Şanlı Aprel döyüşlərindən 8 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatına başlayıb. 4 günlük savaş nəticəsində ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
44 günlük Zəfər salnaməmizin əsası da elə məhz aprel döyüşləri ilə qoyulub.
8 il əvvəl baş verən bu döyüşlər bir növ 2020-ci ilin 27 sentyabrında başlanan Şanlı Vətən müharibəsindəki böyük qələbəmizə gedən yolda açar rolu oynayıb. Aprel döyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük qələbəyə inamını və əzmini daha da artırıb. Həmin döyüşlərdə qazanılan təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanın müasir döyüş tarixində 2-5 aprel 2016-cı il döyüşləri xüsusi yer tutur: “Birinci Qarabağ müharibəsində qüvvələrin bərabərsizliyi, Ermənistana kənardan çox böyük dəstək verilməsi, Ulu Öndər Heydər Əliyevin böyük siyasətdən kənarlaşdırılması Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə səbəb oldu və Ermənistanda qələbə ab-havası yaşanıb. Onlar bu torpaqların heç bir zaman qaytarılmayacağını, Azərbaycanın onlara güc göstərməsinin qeyri-mümkünlüyünü iddia edirdilər. Lakin 8 il bundan əvvəl aprel döyüşlərində Azərbaycan ordusu öz gücünü göstərib”.
Deputat bildirib ki, 2000 hektara qədər ərazi işğaldan azad edildi: “Lələtəpə yüksəkliyi götürüldü, hansı ki, çox böyük əhəmiyyət daşıyırdı. Həmçinin mühüm strateji mövqelər ələ keçirilib. Ermənistan qoşununun məğlubedilməzliyi mifi dağıdılıb. Həmin dövrkü Ermənistan rəhbərliyi dünya liderlərinə Azərbaycana təsir göstərməyə və döyüşü dayandırmaq üçün yalvarmağa başladı. Problemi sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində həll edəcəyinə söz verdi. Amma sonrakı dövrlərdə yenidən Azərbaycan ərazilərini qaytarmayacağını iddia etdi.
Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, əsgərlərimizin qətiyyəti və döyüş hazırlığını göstərdi. Azərbaycan cəmiyyətinin həmin dövrdə bir yumruq kimi birləşməsi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm sərkərdəliyi nümayiş olundu. Bu, Ermənistanı gec-tez Azərbaycanın işğal etdiyi torpaqlarını geri qaytaracağı fikrini düşünməyə məcbur edib. Lakin bununla belə, Ermənistan tərəfindən beynəlxalq hüquqa hörmətsizlik edildiyinə görə Azərbaycan Vətən müharibəsinə başlamağa məcbur olub. 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Üç böyük bölgə döyüşsüz, bir güllə atılmadan azad edildi. Sonradan isə bir gün davam edən antiterror tədbirlərində Azərbaycan ərazi bütövlüyünü tamamilə bərpa edib. Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, qüdrətini, xalqımızın öz torpağına sevgisini, liderin cəmiyyət tərəfindən dəstəklənməsinin nümayişi oldu. Aprel döyüşlərinin şərəfi hər zaman bizim qürurumuz olacaq və Azərbaycan tarixində mühüm yer tutacaq. Həmin dövrdə şəhid olanlara Allahdan rəhmət diləyirik. Onların qanı yerdə qalmadı. Azərbaycan xalqı öz ordusunu, igidlərini sevir”.
Millət vəkili Bəhruz Məhərrəmov isə “Sherg.az”a açıqlamasında deyib ki, aprel döyüşləri, heç şübhəsiz ki, böyük Zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız oldu:
“Texniki olaraq aprel döyüşlərində biz Ordumuzun döyüş qabiliyyətini, ən müasir silah və sursatı, xüsusən 6-cı nəsil hərbi texnologiyanı yerli şəraitdə, real müharibə zəminində tətbiqi baxımdan yoxlamaq imkanı əldə etdik. Mənəvi baxımdan isə aprel əməliyyatları Azərbaycan insanının əzmi və milli vəhdətinin sınağı üçün mühüm bir mərhələ oldu. Biz xalq olaraq bu sınaqdan üzüağ çıxdıq. 25 il sonra, nəhayət ki, o zaman hələ də işğalda olan ərazilərimizin bir qismini işğaldan azad etdik, "Böyük Qayıdış"ın ilk mini formatını reallaşdırdıq, Cocuq Mərcanlı misalında işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə nələr edə biləcəyimizi göstərdik. Aprel döyüşləri Ermənistan hakimiyyətinin, cinayətkar xunta rejiminin formalaşdırdığı və ermənilərin də sidq ürəklə inandığı “məğlubedilməzlik” mifini darmadağın etdi. 2016-cı ilin aprelinə qədər Ermənistanda bu fikirdə idilər ki, heç kəs Ohanyan səddini keçə bilməz, amma Azərbaycan hərbçisi bunu bir neçə saata etdi. Aprel qələbəmiz həmçinin Ermənistanda Sarkisyan-Koçaryan murdar cütlyünün və xunta rejiminin bütün dayaqlarının sonu oldu. Bu mənada biz Aprel döyüşlərinə yalnız uğurlu hərbi əməliyyat kimi yox, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılan və regionun taleyini dəyişən mürəkkəb hərbi-siyasi hadisə kimi yanaşmalıyıq. Heç şübhəsiz ki, bizim Vətən müharibəsi zəfərimizin kökündə dayanan vacib amillərin arasında ilk yerlərdən birini məhz aprel qələbəmiz tutur. Aprel döyüşlərinin 8-ci ildönümündə bütün şəhidlərimizi rəhmət və sevgiylə anır, döyüş iştirakçılarına isə hörmət və ehtiramımızı çatdırırıq”.