Tərbiyəçi müəllim, aşpaz və nəzarətçilər heç kimlə ünsiyyətdə olmadan və evlərinə getmədən burada qalmalıdır
Azyaşlı uşaqları olanlar karantin rejimindən daha çox əziyyət çəkir. Normal halda uşaqlarını bağçalara həvalə edib qazanc arxasınca gedənlər 5 aydır ki, çətin vəziyyətdədir. Ailədə bir işləyən varsa, yenə birtəhər keçinmək mümkündü. Ata işə gedəndə ana körpəsi ilə evdə qalır. Və ya əksinə. Amma əgər valideynlərin hər ikisi də işləyirsə, uşağa kim, necə nəzarət edir?
Pandemiya dövrü başlanandan, sərt, yumşaq – müxtəlif karantin rejimlərinin tətbiqi zamanı hər mövzuya toxunulub, uşaq bağçalarının fəaliyyətinin dayanmasının ailələrə necə təsir etdiyi isə kimsənini yadına düşmür deyəsən. Bəlkə irad tutular ki, Operativ Qərargahın brifinqlərində mövzu müzakirə edilib. Lakin dövlət strukturlarında çalışanlarla bağlı. Xatırladaq; “Əksər dövlət qurumları azaldılmış sayla işə davam edir. Karantin rejimi başlayandan 30 faiz işçinin ofislərə gəlməsi tələb olundu. Yumşalmalardan sonra bu say 50 faizə çatdırıldı”.
AzEdu.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.
O, həmçinin bununla bağlı dövlət tərəfindən rəsmi tədbirin mövcud olmadığını da bildirdi:
“İnanıram ki, hər bir dövlət qurumunun rəhbəri həmin şəxslər üçün bunu nəzərə alacaq və güzəştlər edəcək. Hələlik dövlət tərəfindən bununla bağlı hər hansı tədbir düşünülməyib”.
Göründüyü kimi, söhbət dövlət strukturlarında çalışanlardan gedir. Bəs özəl sektor, heç nədə işçisinə güzəşt etməyən sahibkarlıq subyektləri? Elə analar var, uşağı tapşırmağa yaxını, qohumu yoxdur, ya da bölgələrdə yaşayır, yaşlı ata-anası körpəyə nəzarət, qulluq edəcək vəziyyətdə deyil, onlar nə etməlidir? Elə valideynlər də var, məhz uşaq nəzarətsiz qalmasın deyə iş yeri ilə vidalaşmalı olub. Körpəni başlı-başına buraxıb işə gedəsi deyil hər halda. Karantin rejimi davam edərsə və bundan irəli gələrək də uşaq bağçaları, körpələr evləri açılmazsa azyaşlı körpələri olanlar nə edəcək?
Qeyd edək ki, Təhsil İnstitutu mövcud durumla bağlı diqqət çəkən təkliflər irəli sürüb. Təhsil İnstitutu uşaqların qidalanması və eyni otaqda yatmasının böyük yoluxma riski yaratmasını nəzərə alaraq, uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpasını məqsədəuyğun hesab edir. Həmçinin növbətçi uşaq bağçalarının yaradılması təklifi ilə çıxış edir.
AzEdu.az xəbər verir ki, məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi də təkliflər sırasındadır. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sırasında qeyd olunur.
İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların fəaliyyətinin bərpa edilməsi təklif olunur.
“Əlaqədar icra qurumları tərəfindən məsləhət bilinərsə, xüsusi növbətçi uşaq bağçaları yaradıla bilər”.
Bu sözləri isə AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova deyib.
O, bağçaların bu il fəaliyyətə başlamaq ehtimalından söz açıb.
“Əgər valideynlər karantinə görə isləmirlərsə, o zaman uşaqlar evdə qalmalıdır. Lakin, işləyən valideynlər də var. Bu zaman uşağın kiminlə qalması problemi yaranır. Xarici ölkələrdə kütləvi olmasa da, ərazi üzrə müvafiq icra qurumlarının seçimi və icazəsi ilə bağçalar təşkil edilir. Buraya isə yalnız işləyən valideynlərin uşaqları qəbul edilir.
Bu tip bağçalarda uşaqlar və orada işləyənlərin həmin müəssisədə qalmaları və hər həftə yoxlamadan keçmələri vacibdir. Bura daima nəzarətdə saxlanılır. Bu isə çətin dövr üçün vəziyyətdən çıxmağa kömək edir”.
Laləzar Cəfərova bağçaların pandemiya şəraitində necə işləyəcəyi haqqında fikirlərini bildirib.
“Məktəbəqədər təhsil müəssisələri tədrisin ilkin pilləsidi. Hazırda respublika üzrə bütün təhsil müəssisələrinin fəaliyyətinə icazə verilmir. İstisna hal kimi götürülərsə və əlaqədar icra qurumları tərəfindən məsləhət bilinərsə, xüsusi növbətçi uşaq bağçaları yaradıla bilər. Çünki elə ailələr olur ki, orada iki valideyndə işləyir və uşaqlara baxmaq üçün heç kim olmur.
Belə ailələrin uşaqları üçün müasir tələblər səviyyəsində qurulan və xüsusi yoxlamadan keçən bağçalar yaradılmalıdır. Burada işləyən tərbiyəçi müəllim, aşpaz və nəzarətçilər heç kimlə ünsiyyətdə olmadan və evlərinə getmədən burada qalmalıdır. Uşaqlar isə heç bir yerə getmədən həmin müəssisədə olmalıdır. Bu mənim subyektiv fikrimdir”. L.Cəfərova bu cür bağçaların fəaliyyətə başlamasının yoluxma statistikasındakı müsbət dəyişiklikdən asılı olacağını da vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə bildirib ki, məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər hazırda Operativ Qərargah və ÜST-nin missiyası tərəfindən birlikdə müzakirə olunur.
Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib:
- Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar qəbul edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək.
Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında uşaq bağçaları və körpələr evləri ilə bağlı mütləq çıxış yolunun tapılmasının vacibliyini qeyd etdi:
- Pandemiya şəraiti yeni başlayanda təklif etdim ki, əgər bağçalar işləməyəcəksə, valideynlərə dayə üçün ödəniş edilsin. Müəyyən məbləğdə bunu etmək olar. Ata və ananın çalışdığı ailədə uşaqlara nəzarət məsələsi ciddi problemdir.
Deyək ki, valideynin biri 1 ay məzuniyyət götürdü, sonra o biri 1 ay məzuniyyət götürdü. Artıq 5-ci aydır ki, karantin rejimi davam edir. 5 aylıq heç kimə məzuniyyət verilmir. Uzaqbaşı işçi öz hesabına məzuniyyətə çıxa bilər. Bu da ailə büdcəsinə necə zərər vuracaq, məncə, ayrıntılara ehtiyac yoxdur.
Ailələr müxtəlifdir. Nənə-babası olmayan uşaqlar var və ya uşağa baxa biləcək halda deyillər. Qonşudan nə qədər xahiş edəsən ki, uşağa bax, mən işə gedim?! Məktəbyaşlı uşaqları evdə qoyub getmək olur, hərçənd bunun özü də az risk daşımır. Lakin bağçayaşlı uşaqları heç bir halda evdə tək qoyub getmək olmaz. Bir çıxış yolu tapılmalıdır. Təhsil İnstitutunun təklifləri də dəyərləndirilməlidir. Biz payıza ümid edirik ki, karantin rejimi bitər, bağçalar açılar. Bəs əgər karantin müddəti uzadılacaqsa, o zaman necə olacaq?
Hesab edirəm ki, Nazirlər Kabineti himayəsində azyaşlı uşaqları olan ailələrlə bağlı xüsusi qərar verə bilər. Bu şəxslərə, istər dövlət strukturlarında, istərsə də özəl sektorda çalışanlara əgər himayələrində azyaşlı uşaqları varsa, xüsusi güzəştlər edilməsinə dair sərəncam verilməlidir. Özəl sektorda çalışan da qərarın icrası pozulduğu halda rəsmi qaydada şikayət edə bilsin. L.Mehralı növbətçi bağçalar açılarsa, işləməyən valideynlərin hamıdan öncə uşağını aparıb ora qoymaq istəyəcəyindən narahat olduğunu da dedi:
- Belədə uşaq bağçaları, körpələr evlərində əlbəttə sıxlıq yarana bilər. Sovet vaxtı bağçaya uşaq qəbul edilərkən işləyən valideynlərə üstünlük verilirdi, əvvəlcə onların uşaqları yerləşdirilirdi, əlavə yerlər qaldıqda, işləməyən valideynlərin uşaqları. Təsəvvür edin ki, indi işləməyən ana 11 aylıq körpəsini bağçaya aparır, 4 yaşlı uşağı olan və işləyən ana isə uşağını qoymağa bağça tapmır. Hamının haqqı çatır uşaqlarını bağçaya aparmağa, amma ilk növbədə işləyən valideynlərə üstünlük verilməlidir.