Aydın Hüseynov: Heydər Əliyevin müstəqil Azərbaycanın memarıdır

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. 


Heydər Əliyevin müstəqil Azərbaycanın memarı olduğunu bildirən deputat Aydın Hüseynov “Sherg.az”a qeyd edib ki, Ulu Öndər Azərbaycanın qurucusu və xilaskarıdır:

“Bu gün əldə etdiyimiz bütün nailiyyətlərimiz Heydər Əliyevin zəkasına, strategiyasına söykənir. Heydər Əliyev bütün mənalı həyatını Azərbaycan xalqının inkişafına və onun yüksəlməsinə sərf edib. Ulu Öndər KQB-nin generalı olan dövrdə də xalqına xidmət edib. Sovetlər dönəmində birinci dəfə siyasi hakimiyyətdə olanda da Azərbaycanı aqrar ölkədən  inkişaf etmiş sənaye respublikasına qədər yüksəltdi. Eyni zamanda, birinci hakimiyyətdə olduğu dövrdə də  qurduğu böyük iqtisadi təməl, sonrakı illərdə həmişə ölkə iqtisadiyyatı üçün çox lazımlı oldu. Heydər Əliyevin ən böyük şah əsəri müasir, müstəqil Azərbaycan dövlətidir. Bugünkü müasir, müstəqil Azərbaycan dövlətinin banisi və yaradıcısı birbaşa Ulu  Öndərimizdir. Əgər 1993-cü ildə Heydər Əliyev siyasi hakimiyyətdə təmsil olunmasa idi, bugünkü müstəqilliyimizdən söhbət belə gedə bilməz idi. Yəni Xalq Cəphəsi və Musavatın səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan çox dərin iqtisadi və siyasi böhran yaşayırdı.  Eyni zamanda, dövlətçiliyi məhv olma ərəfəsində idi və torpaqlarımızın 20 faizi işğal altında idi. Heydər Əliyev belə bir məqamda gəldi və ilk növbədə ölkədə qardaş qırğının qarşısını aldı. Daha sonra siyasi stabillik yaratdı və çox sürətlə fundamental şəkildə iqtisadi islahatlara başladı. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə əməkdaşlıq, milli valyutamızın möhkəmlənməsi, bazar iqtisadiyyatına keçid kimi böyük layihələr həyata keçirildi. Ən əsası isə Heydər Əliyevin  iradəsinə söykənən əsrin kontraktı müqaviləsi bağlandı. Bakı-Tbilisi Ceyhan, Bakı-Ərzurum layihələrinə qədəm qoyuldu. Bu gün isə əldə etdiyimiz bütün müvəffəqiyyətlər Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan dünyada güc mərkəzidir və inkişaf etmiş ölkələr sırasına daxildir. İllər keçdikcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən daim yad ediləcək”.