1926-cı il Qurultayı türk dünyasının “özünü dərk” manifesti idi - Güllü Yoloğlu

Müasir türkoloji araşdırmalar baxımından Qurultayın ideyaları bu gün son dərəcə aktualdır

1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayı müxtəlif coğrafiyalarda yaşayan türk və qeyri-türk alimlərini ilk dəfə vahid elmi platformada bir araya gətirdi. Qurultay ortaq dil, tarix və mədəni dəyərlərin sistemli müzakirəsinə imkan yaratdı. Onun ideyaları bu gün də aktualdır. Azərbaycan isə bu kontekstdə həm tarixi ev sahibliyi, həm zəngin elmi irsi, həm də Türk dünyası ilə körpü rolunu oynayan təşəbbüskar mərkəz kimi çıxış edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Qurultayın 100 illiyi bu il qeyd olunacaq.

Dünya Türkologiya Mərkəzinin sədri, Tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu Sherg.az-a 1926-cı ildə Bakıda keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayının təkcə elmi toplantı deyil, bütövlükdə türk dünyasının intellektual tarixində dönüş nöqtəsi olduğunu deyib:

"Bu Qurultay ilk dəfə olaraq müxtəlif coğrafiyalarda yaşayan türk və qeyri-türk xalqların alimlərini vahid elmi platformada bir araya gətirdi. Onun əsas tarixi əhəmiyyəti ortaq kimlik və dil şüurunun, türk dillərinin qohumluğunun açıq şəkildə ortaya qoyulmasında idi. Tarixi inkişafın və qarşılıqlı anlaşma imkanlarının sistemli şəkildə müzakirə olunması da bu əhəmiyyətin bir hissəsi sayılır. Qurultay əlifba islahatı ideyasının həyata keçməsi üçün imkan yaratdı. Həmçinin latın qrafikalı əlifbaya keçid məsələsini elmi əsaslarla gündəmə gətirdi. Bu qərarlar sonrakı onilliklərdə bir çox türk xalqları üçün praktik nəticələr verdi. Eyni zamanda, türkologiya ilk dəfə ayrıca və müstəqil elmi sahə kimi formalaşdı. Qurultay türk xalqlarının mədəni, tarixi və elmi əməkdaşlığının mümkünlüyünü real şəkildə göstərdi. Bir sözlə, bu tədbir türk dünyasının “özünü dərk” mərhələsində əsas intellektual dayaqlardan biri oldu".

Türkoloq 100 illiyin qeyd olunmasının təkcə yubiley xarakteri ilə yekunlaşmadığını bildirib: 

"Əsas məqsəd Qurultayın elmi və ideoloji mirasını yenidən dəyərləndirmək və türkologiya elminin inkişafında tarixi davamlılığı göstərməkdir. Müasir dövrdə türk xalqları arasında elmi-mədəni inteqrasiyanı gücləndirmək və gənc tədqiqatçılara ümumtürk düşüncə ənənəsini tanıtmaq da əsas hədəflərdən biridir. Bu yubiley, əslində, keçmişlə gələcək arasında körpü rolunu oynayır.

Müasir türkoloji araşdırmalar baxımından Qurultayın ideyaları bu gün son dərəcə aktualdır. 

Xüsusilə ortaq terminologiya və dil yaxınlaşması ideyası rəqəmsal dil resursları və süni intellekt tətbiqləri fonunda daha böyük əhəmiyyət qazanır.

Müqayisəli dilçilik və ortaq tarix araşdırmaları müasir metodlarla canlandırılır. Mədəni yaddaş və kimlik məsələləri qloballaşma şəraitində yenidən ön plana çıxır".

Alim 1926-cı ildə səslənən ideyaların bu gün yeni texnologiyalar və metodologiyalarla ikinci həyatını yaşadığını vurğulayıb:

"Azərbaycan bu kontekstdə tarixi və simvolik mərkəz rolunu oynayır. Onun Birinci Türkoloji Qurultaya ev sahibliyi etməsi Azərbaycanı klassik və müasir türkoloji məktəbin formalaşmasında mühüm rol oynayan ölkə kimi göstərir. Dil, ədəbiyyat və tarix sahələrində zəngin elmi irsi və Türk dünyası ilə tarixi, dil və mədəni körpü mövqeyi baxımdan Azərbaycan təkcə iştirakçı deyil, həm də təşəbbüskar və əlaqələndirici mərkəz kimi çıxış edir. Digər türk dövlətləri isə bu prosesdə tamamlayıcı və gücləndirici rol oynayır. Türkoloji əməkdaşlıq milli deyil, çoxtərəfli və strateji xarakter daşıyır".