Suçlu valideyndir

Sinif yoldaşını döyən şagirdin aqressiyasının kökündə sevgisizlik dayanır

"Evdə, ailədə özünü təsdiq edə bilməyən uşaq bunu evdən kənarda sərgiləməyə can atır, çünki yarımçıqlıq kompleksi var onda. Özünü necə təsdiq edəcək, başqasını əzməklə"

  “Toplum hazırda o uşağı əzir. Bunun fərqində deyil bəziləri. Sabah o uşaq intihar etsə, qatil olsa, kim cavab verəcək? Yenə hay-həşir salıb, “yağlı statuslar” paylaşılacaq, hər kəs özünü prokuror, müstəntiq, hakim zənn edəcək, zərbə isə o uşağa, ailəsinə və ümumən cəmiyyətə dəyəcək”. Bu fikirlər psixoloq Fərqanə Mehmanqızına məxsusdur. “Şərq”ə açıqlamasında psixoloq 112 saylı orta məktəbdə baş vermiş məlum hadisə ilə bağlı cəmiyyətin aqressiv reaksiyasından təəssüfləndiyini bildirdi: 

- Əlbəttə, heç bir valideyn istəməz ki, övladına qarşı şiddət tətbiq edilsin, övladı əziklik kompleksindən əziyyət çəksin. Amma gəlin, dərindən düşünək. Bu videonun paylaşılmasının özü insan haqlarına, hələ formalaşmamış, yeniyetməlik dövründə olan bir uşağa qarşı açıq təcavüzdür. Həm də psixoloji təcavüz. Videonu paylaşıb, altında “dahiyanə” statuslar yazanlardan soruşuram,  bu uşaq sizin övladınız olsa, həmin videonu da eyniylə paylaşarsınızmı? Başqasının uşağıdır deyə, məsuliyyət daşımırsınız, özünüzü ədalətli hakim kimi aparırsınız. Ədalətiniz budurmu?! Bəzi videolarda uşaqların üzü buzlanıb, amma bəzilərində açıq verilir. Bu, ən kobud, bağışlanmaz səhvdir. O uşağın haqqına təcavüz edirsiniz, fərqində deyilsiniz. 

  Psixoloq məktəbdəki hadisənin mümkün səbəblərini də qeyd etdi. Əvvəlcə, hadisə barədə qısaca xatırlatma edək. Paytaxtın Pirşağı qəsəbəsi, 112 saylı orta məktəbdə IX sinif şagirdi sinif yoldaşına qarşı şiddət, fiziki zorakılıq göstərib. Bir başqası isə hadisəni telefonla videoya çəkib. Sosial şəbəkədə yayılan video böyük təpkilərə səbəb olub. Ümumilikdə təhsil sistemi, məktəblərdəki başıpozuqluq tənqid edilir,  sinif yoldaşını döyən uşağın ailəsi barədə hətta nalayiq ifadələr də işlədilir. 

  Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi açıqlama verib. BŞTİ-nin açıqlamasında qeyd olunur ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib. Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. 

Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edilir ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.

  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar, hazırda araşdırma aparılır. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb” -  məlumatda qeyd edilir. 

  DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, döyülən şagirdə dəyən xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

  Elm və Təhsil Nazirliyi də Bakı şəhərində yerləşən 112 saylı orta məktəbdə şagirdlər arasında baş verən dava ilə bağlı açıqlama verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma başladılıb. “Hazırda şagirdlər arasında xoşagəlməz hadisənin yaşandığı məktəblə bağlı araşdırma aparılır. Direktor və sinif rəhbərilə əlaqə saxlanılıb. Araşdırma nəticəsi olaraq, ictimaiyyətə məlumat veriləcək”, - nazirlikdən deyiblər.

  Əlaqədar qurumlar araşdırma aparmaqda olsun, biz isə “IX sinif şagirdi, 14-15 yaşlı uşaqda şiddətə meyillilik nədən yaranır, sinif yoldaşını videoda göründüyü kimi, şiddətlə döyə bilməsinin əsasında nə dayana bilər” sualına cavab axtardır. 

  Psixoloq Fərqanə Mehmanqızı açıqlamasında aqressiyanın kökündə sevgisizlik dayandığını bildirdi: 

- Bu hadisədə əsas günahkar cəmiyyətə sağlam xarakterli insan verə bilməyən valideyndir. Valideyn sağlam xarakterli övlad yetişdirə bilməyib, demək ki. Baxın, bəzi valideynlərin səhvi nədədir, onlar yanlış olaraq belə düşünürlər ki, əsas vəzifələri övladlarının bütün maddi ehtiyaclarını qarşılamaqdır. Dəfələrlə şahidi olmuşam ki, valideyn “mən övladım üçün nə istəsə alıram, hara istəsə aparıram, getməsinə icazə verirəm, nədənsə sıxıntısı yoxdur, ən bahalı oyuncaqları olub, nədənsə korluq çəkməyib”, söyləyib. Amma övladınızla birgə nə qədər vaxt keçirirsiniz, onun hansı işlə məşğul olması, dostları kimdir, kiminlə dostluq edir, dostları, sinif yoldaşları ilə necə davranır, onunla necə davranırlar, bilirsinizmi, soruşduqda, əksəriyyət “vaxtım hardandı, işləyirəm, evə gec gəlirəm”, cavabını verirlər. Bizim bəzi valideynlərin əsas səhvi uşağa sevgini maddiyyatla ölçməklərindədir. Halbuki, övlada sevgi onunla bacardıqca çox ünsiyyətdə olmaq, danışmaq, adi məsələləri, bir gün ərzində yaşananları paylaşmaqdan keçir. 

Zəmanəmizin uşaqları valideyn diqqətindən, valideyn səmimiyyətindən məhrumdur. Siz ona ən bahalı oyuncaqlar ala bilərsiniz, ən gözəl libaslar geyindirə bilərsiniz, nəyəsə ehtiyacı olmaz, lakin sevgiyə, ünsiyyətə, mehribanlığa, səmimiyyətə ehtiyacı olar və sevgiyə tamarzı böyüyər. Bunu maddiyyatla əvəz etmək mümkün deyil. 
 
 Psixoloq qeyd etdi ki, uşaqlarda dialoqun olmaması mənəvi aclıq və nəticə etibarilə şiddətə meyillilik yaradır: 

- Aqressiv uşaqların böyük əksəriyyəti ailədə sevgi görməyən, valideyniylə ünsiyyətdən məhrum uşaqlardır. Ailədə sevgi, ünsiyyət yoxdursa, valideynlə övlad arasında psixoloji kontakt pozulur. Bu da davranış pozuntusuna gətirib çıxarır. Aqressiya, şiddətə meyillilik də buradan qaynaqlanır. Evdə, ailədə özünü təsdiq edə bilməyən uşaq bunu evdən kənarda sərgiləməyə can atır, çünki yarımçıqlıq kompleksi var onda.  Özünü necə təsdiq edəcək, başqasını əzməklə. Təhqir etməklə.  Belə uşaqlar özündən gücsüzü döydükdə özünü güclü sayır. Və onların qurbanı da adətən zəif, özgüvənsiz uşaqlar olur. Uşağın zəif xarakterli, özgüvənə malik olmamasının səbəbi də yenə yanlış tərbiyədir. Məktəbdəki məlum hadisədə hər iki uşağın tərbiyəsi qüsurludur. Biri hədsiz aqressiv böyüyüb, digəri zəif xarakterli. Üçüncü – videonu çəkən də bir başqa xasiyyətli uşaqdır. Onun barəsində də məncə, həm valideynləri, həm məktəb, həm də hüquq-mühafizə orqanları iş aparmalıdır. Birinin döyülmə səhnəsini sakitcə kənardan videoya çəkən uşaq olsa da, tərbiyəsində böyük problem var. Şiddətə sakit yanaşmaq təhlükədən xəbər verir və şiddətə meyilliliyin əlamətidir. Normal halda kiminsə döyüldüyünü gördükdə, dalaşanları ayırmağa çalışmalıyıq, bir çoxumuz belə də edirik. İstər uşaq olsun, istər böyük. Kənarda seyrçi qalmaq normal davranış deyil. Bu, insanda laqeydliyin göstəricisidir. Cəmiyyət üçün ən təhlükəli olan da budur. 

  Psixoloq bildirdi ki, sinif otağında baş vermiş döyülmə faktı qədər, hadisənin videoya çəkilərək yayılması, sosial şəbəkələrdə də təkrar-təkrar paylaşılması da bizi əhatə sosial bəlanın göstəricisidir: 

- Hadisə videoya çəkilməsəydi və paylaşılmasaydı, ondan o sinfin şagirdləri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər xəbər tutacaqdı. Amma indi bu hadisəni bütün ölkə bilir. Döyən uşaq özünü “qəhrəman”, döyülənsə “əzilmiş” hesab edir. Döyülən oğlana sabah “sən o döyülən oğlansan” deyə kimlərinsə tənə vurmayacağı nə məlum? Biz toplum olaraq hadisəni bu dərəcədə ictimailəşdirməklə o uşağa kömək etmirik, əksinə, daha da yaralayırıq. Hesab edirəm ki, qısa müddətdə günahkar tərəf cəzalanmalıdır. Valideynlərin və o məktəblinin timsalında. Yetkinlik yaşına çatmadığına görə o oğlana cinayət işi açılmayacaq. Lakin hər bir əməlin cəzası, qarşılığı olmalıdır. Bunu da məktəb rəhbərliyi, hüquq-mühafizə orqanları düşünsün. Sinif yoldaşını qəddarlıqla döyən yeniyetmə əməlinin cinayət tərkibli olduğunu bilməli və məsuliyyət daşımalıdır. Ümid edək ki, təhqirə məruz qalmış oğlan düzgün yol tutar və güclü insan, güclü xarakter olaraq formalaşar. Bunu da mütləq vurğulamalıyam ki, o uşağa psixoloji yardım vacibdir.