850 yaşı var, evin divarından çıxdı! Binanın sahibi dərhal tapıldı

Antalyanın turizm şəhərinin ilk və ən qədim məhəlləsi olan Haşim İşcan mahalının tarixi Səlcuqlular dövrünə gedib çıxır. Məhəllə bir-birinə bitişik bir və ya 2 mərtəbəli binalardan ibarətdir. Tarixi məhəllə də yanğınlar və köhnə tikililərin tez-tez sökülməsi ilə gündəmə gəlir. Məhəllədə tarixə işıq salan bəzi xarabalıqlar da var.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, "1304" küçəsindəki birmərtəbəli binanın künc divarında Səlcuqlu Sultanı Əlaəddin Keykubatın xəbər quşlarını əks etdirən oyma fiqurlar tapılıb. Üç ayrı daşın üzərində iki cüt göyərçin və bir həyat ağacının həkk olunduğu daşlar binanın suvağının altında aşkar edilib. Bildirilib ki, quşlar üzbəüz oyulmuş və bu günə qədər toxunulmaz şəkildə qorunub saxlanılmışdır.

Antalya Qubernatorluğu Mədəni İrs Vahidi nəzarətçisi Cəmil Karabayram, təxminən 850 il əvvələ aid 3 əsəri ətraflı araşdıraraq binanın sahibi ilə görüşüb.


İşlərin ən qısa zamanda Antalya Qubernatorluğu tərəfindən qorunacağını ifadə edən Karabayram, "Bu məhəllə xüsusi bir məhəllədir. Əsas quruluşu 13-cü əsrə aiddir. Quş fiqurları haqqında açıq şəkildə deyə bilərəm ki, bunlar əsl xəbərdir. Əlaəddin Keykubat quşlarıdır. Onlar günümüzə qədər toxunulmaz şəkildə gəlib çatmışlar. Bu əsərlər başqa yerdən gətirilib bura yerləşdirilə bilər. Lakin binanın quruluşuna nəzər saldıqda görürük ki, bu, Səlcuqlu memarlığı ilə tikilmiş binadır. Antalyada və bölgədə ilk və yeganə əsərdir" .