“Dövlət təhsil ocaqları lisenziyasız fəaliyyət göstərə bilər” - Deputat 

Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib. İclasın gündəliyinə çıxarılan  əsas məsələ “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi olsa da,  iclasda “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər də müzakirə edilib. Dəyişiklik layihələri müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.
Sözügedən qanun layihəsi ilə bağlı dəyişiklikləri "Şərq"ə şərh edən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, burada söhbət dövlətə məxsus peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələrinin lisenziya almadan fəaliyyət göstərməsindən gedir: 



"Sözügedən müəssisələr dövlət tərəfindən yaradıldığı üçün lisenziya ilə bağlı dövlətə yenidən müraciət edilməsinə ehtiyac yoxdur. Digər təhsil müəssisələri isə əvvəlki qaydada lisenziya  almaq üçün aidiyyəti strukturlara müraciət etməlidirlər. Dövlətə məxsus təhsil  müəssisələrindən fərqli olaraq özəl təhsil müəssisələrinin dövlət qurumlarından lisenziya alaraq fəaliyyət göstərməsinə ehtiyac var". 

Millət vəkili həmçinin, dövlətə məxsus ali təhsil müəssisələrinin lisenziya almadan fəaliyyət göstərməsinin onlara müstəqillik verilməsi ilə birbaşa əlaqəsinin olduğunu düşünmədiyini qeyd edib:
"Dövlət ali təhsil müəssisələrinin lisenziya üçün Təhsil Nazirliyinə müraciət etməsi formal bir prosedur olduğundan ləğvi müzakirə olunur. Universitetlərə müstəqillik verilməsi fərqli məsələdir".