2024-cü ildə Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə M.Ə.Rəsulzadənin hazırladığım maraqlı yazılarını oxuculara təqdim edirəm.Qeyd edim ki, yaratdığım “Məhəmməd Əmin Rəsulzadə İrsini Aradırma Mərkəzi”nin çalışmaları olaraq M.Ə.Rəsulzadənin mühacirətdəki əsərlərinin 10 cildliyini də nəşrə hazırlayıram. Onun “Qafqaz türkləri” əsərini ayrıca olaraq 1-ci cilddə oxuculara geniş təqdim etmişəm.
Qafqaz Türkləri
(Əvvəli ötən təqdimatımızda: //moderator.az/az/arasdirma/721725/meresulzade-qafqaz-turkleri-i-hisse-nesiman-yaqublunun-teqdimatinda/)
XIII və XIV əsr türk-moğol istilasının əsridir. Cingizin kəndisi, komandanlarının əksərisi və nəşət etdiyi qövm moğol olmaqla bərabər, moğol ordularının qismi-küllisini həmən türk elləri təşkil ediyordu. Budəfəki türk axını həm şimaldan, həm də cənubdan gəliyordu. Bu iki axın bir dəfə “Terek”, sonra da Kür nəhri hövzələrində Hülakü ilə Bərəkə xan qüvvətlərinin müdhiş müsadimələri şəklində qarşılaşıyordu. Moğol istilasını mütəaqib Azərbaycanda təəssüs edən Elxanilər hökuməti əsnasında, Cəlairi sülaləsi zamanında və sonra türkmən sülalələrindən Ağqoyunlularla Qaraqoyunlular dövründə Azərbaycan ilə Qafqasiya məmləkətlərinə külliyyətli surətdə türk qövmləri gəlmiş, bu gələnlər miyanında türkmən-oğuz əşirətləri bilxassə əksəriyyət təşkil eləmişlərdir. Böyük Timur bu həvaliyə üç dəfə səfər eləmiş, bu səfərlər də Qafqasiya məmləkətləri ilə Azərbaycanda türk ünsürünün qüvvətlənməsini mucib olmuşdur. Moğol istilası müvərrixlər tərəfindən şərqdə etnoqrafik pək böyük bir inqilab dövrü kimi tələqqi edilməkdədir. Azərbaycan ilə Şərqi Qafqasiya bu dövrdə kamilən türkləşmiş və qəribi bu ki, bugünkü şiə İranın müəssisi ədd olunan Səfəvi sülaləsi Azərbaycan türk şeyxləri miyanından çıxdığı kimi, bu sülalə zamanında Azərbaycan ilə Şərqi Qafqasiya daha ziyadə türkləşmişdir. Səfəvi şahları İran ilə Anadolunun müxtəlif nöqtələrinə atılmış türk əşirətlərini mərkəzi-hökumətləri bulunan Azərbaycan ilə Arran səmtlərinə cəlb ilə birləşdiriyorlardı ki, Ərdəbil həvalisi ilə Muğanda məskun Şahsevən qəbilələri bu surətlə vücuda gəlmişlərdir.
3) QAFQASİYA VƏ AZƏRBAYCAN TÜRKLƏRİNİN QÖVMİ ƏNASİRİ
Türklərin Şərqi Qafqasiya ilə Azərbaycana nə surətlə gəldiklərini və yerləşdiklərini gördük. Bu müşahidə bizdə moğol istilasından əvvəl şimaldan gələn türk qövmlərinin əksəriyyətlə qıpçaq türklərindən ibarət olduğunu göstərdiyi halda, səlcuqiləri mütəaqib vüqu bulan moğol axını əsnasında və daha sonra buralarının türkmən-oğuz əşirətləri tərəfindən iskan edildiyini əyan etməkdədir.
Türk istilasından mütəzərrir olan millətlərin dava etdikləri kimi, bu yerlərdə yerləşən əhali cəbrən türkləşdirilmiş olmaqdan ziyadə türk köçəbələri tərəfindən sözün tam mənası ilə iskan edilmişdir. Müxtəlif qıpçaq, oğuz və hətta moğol qəbilələrinin buralara hanki sənədə gəldikləri ilə nərədə iskan edildikləri tarixi məxəzlərdə qeyd olunduğu kibi, bugünkü coğrafi isimlərlə lisani materiallarda dəxi bu köçəbələrin izlərini görmək müşkil deyildir. Axınların vüqu bulduğu zamana məxsus bir şiddətlə cərəyan edən tarixi hadisələr əsnasında əksəriyyətlə çoluqları və çocuqları ilə köçərək buralarda yerləşən hakim türk ünsürləri vəziyyətdən doğan həyat mücadiləsində məhkum qövmlərdən daha ziyadə müqavimət göstərmiş, növünü mühafizə etmiş, məhkum yerlilər isə qismən dağlara çəkilmiş, səfalət və qıtlıqdan ölmüş, qismən də, ehtimal şu və ya bu surətlə hakim qövmlər arasında əriyib təməssül eləmişlərdir. Hər halda gərək Şimali Qafqasiyada, gərək Dağıstanda və gərək Cənubi Qafqasiya ilə Azərbaycanda bu günə qədər mühafizə olunan qövmi isimlər bu ərazinin hanki dövrdə və nə surətlə türk əhali tərəfindən iskan edildiyini təhqiqən və ya təqribən göstərməkdədir.
Dağıstanda və Şimali Qafqasiyada yaşayan türklərin əksəriyyətlə qumuq, noqay, qaraçay kimi çığatay şöbəsinə mənsub olduqları təhəqqüq etdiyi halda, Cənubi Qafqasiya ilə Azərbaycan türklərinin Anadolu türkləri kibi əksəriyyətlə oğuz türkmənlərinə mənsub əşirətlərdən təşəkkül etdiyi görülməkdədir. Bununla bərabər Dağıstan ilə Şimali Qafqasiyada türkmənlərə rast gəlindiyi kimi, Mavərayi-Qafqasiya ilə Azərbaycanda da qıpçaq, peçeneq, noqay və bulqar qəbilələrinə mənsub türk əşirətlərinin izlərinə məbzuliyyətlə təsadüf olunur. Moğol izləri kəza mövcuddur.
Cənubi Qafqasiya ilə Azərbaycanın bilxassə səlcuqilər və moğollardan sonra oğuzlaşdığı müdəqqiqlərcə təsdiq olduğu kimi, oğuz harsının ən bənam əsərini təşkil edən Dədə Qorqud mənaqəbələrinin də bilxassə bu tərəflərdə məruf olduğu şayani-diqqətdir. Dədə Qorqud kitabında məzkur hekayələrin mövzu etibarıyla Azərbaycan sahəsinə aid olduğu nəzəri-diqqəti bilxassə cəlb etməklə, bu mənqəbələrin son zamanlara qədər yerli “ozan”lar tərəfindən əllərində “qopuz”, köy-köy dolaşaraq, hekayə edilmələri də təsbit olunmaqdadır. Dədə Qorqud qəhrəmanlarından birisinin eşqinin dərəcəsini göstərmək üçün, sevdiyi qızı “bir öpüb üç dişlədiyi”ndən bəhs olunur. Bu “miqyas” müasir Azəri xalq ədəbiyyatında hələ qullanılmaqdadır. 1638 sənəsində Qafqasiyaya səyahət edən Olari (Olearius)nin anlatdığına görə, Qafqasiya ilə Azərbaycan şəhərlərinin bir çoxunda axirən unudulmuş bulunan milli türkmən hekayəti və ənənatı nəql olunuyormuş ki, bunu Övliya Çələbi də qeyd etməkdədir. Bundan maəda Olariyə Dərbənd həvalisində mədfun “İmam” Qorqudun məzarını da göstərmişlər imiş. “Dədə Qorqud” mənqəbələrindən maəda Anadolu, Azərbaycan və Qafqasiya türklərinin eyni mənşədən gəldikləri və eyni qövmi ənasir və hars mühitində yaşadıqlarını göstərir misallara məbzuliyyətlə təsadüf olunur. “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm” kimi eşq hekayələrindən maəda bir çox manilər, qoşmalar, ağıtlar, atalar sözü, bilməcələr kimi xalq ədəbiyyatı əsərlərinin bu mühitlərdə əksəriyyətlə eyni soydan olduğunu görməmək qabil deyildir.
4) AZƏRBAYCAN VƏ TÜRK QAFQASİYANIN SİYASİ MÜQƏDDƏRATI
Azərbaycan və türk Qafqasiya dediyimiz ərazinin qismi-mühümi dövri-qədimdə “Midiya” namı ilə məruf dövlətin əsas qismini təşkil ediyorlardı. Bugünkü Azərbaycan Cümhuriyyətini təşkil edən mühüm qisminə Albaniya deyiliyordu. Ərəblərin Arran dedikləri bu məmləkət sasanilərdən əvvəlki dövrdə Roma ilə İran arasında qanlı ixtilafları mucib olmuşdur. Sasanilər dövründə isə Albaniya (indiki Azərbaycan Cümhuriyyəti) Azərbaycan (indiki İran Azərbaycanı) ilə bərabər İran imperatorluğunun Şimali Visruvalığını təşkil eləmişdir. Bartolda görə, bu ittihad, islam fütuhatı zamanında belə mühafizə olunan “Azəri” şivəsi ilə yafəsi olması mühtəməl bulunan Arran (Albaniya) lisanı arasındakı fərqi ortadan qaldırmamışdır. Lisan fərqi olduğu kimi, bu iki məmləkət arasında din fərqi də mövcud imiş. Azərbaycan zərdüşt dinində ikən, Albaniya xristian dininin təsirində imiş. 460 tarixində bərtərəf edilən Albaniya sülaləsinə mənsub xanlar xristian olduqları kimi, əsilləri Sasanilərə irən və VI əsrin sonlarından etibarən Albaniyayı idarə edən İran sülaləsi də VII əsrin ibtidasında xristian olmuşdur.
Sasani imperatorluğunun ərəblər tərəfindən inqiraza uğraması islam hakimiyyətinin bu yerlərdə təsisini dərhal təmin edəməmişdir. Bir çox zaman daha Albaniya xanları həm ərəblərə, həm bizanslılara, həm də xəzərlərə bac və xərac vermək məcburiyyətində qalmışlardır. Arran üzərindəki dava ancaq VIII əsrdə tamamilə ərəblərin lehinə həll edilmişdir. Bununla bərabər, xristianlıq bir din olaraq, IX əsrə qədər buralardakı əhəmiyyətini qeyb etməmiş, Şabran ilə Şəki tərəfində mühafizə edilmişdir.
Sasanilər kibi ərəblər də hakimiyyətlərini ta Dərbəndə qədər götürmüş və buradakı istehkamları təcdid və təhkim ilə türk təərrüz və axınlarına səd çəkmişlərdir. Ərəb valii-ümumiləri Arranın mərkəzini təşkil edən “Bərdə”də oturuyor və buradan Ermənistanı dəxi idarə ediyorlardı. Azərbaycan, Arran və Ermənistan işbu dövrdə ziraət və maddi mədəniyyət etibarıyla bir vəhdət təşkil ediyorlardı. Ərəblər tərəfindən bu vilayətlərin idarəsinə təyin olunan valilərin vərasət üsuluna tabe tutulması ilə məmləkətin siyasi vəhdəti də bir növ hüsulə gəlmiş oluyordu. IX və X əsrlərdə hökumət edən Səcidi (sacilər – red.) ərəb sülaləsi ilə X və XI əsrlərdə hökumət edən gilanlı Salari sülaləsi zamanında dəxi bu siyasi vəhdət baqi idi. Bu dövrlərdə Şərqi Qafqasiya məmləkətləri bilxassə məmur idi.
Qafqasiya şəhərlərindən Bərdə ilə Dərbəndin məmurəliyi və ticarətdəki əhəmiyyəti Azərbaycanın o zaman ən məmur və məruf şəhərini təşkil edən Ərdəbilə faiq idi.
(ardı var)