Bu gün görkəmli ziyalımız, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı 55 yaşa qədəm qoyur. Akif Aşırlı Azərbaycan mətbuat tarixinin, əsasən Cümhuriyyət dönəmi milli tariximizin fədakar araşdırmaçısı, dövri mətbuatımızda müsbət məziyyətləri ilə seçilən, öz dəsti - xətti olan, peşəkar ictimai xadimdir.
Akif müəllim tarixçi, mətbuat adamı, qələm sahibi, ictimai xadim, müəllim olmaqla yanaşı həm də təəssübkeş vətənpərvər, səmimi, comərd, məğrur insan, etibarlı dostdur. Göylərə baş çəkən Göyəzən dağının qürurunu, müqəddəs obasının başı üstündə əbədi keşik çəkən əzəmətli Avey dağının vüqarını, suyu göz yaşı kimi duru, dünyanın səkkizinci möcüzəsi sayılacaq Damcılı Bulağının saflıq təcəllasını özündə, mənəvi keyfiyyətlərində cəmləşdirən Akif Aşırlı mənim üçün mükəmməl ziyalılıq nümunəsidir, fəxarət mənbəyidir! Akif Aşırlı elə bir insandır ki, onun tərifə, təqdimata ihtiyacı yoxdur. Öz sözünü, imzasını, dəsti - xəttini, ziyasını sübut və təsdiq etmiş şəxsiyyətdir.
Akif Aşırlını mən doqquzuncu sinifdə oxuyandan tanıyıram. Həm eldə - obada, həm ölkə ictimaiyyətində ona qarşı xüsusi bir istiqanlı münasibət var, çünki özü də istiqanlı adamdır. Qaynayıb qarışmağı, bölüşməyi sevən ziyalıdır...
Etdiyi xeyirxahlığı, yaxşılığı təmənnasız və görüntüsüz edəndir. "Şərq" qəzeti artıq bir məktəbdir. Onun sayəsində kifayət qədər gənc mətbuat sahəsində təcrübələnib, öyrənib, öyrədir... Elə biz özümüz də mətbuat tariximizdən, media ənənələrindən az öyrənməmişik Akif müəllimdən...
Göründüyündən, təqdim olunandan daha böyük insandır Akif Aşırlı, mənim üçün. Onun şəxsiyyəti, yaradıcılığı, araşdırmaları, mətbuat fəaliyyəti haqqında (mübaliğədən uzaq deyirəm) hətta cildlərlə kitab yazmaq olar. Milli tariximizi canlı yaşadan, redaksiyasında Mətbuat Muzeyi açaraq irsimizi gənclərimizə əyani şəkildə aşılayan simadır Akif Aşırlı...
... Mən əziz ziyalımıza bütün mənalarda uzun ömür, can sağlığı və zirvələr arzu edirəm! Əməli və amalı müqəddəs olan əziz insan, min yaşa!
Tural Irfan