Şəhərə su çəkdi, cəzalandırıldı
Osmanlı imperiyasının baş memarı Memar Sinanın adı təkcə möhtəşəm tikililərlə deyil, həm də Sultan Süleymanın qızı Mehrimah Sultana bəslədiyi gizli sevgisiylə də daim hallanıb. Memar Sinan sultanın əmriylə İstanbula ilk su bəndini çəkmiş şəxsdir. Onun Üsküdarın incisi sayılan Mehrimah Sultan Camisi də İstanbulun su bəndi Mağlova qədər məşhurdur. Amma imperiyanın paytaxtını su ilə təmin edən memar Sultan Süleymanın qəzəbinə gəlib. Və cəzalandırılıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən memar Sinanın bəlalı məhəbbətinin hekayəsini təqdim edir.
"Memar Sinanın rəhbərliyi altında inşa olunan Mağlova su bəndi İstanbulu içməli su ilə təchiz etmək üçün Qanuni Sultan Süleymanın tapşırığıyla 1555-1562-ci illərdə inşa edilib. Bəndin uzunluğu 257 metr, hündürlüyü isə 35 metr olub. İki qatlı bənd bu gün də şəhəri içməli su ilə təmin edir. Şəhərə su çəkən Memar Sinan bəndlə gələn sudan öz evinə də bir qol ayırıb. Məhz buna görə də Sultan Süleyman tərəfindən cəzalandırılıb. İddialarsa həm də başqa yöndədir. O zamanlar xalq arasında gəzən şayiələrə görə, Memar Sinanın cəzalandırılmasının əsas səbəbi onun Sultanın qızı Mehrimah Sultana bəslədiyi eşqdir. Memar Sinanın Mehrimah Sultana aşiq olduğunu bilən Sultan Süleyman memarı cəzalandırmağı düşünüb, memarın su bəndindən evinə də su çəkməsi isə bunun üçün bir bəhanə olub. Memar Sinanla Mehrimah Sultan arasındakı sevgi barədə Selçuk Universitetinin təqaüddə olan müəllimi, memar və sənətşünaslıq üzrə alim Kamil Uğurlu danışıb. Alim qeyd edib ki, İstanbul 2 dəniz sahilində yerləşsə də, şəhərdə həmişə içməli su problemi yaşanıb. Sultan Süleyman da şəhərin içməli su probleminin çözülməsini Memar Sinana tapşırıb, o da işin öhdəsindən ustalıqla gəlib. Lakin sultanın o zaman baş vəziri olan və Mehrimah Sultanın da həyat yoldaşı olan Rüstəm Paşa qısqanclıq duyğusuyla Memar Sinanın cəzalandırılmasına nail olur. Əsassız iddialar bundan ibarət idi ki, Memar Sinan şəhərə təmiz su gətirib, bundan sonra şəhərə daha çox adam yerləşəcək, ərzaq qıtlığı yaranacaq, üstəlik o, öz evinə də izinsiz su çəkdirib. Bu iddialarla Memar Sinan həbsə atılıb. K.Uğurlu Memar Sinanın Mehrimah Sultana aşiq olmasını isə xalq arasında yayılmış əsassız rəvayət adlandırıb: “Su bəndi tikilən zaman Mehrimah Sultan 17, Memar Sinansa artıq bəlli bir yaşda – 76 yaşındaydı. Onlar arasında necə eşq yaşana bilərdi? O zamanlar Mehrimah Rüstəm Paşanın həyat yoldaşı idi. Bunlar hamısı əfsanə, rəvayətlərdir. Kimlərsə bu haqda ordan-burdan eşitdiklərini danışıb, şirin eşq macəraları da belə ortaya çıxıb. Bu cür şayiələr dahi memarı da hörmətdən salır”.