Atatürkün əlyazmaları tapıldı: Qurtuluş Savaşının detalları üzə çıxır+Foto

Türkiyə Cümhurbaşqanlığının Dövlət Arxivi başqanlığı Cümhuriyyətin 100-cü ildönümündə Qazi Mustafa Kamal Paşanın osmanlı türkcəsində yazdığı qeydlərini və xatirələrini paylaşıb. Bu qeydlər və qələmə alınmış xatirələrdə  Qurtuluş Savaşına hazırlıq mərhələsinə dair önəmli detallar yazılıb. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, əlyazması şəklində olan bu qeydlər və xatirələr Türkiyə Milli Müdafiə Nazirliyinin Əsgəri Tarix Arxivində saxlanılır. Dövlət arxivinin başqanı Uğur Ünal açıqlama verərək bildirib ki, Cümhuriyyətin 100-cü ildönümündə bir çox layihəyə imza atıblar, Atatürkün osmanlı türkcəsində yazdığı qeydlərin və xatirələrin paylaşılması da onlardan biridir. Məqsəd Qurtuluş Savaşına və müstəqilliyə aparan yolun çətinlikləri barədə xalqı daha geniş məlumatlandırmaqdır. U.Ünal “məlumdur ki, dövlət başçıları özəl qeydlər aparmağa meylli olur. Mustafa Kamal Paşa da həmçinin. Fərq bundadır ki, Atatürk qeydə aldığı tarixi hadisələri bilavasitə yaşayıb, özü bu hadisələrin birbaşa içində olub və prosesləri yönləndirib. Bu mənada onun qeydləri Qurtuluş Savaşına daha gur işıq salır”, söyləyib. Əlavə edib ki, Atatürkün tarixi hadisələri qeydə alarkən dəqiqliyə xüsusi diqqət yetirdiyi də gözdən yayınmır. Baş vermiş hadisələr günbəgün, saatbasaat dəqiq qeyd edilib. Atatürk bir dövlət adamı, həm də bir əsgər idi. Onun qeydləri Qurtuluş Savaşına ayna tutur.