Dilqəm Əhməd: "Əhməd bəy Ağaoğlu xatirələrində yazmayıb"
"Əlimizdə Nağı bəy Şeyxzamanlının subyektiv xatirələri var"
"Difai ilə bağlı, təəssüf ki, geniş tədqiqat əsərləri yoxdur. Çünki qurucusu Əhməd bəy Ağaoğlu özü də xatirələrində yazmayıb, sadəcə təşkilat qurduğundan bəhs edib".
Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı, araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd deyib.
Araşdırmaçı vurğulayıb ki, əlimizdə Nağı bəy Şeyxzamanlının xatirələri var ki, onun xatirələri aşırı subyektivdir:
"Amma son zamanlar iki mühüm iş nəşr olunub. Tarixçi Fərhad Cabbarov Əhməd bəylə bağlı hazırladığı kitabda Difainin həm açıq, həm də gizli nizamnamələrini dərc edib. Eləcə də bir neçə il öncə Türkiyədə gənc tədqiqatçı Ozan Böke Türkiyədə Difai ilə bağlı magistr işi müdafiə etdi və əsərdə xeyli arxiv qaynaqları var. Ayrıca mən özüm də Türkiyə arxivlərində birbaşa Difainin möhürlü öz sənədinə rast gəlmişəm. Möhürdə qılınc, ay və altıguşəli ulduz var. Ortasında əski əlifba ilə Difai yazılıb".
Dilqəm Əhməd bir maraqlı sənəddən də bəhs edib:
"Əmiraslan xan Xoyski Türkiyəyə keçərkən Difai üzvü olduğunu, Əhməd bəyin onu tanıdığını bildirib. Osmanlı hökuməti bu barədə artıq Osmanlı təbəəsi olan Əhməd bəydən məlumat istəyib. Əhməd bəy isə onu tanıdığını, amma Difainin hələ də fəaliyyət göstərdiyinə inanmadığını bildirib".