Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Xalqımıza qarşı törədilən bu cinayət həm də bəşəriyyət və insanlıq əleyhinə olan dəhşətli əməldir
Ən uca zirvədən Bakımızın azad, hürr, xoşbəxt günlərini seyr edən Şəhidlər xiyabanı yenə al qərənfillərlə bəzənir. Paytaxt millətimizin, dövlətimizin müstəqilliyinə, azadlığına şəhid qanıyla körpü salan o tarixi günü – 1990-cı ilin 20 yanvar gününü 35-ci dəfə qarşılamağa hazırlaşır. Nələr baş verdi arxada qoyduğumuz bu 35 ildə? Qanlı-qadalı çox illər yaşadıq. Çox faciələrin şahidi olduq. Amma bir mütləq həqiqətimiz oldu: Şəhidlərin qanı hədər axmadı. 20 yanvar gecəsi axıdılan şəhid qanları, canını Vətənə fəda edən oğullarımız azadlığımızın bünövrəsini qoydu. Bu bünövrədə xalqın etimadını qazanmış Ümummilli Lider Heydər Əliyevin Azərbaycan sevgisi, ömrünü Vətəninə həsr etmiş dahinin möhkəm iradəsi, Vətən, xalq sevgisini, dövlətçiliyə bağlılığını atadan miras alan “dəmir yumruq”lu Ali Baş Komandan – cənab Prezident İlham Əliyevin qətiyyəti var. Bunun nəticəsi idi ki, 30 illik işğala son qoyuldu, torpaqlarımız düşmən tapdağından azad edildi, Azərbaycan dövlətçiliyi tarixində suverenliyimiz, ərazi bütövlüyümüz tam bərpa edildi. İndi şəhidlərimizin ruhu əlbəttə, rahatdır, tökülən qanların hədər olmadığı mütləq həqiqətdir. Bu günlərdə Şəhidlər Xiyabanını ziyarət edən hər bir vətəndaşımızın məhz bu hisslərlə yaşadığı, daxilən qürur hissi keçirdiyi, vüqarla başını dik tutduğuna, xalqımız, dövlətimizlə fəxr etdiyinə əminik!
20 yanvar gününün Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyətindən danışan Milli Məclisin deputatı Səbinə Salmanova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, 1990-cı ilin 20 Yanvar hadisələri tariximizə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün xalqımız üstünə hücum edən qorxunc sovet ordusuna qarşı sinəsini sipər etdi, Azərbaycanın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəmanlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar:
- 20 Yanvar tarixi Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı deyil, həm də mübarizlik və qəhrəmanlıq günüdür. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi və nəticədə 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həmçinin sovet qoşunları tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, həmçinin yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlaklar məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, eləcə də təcili yardım işçiləri var idi. Azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı olan bu cinayət və yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya göstərdi. Xalqımıza qarşı törədilən bu cinayət həm də bəşəriyyət və insanlıq əleyhinə olan dəhşətli əməldir.
Millət vəkili qeyd etdi ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqı daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı:
- 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilib. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyev bu haqda demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
Millət vəkili bildirdi ki, məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi:
- Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda önəmli addımlar atıldı. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 29 mart 1994-cü il tarixində "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
S.Salmanova bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həssas kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və ardıcıl addımlar atılır, sosial layihələr icra olunur. Onların sırasında 20 Yanvar faciəsi qurbanlarının ailələri də var:
- Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə mütəmadi olaraq bu istiqamətdə böyük tədbirlər həyata keçirilib. Azərbaycan xalqı ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il onların əziz xatirəsini ehtiramla yad edir. Bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Bu gün artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.