Akif Aşırlı- 55
Onu bal arısına da bənzətmək olar, çiçəklərin şirələrini çəkib bal hazırlayan zəhmətkeş arıya. Ötən ömrünü elmə, yaradıcılığa həsr edib. Öyrənib bildiklərini təfəkkürünün süzgəcindən keçirərək ortaya sanballı işlər qoyub. Hələ şagird olduğu vaxtlardan başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur.
Ciddi tədqiqatçı, istedadlı jurnalist kimi, onu ölkədə çox adam tanınıyır. Adını çəkməsəm də söhbətin kimdən getdiyini bilənlər inanıram ki, az deyillər. Bəli, bu bəstəboy oğlan Akif Aşırlıdır...
Səhv etmirəmsə, mərhum şair Hüseyn Arifin sözləridir- “Adam haralı olar? Əlbəttə Qazaxlı.” O da, 1969-cu ildə söz-sənət beşiyi Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Qayğsız uşaqlıq illərini orada keçirib. Orta təhsilini Daş Salahlı kənd 1 saylı orta məktəbdə bitirib.
Əsgərlikdən geri dönəndən bir qədər sonra BDU-nun tarix fakültəsinə daxil olub. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. Bununla kifayətlənməyərək "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.
1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib. 2019-cu ildən Azərbaycan Türk Ocağının başqanıdır...
Deyir ki,- “Bu gün Azərbaycan ədəbi dili şəhərdə yox, kənddədir. Söhbət canlı danışıq dilindən gedir. Var quru dil, var oynaq dil, var şirin dil. Əsl Azərbaycan türkcəsi canlı dildir. Bizim gənc yazarlarımız gedib kəndlərdə oturmalı, kənd adamları ilə söhbət etməlidir. Bu da əsərlərdə özünü göstərməlidir. Şəhər ədəbiyyatından İlqar Fəhmini çox bəyənirəm. Onun “Bakı tarixindən kollaj” əsəri həm dil baxımından, həm faktlar baxımından çox zəngindir. Kənd və şəhər təfəkkürünün sintezini gözəl verib. Yazıçı şəhərdən çıxdı, kənddən gəldi, bunun fərqinə varmaq lazım deyil. “Qazaxşina”, “Qarabağşina”, “Cənubşina” söhbətlərinə son qoyulmalıdır. Ziyalı Azərbaycanı bütöv götürməlidir. Turançı olmalı, türk dünyasının bütövlüyü üçün çalışmalıdır...”
İndiyədək "Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremildə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", iki cilddə "Azərbaycan mətbuatı tarixi" kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir.
Türkiyədə "Sarıqamış əsirlərinin dramı- Nargin", "Xocalıda türk soyqırımı", "Azərbaycanda Türk Ocağı", "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu hərəkatı" və s. kitabları çap olunub.