Metro qərarı ilə bağlı universitetlər onlayn sistemə keçə bilər - RƏY

  • "Ali təhsildə bütün dərslərin hər gün fiziki iştirak tələb etməsi şərt deyil"

Metroda aparılması planlaşdırılan genişmiqyaslı tikinti işləri paytaxtın nəqliyyat sisteminə təsiri ilə yanaşı, təhsil müəssisələrinin fəaliyyətində də müəyyən çətinliklər yarada bilər.

Xüsusilə Nizami-28 May istiqamətində hərəkətin uzun müddət məhdudlaşdırılması həmin ərazidə və yaxın ərazilərdə yerləşən məktəb və universitetlərə gedib-gələnlərin hərəkətinə təsir göstərəcək, nəqliyyat yükünü artıracaq. Bu baxımdan tədris prosesinin təşkili ilə bağlı məsələlərin nəqliyyat şəraiti nəzərə alınmaqla əvvəlcədən qiymətləndirilməsi və mümkün alternativlərin nəzərdən keçirilməsi gündəmə gəlir. Əsas sual isə təhsil müəssisələrinin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlıdır.

Mövzu ilə bağlı Sherg.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, metroda planlaşdırılan genişmiqyaslı tikinti işləri fonunda təhsil müəssisələrinin fəaliyyətinə də nəqliyyat amili nəzərə alınaraq yanaşmaq lazımdır:

"Söhbət yalnız bir neçə günlük çətinlikdən getmir. Nizami-28 May istiqamətində hərəkətin təxminən 10-11 ay dayandırılması paytaxtın nəqliyyat yükünü müəyyən qədər artıracaq.

Xüsusilə burada bir məqamı nəzərə almalıyıq ki, həmin ərazidə çoxsaylı universitetlər, məktəblər və digər təhsil müəssisələri yerləşir. Üstəlik, Bakı kimi onsuz da nəqliyyat sıxlığının yüksək olduğu şəhərdə Formula 1 kimi böyük tədbirlərin keçirilməsi müəyyən günlərdə vəziyyəti daha da ağırlaşdıra bilər.

Amma mən bütün məktəb və universitetlərin avtomatik olaraq onlayn təhsilə keçməsinin də tərəfdarı deyiləm. Daha doğru yanaşma lokal və çevik qərarlar verməkdir.

Məsələn, nəqliyyat baxımından daha çox yüklənəcək ərazilərdə yerləşən təhsil müəssisələri üçün müəyyən günlərdə onlayn dərslər, hibrid təhsil, dərs saatlarının dəyişdirilməsi və yaxud növbəli qrafik tətbiq oluna bilər". 

Ekspert qeyd edib ki, xüsusilə universitetlərdə bu model daha rahat tətbiq edilər:

"Ali təhsildə bütün dərslərin hər gün fiziki iştirak tələb etməsi şərt deyil. Məktəblərdə isə vəziyyət daha fərqlidir. Burada şagirdlərin yaşı, valideynlərin iş rejimi, müəllimlərin imkanları və təhsilin keyfiyyəti mütləq şəkildə nəzərə alınmalıdır.

Əsas məqsəd tikinti işlərinin yaratdığı nəqliyyat problemini təhsilin keyfiyyətinin hesabına həll etmək yox, nəqliyyat və təhsil sistemlərinin bir-birinə uyğunlaşması olmalıdır. Dövlət qurumları tədris ili başlamazdan əvvəl hansı təhsil müəssisələrinin daha çox risk altında olduğunu müəyyənləşdirib həmin müəssisələr üçün alternativ qrafik hazırlaya bilər". 

Mütəxəssisin fikrincə bu, həm tələbə və şagirdlərin vaxt itkisini, həm də şəhərdə əlavə nəqliyyat yükünü azaldar:

"Başdan ümumi onlayn təhsil qərarı verməkdənsə, ehtiyac olan ərazilər və tarixlər üzrə çevik, hibrid və alternativ təhsil mexanizmləri tətbiq edilməlidir. Bu daha real və idarə olunan yanaşma olar".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən aldığımız məlumata görə məktəblərlə bağlı qeyd edilən məsələ müzakirə edilmir. 

Ali təhsil müəssisələri isə mövcud məsələ ilə bağlı özləri qərar qəbul edə bilərlər.