- “Onları qəfil və sərt şəkildə dərs rejiminə qaytarmayın”
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Məktəblərin açılmasına az qalmış, ənənəvi olaraq valideynlərin də məktəb hazırlığı ilə bağlı qayğıları artıb. Çünki söhbət təkcə məktəbli forması, çanta, dəftərxana ləvazimatları, kitablar və digər zəruri məhsulların alınmasından getmir. Uşağın yeni tədris ilinə fiziki və psixoloji baxımdan hazırlanması da xüsusi diqqət tələb edir.
Məktəb alış-verişi ilk baxışdan sadə görünsə də, valideynlər üçün həm maddi, həm də psixoloji baxımdan müəyyən çətinliklər yaradır. Valideynlər uşağın həm ehtiyaclarını qarşılamağa, həm də sosial mühitdə özünü “əskik” hiss etməməsinə çalışırlar. Bu isə bəzi hallarda zəruri olmayan brend və bahalı məhsulların alınmasına gətirib çıxarır. Beləliklə, məktəb alış-verişi təkcə ehtiyacların təmin edilməsi deyil, həm də istehlak təzyiqi məsələsinə çevrilir.
Məktəb ləvazimatlarının keyfiyyəti və təhlükəsizliyi
Mütəxəssislər isə tövsiyyə edir ki, məktəb ləvazimatları alarkən əsas meyar yalnız qiymət və xarici görünüş olmamalıdır. Keyfiyyətsiz və saxta məhsullar, xüsusilə uşaqların gündəlik istifadə etdiyi çanta, dəftər və kitablar sağlamlıq baxımından müəyyən risklər yarada bilər. Buna görə də valideynlərin məhsul seçərkən onun keyfiyyətinə, təhlükəsizliyinə və satış sənədlərinə diqqət yetirməsi vacibdir.
Məktəbli çantası və düzgün oturuş
Məktəb hazırlığında diqqət yetirilməli məsələlərdən biri də uşağın hər gün daşıyacağı çantanın seçimidir. Çantanın həddindən artıq ağır olması uşağın bel, boyun və çiyin nahiyəsinə əlavə yük yarada, düzgün istifadə edilmədikdə isə dayaq-hərəkət sistemi ilə bağlı problemləri ağırlaşdıra bilər. Məktəbli çantasının ağırlığı içərisindəki ləvazimatlarla birlikdə uşağın çəkisinin 10 faizi qədər olmalıdır. Yəni təxminən 2-2,2 kq. Uşaqlara həmçinin düzgün oturmaq qaydalarını öyrətmək lazımdır ki, sonradan onurğa sütununda deformasiyalar yaranmasın. Uşağın gözü ilə masa-parta arasındakı məsafə orta hesabla 30 sm olmalıdır.
Tətildən sonra məktəbə psixoloji adaptasiya
Uşağın məktəbə hazırlığı yalnız fiziki sağlamlıq və məktəb ləvazimatlarının alınması ilə məhdudlaşmır. Təcrübə göstərir ki, uşaqlar tətildən dərs mühitinə qayıdanda ciddi adaptasiya çətinlikləri yaşayırlar. Yenidən intizam qaydalarına tabe olmaq, dərslərlə məşğul olmaq, rahatlıq zonasından çıxmaq və diqqəti toplamaq məcburiyyəti bu prosesi çətinləşdirir. Xüsusilə azyaşlı məktəblilər səhərlər yuxudan oyanmaqda çətinlik çəkirlər. Bunun əsas səbəbi komfort zonasının dəyişməsidir. Uşaqlar yay tətilində yetərincə dincəlirlər. Əgər bu dövrdə kitab oxumayıb, yazı yazmayıblarsa, tədris prosesinə birdən-birə keçid etmək onlar üçün daha ağır olur. Belə olan halda uşaqlar müxtəlif bəhanələrlə dərsdən qalmaq istəyir və həftəsonunu səbirsizliklə gözlədiklərini bildirirlər.
Psixoloq Nərmin İslamova Sherg.az-a bildirib ki, uşağın məktəbə başlaması yalnız yeni bir təhsil mərhələsi deyil, həm də onun üçün böyük emosional və sosial dəyişiklikdir.
Psixoloq hesab edir ki, tətildən sonra məktəbə qayıdış uşaqlar üçün yalnız dərs rejiminə deyil, həm də gündəlik həyata yenidən uyğunlaşma prosesidir. Bu baxımdan adaptasiya müddətinin əvvəlcədən, ev şəraitində başlanması və zamanla məktəb-valideyn əməkdaşlığı çərçivəsində davam etdirilməsi vacibdir: “İlk növbədə uşağın məktəbə qayıdışla bağlı hiss və düşüncələrini öyrənmək vacibdir. Onun narahatlıqlarını ifadə etməsinə imkan vermək, hisslərini anlamağa çalışmaq və bu barədə açıq danışmaq adaptasiya prosesinə müsbət təsir göstərə bilər. Narahatlığın səbəbləri müəyyənləşdirildikdən sonra həll yollarını uşaqla birlikdə müzakirə etmək onun özünü daha güvənli hiss etməsinə kömək edər. Belə yanaşma uşağa hisslərinin önəmli olduğunu və çətinlik qarşısında valideynlərinin yanında olduğunu göstərir. Məktəb başlamazdan bir neçə gün və ya həftə əvvəl uşağın gündəlik rejimini məktəb qrafikinə uyğunlaşdırmaq faydalıdır. Kitab oxuma, yazı və təkrar üçün müəyyən saatların ayrılması, telefon və planşetdən istifadə müddətinin tədricən azaldılması uşağın dərs rejiminə keçidini asanlaşdıra bilər. Eyni zamanda məktəb yolunu əvvəlcədən bir neçə dəfə birlikdə getmək də uşağın yeni rejimə və mühitə daha rahat uyğunlaşmasına şərait yaradır. Tətil müddətində gec yatmağa və səhərlər gec oyanmağa öyrəşən uşaqlar üçün məktəb başlayanda erkən oyanmaq xüsusilə çətin ola bilər. Buna görə də məktəbə bir neçə gün qalmış yuxu rejiminin tədricən qaydaya salınması tövsiyə olunur. Bunun üçün hər gün yatma və oyanma saatını təxminən 15 dəqiqə əvvələ çəkməklə uşağın orqanizmini məktəb rejiminə uyğunlaşdırmaq mümkündür. Bununla yanaşı, sağlam və nizamlı qidalanma da uşağın gün ərzində özünü daha enerjili və rahat hiss etməsinə kömək edir. Düzgün qidalanma uşağın yalnız fiziki aktivliyinə deyil, dərs zamanı diqqət və ümumi öyrənmə prosesinə də təsir göstərir”.
Valideyn dəstəyi mühüm amildir
Psixoloq qeyd edib ki, valideyn dəstəyi adaptasiya dövründə də uşaqlar üçün xüsusi əhəmiyyət daşıyır:
“Məktəb ləvazimatlarının və geyimlərin birlikdə seçilməsi, məktəbə əvvəlcədən baş çəkmək, müəllimlərlə tanış olmaq və məktəb mühitini birlikdə kəşf etmək uşağın yeni dərs ilinə psixoloji hazırlığını gücləndirə bilər. Əsas məqsəd uşağı məktəbə qəfil və sərt şəkildə deyil, mərhələli şəkildə qaytarmaqdır. Valideynin anlayışlı münasibəti, düzgün rejim və məktəblə əməkdaşlıq uşağın tətildən sonra dərs prosesinə daha rahat və stresssiz uyğunlaşmasına kömək edə bilər”.
Sözsüz ki, yeni tədris ilinə hazırlıqda uşağın gündəlik qidalanması da xüsusi əhəmiyyət daşıyır. Yay tətilindən sonra dəyişən rejimə uyğunlaşma ilə yanaşı, məktəbdə uzun müddət diqqətin qorunması üçün balanslı qidalanma vacibdir.
Qida məsələləri üzrə ekspert Ağa Salamov bildirib ki, səhər yeməyi şagirdin enerji və diqqət səviyyəsinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, düzgün qidalanma uşağın yaddaşının, diqqətinin və fiziki aktivliyinin qorunmasına kömək edir: “Düzgün qidalanma – uğurlu öyrənmənin açarıdır. Uşaqların beyni sürətlə inkişaf etdiyi üçün onların gündəlik qida rasionunda vitaminlərə, minerallara, zülallara və sağlam yağlara ehtiyac duyulur. Qidalanma nə qədər balanslı olsa, uşaq bir o qədər dərslərdə diqqətini cəmləyə bilir, fiziki aktiv olur, yaddaş gücü və motivasiyası artır, xəstəliklərə qarşı müqavimətli olur”.
Ekspertin sözlərinə görə, uşaqların dərsə ac getməməsi vacibdir. Səhər yeməyində süd və yulaf, yumurta və çörək, pendir, tərəvəz, zeytun, meyvə və qoz-fındıq kimi məhsullara üstünlük vermək olar. Hazır şirniyyatlar, qazlı içkilər, çips və fast-food məhsullarının isə həddindən artıq istifadəsi məsləhət görülmür.
Ağa Salamov məktəbə gedən uşaqlar üçün qida çantasının da düzgün hazırlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, uşağın yanında alma və ya banan, pendirli sendviç, evdə hazırlanmış rulet və ya keks kimi yüngül və faydalı qidalar ola bilər. Gün ərzində kifayət qədər su qəbul etmək də uşağın diqqət və zehni fəaliyyətinin qorunması baxımından önəmlidir.
Son olaraq qeyd edək ki, sürücülərə məktəb ətrafında hərəkət edərkən xüsusilə diqqətli olmaları, sürət həddinə riayət etmələri və piyada keçidlərində şagirdlərə yol vermələri tövsiyə olunur. Valideynlərdən isə uşaqlara yol hərəkəti qaydalarını bir daha izah etmələri, xüsusilə yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən keçməyin vacibliyini diqqətə çatdırmaları xahiş edilir.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumata görə, yeni tədris ilinin başlanmasına sayılı günlər qaldıqca paytaxtın küçə və prospektlərində, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, DYP və AYNA əməkdaşları tərəfindən təhsil müəssisələrinin ətrafındakı yol şəraitinə nəzarət gücləndirilir.
Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır.
Eyni zamanda, məktəblərin qarşısında piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir. Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.