıları M.B.Məhəmmədzadəni bu ünvanda həbs edə bilməsələr də, Azərbaycan milli mətbuatının "Nina"sı adlandırılacaq "İstiqlal" qəzetinin mətbəəsini aşkarlayır. "Müsavat"çıların gizli mətbəəsinin aşkarlanması vətənpərvər, istiqlalçı, hürriyyətsevər mücahidlərin kütləvi həbsinə gətirib çıxarır. Məhkumların böyük əksəriyyəti həbs olunmalarının səbəbini bilmirdilər. Tək bilinən isə o idi ki, müsavatçıların gizli nəşr etdiyi və "İstiqlal" qəzetinin 19 sayı işıq üzü görən mətbəə aşkarlanıb. Həbs olunan 20 nəfər mücahidin sırasında Kərbəlayi Vəli Mikayılzadə də var. Əbdülvahab Məmmədzadə, Cəfər Cabbarlı, Rəhim bəy Vəkilovla yanaşı Kərbəlayi Vəli Mikayılzadə gizli mətbəənin işinin qurulmasında, antisovet təbliğatda ittiham olunur. "Müsavat"çıların "İstiqlal" mətbəəsinin aşkarlanması, "Az ÇEKA"nın apardığı istintaq sənədləri barədə geniş araşdırma aparan professor Asif Rüstəmli yazır: "Bu adları çəkilən və ÇEKA zindanlarına atılanlar dövrünün tanınmış ziyalıları, ədibləri, mətbuat nümayəndələri, qəzetin işıq üzü görməsində maliyyə dəstəyini əsirgəməyən ticarət işçiləri, vətənpərvər gənc qüvvələri idi". 
  Azərbaycan Fövqəladə Komissiyasının kəşfiyyat məlumatlarına görə, "İstiqlal" qəzetinin 1920-ci ilin mayından 1923-cü ilin 5 yanvar tarixinədək 18 sayı işıq üzü görüb, hər nömrənin tirajı olduqca az, 30, bəzən isə 50 nüsxə  olub. 
  Professor Asif Rüstəmlinin "Milli Mətbuatımızın "Nina"sı" araşdırma-məqaləsində "İstiqlal" qəzetinin müəllif heyəti barədə ətraflı məlumatlar, faktlar sadalayır. Müəllifin fikrincə, qəzetdə baş məqalələrin və bəyannamələrin yazılmasında M.B.Məhəmmədzadənin, Əbdül Vahab Yurdsevərin, Cəfər Cabbarlının xidmətləri danılmazdır və faktlarla təsdiq olunur. Rəhim bəy Vəkilov, Qurban Musazadə, Nəsrulla İsrafilov, Əbdül Rəhman Dainlə yanaşı Kərbəlayi Vəli  Mikayılzadənin də "İstiqlal"da məqalələr çap etdirdiyi araşdırmalarla sübut olunur. 
  Qeyri-leqal nəşr olunan "İstiqlal"ın mövzu dairəsini araşdıran A.Rüstəmli yazır: ""Bakinskiy raboçiy" qəzetinin sabiq əməkdaşı Əli Abbas Əliyevin dindirmə protokolunda ifadəsinə əsasən, "İstiqlal" qəzetinin ilk sayının əsas mövzusu Müsavat Partiyasının yenidən bərpası və hakimiyyətə gəlmək uğrunda mübarizə proqramına həsr olunmuşdur. Qəzetin ikinci nömrəsində mart faciəsindən, nəhayət, növbəti saylarında aprel çevrilişində, 28 may istiqlalından, Bakının qurtuluşundan, beynəlxalq vəziyyətdən, Əlimərdan bəy Topçubaşovun Parisdə fəaliyyətindən, Mirzə Balanın Avropada vəziyyət haqqında məruzəsindən, Zaqafqaziya Federasiyasından, SSR-nin yaradılmasından, Dağlıq Qarabağa muxtariyyət verilməsindən və tarixi hadisələrdən bəhs edən materillar, məqalələr, müraciətlər, bəyanatlar çap olunub" ("Azərbaycan mətbuat tarixi antologiyası". Bakı. "Elm və Təhsil" nəşriyyatından, səh-310-314).
  Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının məxfi şöbəsinin müstəntiqi, Daad Mamedin 1924-cü il fevralın 9-da hazırladığı yekun qərarda 19 nəfər istiqlalçının "cinayəti" müxtəlif dərəcələr üzrə təsnifatlaşdırılır. Dövlət siyasi idarəsi kollegiyasının yanında xüsusi şuranın 25 aprel 1924-cü il tarixli qərarı ilə əksər istiqlal mücahidi 2-3 il müddətinə Ağ dənizdəki Solovki həbs düşərgəsinə, "buzlu cəhənnəm"ə sürgün edilir. Həbs olunan, sürgün edilənlərdən biri də Kərbəlayi Vəli Mikayılzadə idi. Müsavatçı gənclərin, ziyalıların, jurnalist və mətbəə işçilərinin həbsini qətiyyətlə pisləyən İstanbulda nəşr olunan "Yeni Qafqaziyyə" dərgisi "ÇEKA"nın aşkarladığı "İstiqlal" qəzeti və mətbəəsi barədə yazırdı: "Kommunistlərin əlinə keçən bu sonuncu nömrədə Müsavat və heyəti-mərkəziyyəsi yazdığı bir məqalədə bolşeviklərin hərəkətini protesto edərək bir rus əsgəri Azərbaycanda qalıncaya qədər mübarizədən əl çəkməyəcəyini elan edirdi". 
  Kərbəlayi Vəli Mikayılzadə və gənc istiqlalçıların həbsinə etiraz edən "Yeni Qafqaziyyə" dərgisi yazırdı: "Kərbəlayi Vəli Mikayılov ixtiyar bir camaat adamıdır. Onun başsız, böyük bir ailəsi qalmışdı. Bu zavallıya edilən zülmlərdən ayaqları şikəst olmuş və bütün vücudu zəifləmişdir. "ÇEKA"da olduğu zaman üzərinə həkim gətirilirdi" ("Yeni Qafqaziyyə" dərgisi, 1924-cü il. 1 fevral №9 (38). 
  İstiqlalçıların kütləvi həbsi, onlara edilən amansız, qəddar davranışlar Türkiyədən İrana və Avropanın müxtəlif yerlərinə mühacirət edən soydaşlarımızda dərin narahatlıqlar yaratdı. Həbs olunanların ailələrinə maddi yardımlar üçün ianələr toplanıldı. "Yeni Qafqaziyyə" dərgisi Rusiya həbsxanalarına, Solovki düşərgəsinə sürgün edilənlərə müavinət edənlərin adını, soyadını, bəzən gizli imzalarla toplanan məbləği hər sayında elan edirdi.
  Bakıda nəşr olunan "Kommunist", "Bakinski raboçi" və digər nəşrlərdən fərqli olaraq İstanbulda çap olunan "Yeni Qafqaziyyə" dərgisi milliyyətçi gənclərin kütləvi həbsindən yazır, qəddar rejimin iç üzünü açırdı. Dərginin 1 noyabr 1924-cü il tarixli sayında "Sürgün edilən milliyyətpərvər" başlıqlı xəbərdə 6-7 ay Bakı həbsxanalarında olmazın işgəncələrə məruz qalan istiqlalçılardan 12 nəfərinin artıq Moskvaya aparıldığını, ordan isə Arxangelsk vilayətinə göndəriləcəyini yazırdı.
  "Yeni Qafqaziyyə"nin 20 oktyabr 1924-cü il sayında "Azərbaycan milliyyətpərvərləri" məqaləsində Kərbəlayi Vəli və əqidədaşlarının taleyinə aydınlıq gətirilirdi: "Türk milliyyətçi Müsavat Partiyasına mənsub bir neçə aydan bəri min türlü işgəncələrə məruz qalan Azərbaycan gənclərinin bir qismi Rusiyanın daxili həbsxanalarına göndərilmişdir. Son dəfə aldığımız məlumata görə, məhbuslar başlıca iki müxtəlif həbsxanalara sövq edilmişlər. Müəllimlərdən Məhəmmədzadə Əbdulvahab ilə Mikayılzadə Vəli bəylər Yaraslova həbsxanasına, yerdə qalanları "Solovki monastrı" deyilən məşhur qalaya göndərilmişlər".
  Milli mücahidlərin istiqlal uğrunda mübarizə və əzmini, sürgün yerlərinə göndərilən zaman göstərdikləri qətiyyəti təsvir edən məqalədə yazılırdı: "Bakı həbsxanalarından sürgün yerlərinə göndərilən zaman Vətən yolundakı qismətini sevə-sevə qarşılayan mücahidlər milli Azərbaycan bayrağını dalğalandırmış, milli nəğmələr oxuya-oxuya "Yaşasın Azərbaycan İstiqlalı" şüarı təhlükəli olsa da söyləyib yollarına davam etmişlərdir. Əməlpərvər gəncliyin bu mərd davranışları ağızdan-ağıza keçərək bütün məmləkətə yayılmışdır".