Bu gün taleyi məlum olmayan əsirlikdə və girovluqda hesab olunan 4 min azərbaycanlıya qarşı eyni vəhşiliklər işlədilib
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu ehtimal olunan növbəti insan qalıqları Qubadlı rayonunun Məlikəhmədli və Zəngilan rayonunun Vejnəli kəndlərində aşkarlanaraq ekshumasiya edilib. Müvafiq orqanlar tərəfindən aidiyyəti tədbirlər görülərək onların şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılacaq.
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qubadlı və Zəngilanda insan qalıqlarının aşkar olunması ilə bağlı şərhində deyib. Ombudsman qeyd edib ki, otuz ilə yaxın müddət ərzində işğal altında qalmış Qubadlı və Zəngilan rayonlarında da məzarlıqların aşkarlanması faktı Ermənistan tərəfindən azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərə qarşı törədilmiş amansız cinayətlərin miqyasının genişliyini göstərir: "Bu kimi hallar Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmasının aşkar sübutlarındandır.
Azad edilmiş ərazilərdə çoxsaylı kütləvi məzarlıqların olması aidiyyəti araşdırmaların aparılmasını və tədbirlərin görülməsini zəruri edir. Ermənistan tərəfi dəfn yerlərinin koordinatlarını təqdim etməsə də, Azərbaycan tərəfi müvafiq araşdırmalarla həmin məzarlıqları üzə çıxararaq itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə çalışır.
Bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq və insan hüquqları sahəsində mövcud tələblərin təmini naminə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı məlumatları təqdim etməsi üçün Ermənistana qəti çağırışlar etməyə dəvət edirik".
Millət vəkili Azər Badamov isə “Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər insanlığa xas deyil və hər dəfə yeni bir məzarlıq aşkar olunanda insanlarda bu topluma qarşı nifrət böyüyür:
"Birinci Qarabağ müharibəsindən bu günə qədər Ermənistanın əsir və girov götürdüyü azərbaycanlıların taleyi məlum deyil. Ermənistandan bu insanların basdırıldığı ərazilər haqqında məlumat dəfələrlə sorğulansa da, təəssüf ki, hələ də bir cavabı olmayıb. İşğaldan azad olunan ərazilərdə tikinti-qazıntı işləri aparılanda, belə ərazilər zaman-zaman üzə çıxır. İndiyədək Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb. Eyni zamanda avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub”.
A.Badamov hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə belə kütləvi məzarlıqlar və insanların atıldığı quyular müşahidə olunmaqda davam edəcəkdir. Çünki bu gün taleyi məlum olmayan əsirlikdə və girovluqda hesab olunan 4 min azərbaycanlıya qarşı eyni vəhşiliklər işlədilib: “Biz bu faktları video və fotosübutlarla əsaslandırılmış şəkildə beynəlxalq təşkilatlara, o cümlədən ermənilərə dayaq olan Fransa başda olmaqla, digər ölkələrin rəsmilərinə göndərməliyik. Laçın yolunu bağlamaqda Azərbaycanı ittiham edənlər Ermənistanın iç üzünü yaxşı görsünlər. Bu dəlillər və faktlar informasiya mübarizəmizdə əsas silahımız olmalıdır. Biz bütün dünyaya erməni vəhşilklərini tanıtmalı və bu millət haqqında real fikir formalaşdırmalıyıq”.