“Bizim kitabın hədəfi gənclərdir”
Professor Qulu Məhərrəmlinin 69 yaşı tamam olur. Əsl ziyalı münasibəti, dəqiq analiz, doğru yanaşma, ədalətli mövqe üçün hər zaman ilk olaraq üz tutduğumuz Qulu müəllim 69 yaşını “Məmməd Əmin Rəsulzadə” kitabının nəşri ilə qarşılayıb. Yəni doğum günü üçün özünə ən dəyərli hədiyyəni özü edib. Lakin nəzərdən qaçmayan bir məqam var. Kitabın adı “Məmməd Əmin Rəsulzadə”dir, “Məhəmməd Əmin...” yox.
Sherg.az bunun səbəbini Qulu müəllimin özündən soruşub:
- Biz bunu çox götür-qoy etdik, ad necə yazılsın. Mərhum professorumuz Şirməmməd Hüseynovun seçilmiş əsərlərində Məhəmməd Əmin yazılıb. Amma bizim kitabın hədəfi gənclərdir, yeniyetmələr, yuxarı sinif şagirdləridir. Bunu nəzərə alaraq belə qərara gəldik ki, Məmməd Əmin Rəsulzadə yazılsın. Türkiyədə nəşr olunan kitablarda, müxtəlif dərgilərdə, M.Ə.Rəsulzadənin özünün məqalələrində imzası Məmməd Əmindir – Mehmet Emin. Düzdür, bu, elmi yanaşma deyil, amma biz təcrübədən çıxış etmişik. Rus dilinə tərcümədə də Maqomed və ya başqa formada yazılmır, “Mamed Emin Rasulzade”, yazılır. Mən də bu variantın, Məmməd Əmin Rəsulzadə yazılmasının tərəfdarıyam.