Elm və təhsil sahəsində problemlər “n” qədərdir - Fəlsəfə doktoru

  • Universitetlərimizin vebsaytları şəxsi wordpress bloqlarından da aşağı səviyyədədir. Adi Hindistan əyalətinin elmi institutlarının səviyyəsindən geri qalır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərancamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunub.

Bu vacib Sərəncamın Milli prioritetlər sırasında "XXI əsrin tələblərinə uyğun təhsil" məqsədi kimi 2028-ci ilə qədər Dünyada TOP 800-lükdə təmsil olunan Azərbaycan universitetlərinin sayının 3-ə çatdırılması nəzərdə tutulub. Lakin reallıq Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilmədiyini deməyə əsas verir.

Sherg.az bildirir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən fəlsəfə doktoru Etibar Əliyev qeyd edib ki, elm və təhsil naziri Emin Əmrullayev Prezidentin imzaladığı Sərancamın icra olunmamasının səbəblərini açıqlamalıdır: “Universitetlərin bir neçəsi hədəfə "çatmaq" üçün dünyada heç bir nufuzu olmayan "QS World University Rankings" və “UI GreenMetric" kimi yandaş reytinqlərə yol tapa bildilər. Xərclənən yüksək məbləğlərə rəğmən edilən simulyasiya barədə təhsil mütəxəssislərinin məlumatı var. Bu hərəkətlər Azərbaycan cəmiyyətini ələ salmağa xidmət edir. Hazırda dünya universitetlərinin 3 əsas reytinqi mövcuddur. Şanxay Universiteti (Shanghai University IHE, ARWU), Times Higher Education, Webometrics. Dünən Times Higher Education Dünya Universitetləri Reytinqi: 2027 (THE WUR 2027) açıqlandı. UNEC istisna olmaqla vəziyyət çox acınacaqlıdır. Yalnız bu Universitet Strategiyada qoyulan hədəfə çatıb. UNEC THE 2026: 801-1000, THE 2027: 701-800. Bakı Dövlət Universiteti 2025-cü ildə 1500+, 2026-ci ildə 1500+, THE 2027-ci ilin reytinqində 1601-1800. Neft və Sənaye Universiteti 2025-ci 1500+, 2026-cı ildə 1500+, THE 2027-də1801-2000. Azərbaycan Texniki Universiteti 2001+. Azərbaycan Tibb Universiteti 2001+.  

Universitetlərimizin indiki durumu, xüsusilə, Azərbaycan Pedaqoji Universitetində və Azərbaycan Tibb Universitetindəki (müəllim həkim hazırlayan əsas ali məktəblər) mövcud biabırçı vəziyyət həqiqətən kollapsdır. PİSA - dakı geriləməmizə inkişaf donu geyindirməyi "bacaran" nazir, bu axsamalara heç bir don geyindirə bilməyəcək, çünki orta təhsildə olduğu kimi, ali məktəblərin inkişafına da ən böyük zərbə vuran elə onun özüdür”. 

Mütəxəssislər bildirir ki, Prezidentin sərəncamı ilə təsdiqlənən Strategiyanın ölkədə 2 tədqiqat universitetinin yaradılması barədə bəndi də icra edilməyib. ETN bu gün bu istiqamətdə fövqalədə işlər görsə, 5 ildən sonra nə isə ola bilər. Bəs ETN bu 5 ildə nə edib? ETN razılığı ilə hər il təmirə 10 milyonlar israf edən universitetlər elmin inkişafı üçün nə edib? 

Sherg.az bildirir ki, fəlsəfə doktoru Rahil Nəcəfov elm və təhsil sahəsində problemlərin “n” qədər olduğunu deyib: 

- Universitetlərimizin vebsaytları şəxsi wordpress bloqlarından da aşağı səviyyədədir. Adi Hindistan əyalətinin elmi institutlarının səviyyəsindən geri qalır. Müasir Universitet vebsaytlarında müəllim kontingenti - onların elmi fəaliyyətləri, akademik nəticələri çox yüksək səviyyədə təqdim olunur. Amma bizimkilərdə müəllimlərin şəxsi səhifələri və elmi nəticələri - məqalə və əsərləri göstərilmir, sanki qəsdən gizlədilir. Bəzən elə müəllim profilləri varki onun səhifəsində cəmi 2-3 məqalə görünür, o da VAK -ın heç kəsə lazım olmayam elmi jurnallarında çıxarılmış olur. Sual olunur bu göstəricilərlə bu müəllimlər Universitetlərdə necə elm tədris edirlər. Axı heç özləri dünyada ciddi elm adamı kimi tanınmırlar. Yəni, problemlər "N" saydadır.