Əvvəlcə müəllimlərin telefondan istifadəsi qadağan olunmalıdır - Təhsil eksperti

  • Afərim Seyidova: “Yeni qərarın uğuru ilk növbədə müəllimlərdən asılıdır”

Bir çoxumuz sosial şəbəkələrdə şagirdlərin dərs zamanı mobil telefonla çəkdikləri və təhsillə əlaqəsi olmayan görüntülərlə qarşılaşmışıq. Əfsuslar olsun ki, bu gün mobil telefon gənclərin həyatında hava və su qədər vacib yer tutur. Hətta deyərdim ki, harasa gedəndə ilk şəxsiyyət vəsiqəsini yox, telefonu götürürlər.

Telefon artıq şəxsiyyəti təsdiq edən sənəddən də ön plana keçib. Məktəbdə çəkilən videolar həmişə bir sualı göz önünə gətirirdi: Mobil telefonların sinif otağında olduğu şəraitdə tədris prosesinin səmərəliliyini qorumaq nə dərəcədə mümkündür? Məsələnin yaratdığı narahatlıq rəsmi qurumları hərəkətə keçirib. Elm və təhsil naziri Emin Əmrullayevin qərarına əsasən, dərsdə ağıllı saatdan tutmuş mobil telefona qədər hər bir elektron cihazdan istifadə qadağan olunub. Şagirdlər bunlardan yalnız müəllimin icazəsi və nəzarəti altında, tədris məqsədləri üçün istifadə edə bilərlər.

Bəs yeni qərar təhsilin keyfiyyətini artırmağa kömək edə biləcəkmi?

Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova Sherg.az-a bildirib ki, orta məktəbdə şagird çoxluğu müəllimlərin onlara nəzarət etməsini çətinləşdirir: 

“Bu qədər uşağın telefonu dərs yoxsa başqa məqsədlər üçün istifadə etdiyini müəyyən eləmək qeyri-mümkündür. Nazirin qərarı təhsilin keyfiyyətinin yüksəldilməsinə hesablanıb. Son zamanların ən çox müzakirəyə çıxarılan mövzusu da təhsilin keyfiyyəti ilə bağlı idi. Keyfiyyəti də qaldırmaq üçün qəti və ardıcıl addımlar atmaq lazımdır. Onsuz da şagirdlər günün 8-10 saatını telefonla keçirir. Dərsdə əlində telefon olan şagirdin, bütün diqqəti müəllimin danışdıqlarında və verdiyi tapşırıqlarda yox, qarşına çıxdığı videolarda olacaq. Heç olmazsa, dərs zamanı telefonlar toplanmalıdır ki, beyinləri dincələ bilsin. Dərsdə telefondan istifadə etməyin qadağan olduğunu dərk edən şagirdlər, istər-istəməz fikirlərini tədrisə və lövhədə danışan müəllimə yönəldəcəklər”. 

Eskpertin sözlərinə görə, yeni qərarın effektivliyini təmin etmək üçün ilk növbədə müəllimin dərs zamanı telefondan istifadəsi qadağan olunmalıdır:

“Çünki dərs, müəllim və şagirdin birgə faəliyyət prosesidir. Yeni qərarın effektivliyi müəllimin düzgün davranışından da asılıdır. Uşaqlara qışqırmaq, onları sanki telefondan tam məhrum edirmiş kimi davranmaq da doğru olmaz. Yəni, müəllim şagirdlərə rəqəmsal texnologiyaların təhsilə inteqrasiyasını inkar etmədiklərini, sadəcə olaraq dərs prosesində müəllim amilinə və təbii intellektə üstünlük verdiklərini aşılamalıdır”. 

A.Seyidova qeyd edib ki, məktəb psixoloqları da prosesə cəlb olunmalı, direktordan tutmuş müəllimlərə qədər bütün pedaqoji kollektivlə sistemli iş aparılmalıdır:

“Müəllimlərin davranış standartları təkmilləşdirilməlidir. Tutaq ki, telefonlar yığıldı. Əgər müəllim şagirdlə düzgün ünsiyyət qurmağı bacarmır, onun psixologiyasını anlamır və yanaşmasını yaş xüsusiyyətlərinə uyğunlaşdıra bilmirsə, telefonların toplanması belə təhsilin keyfiyyətini artırmağa kömək etməyəcək. Uğurlu və effektiv təhsil yalnız müəllim-şagird əməkdaşlığı, düzgün ünsiyyət və qarşılıqlı güvən üzərində inşa oluna bilər”.