- Əmrah Həsənli: "Kimisə ittiham etmək üçün fakt və sübut lazımdır"
- Oksford Universitetinin bufet sistemi diqqət çəkdi- gəlir var, amma tələbənin hesabına deyil
“Rektor universitetə “oxrana” ilə daxil olur, rektor universitet bufetindən 20 min kirayə haqqı alır, rektor universitetə şəxsi obyekti, şəxsi biznesi kimi baxırsa, o təhsil müəssisəsindən nə gözləyirsən?” Bu sözləri “Bakı Reallığı” podkastında "Dahi Academy" tədris mərkəzinin təsisçisi və direktoru Dahi Lətifov səsləndirib. D.Lətifov ümumi danışıb, konkret ad çəkməyib. Söylədiklərində həqiqət payı nə qədərdir?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, hansısa vəzifəli şəxslərin qeyri-qanuni işləri ola bilər. Azərbaycan hüquqi dövlətdir, biznes fəaliyyətləri qanunla tənzimlənir:
“Kimisə ittiham etmək üçün ortada sübut olmalıdır. Pafosla danışırlar, bəlkə də reklam xatirinə bunu edirlər. Cəmiyyət tərəfindən də baxılır, izlənir, alqışlanır ki, hə, düz deyir. Amma iddialar fakta söykənməlidir. Əgər hardasa korrupsiya, qanunazidd əməllər varsa, əlbəttə, buna qəti yol vermək olmaz. Ali məktəblərə rektorlar ölkə başçısının sərəncamı ilə 5 il müddətinə təyin edilirlər. Onlar bu etimadı doğrultmaq üçün əllərindən gələni etməlidirlər. Məsuliyyət daşıyırlar Prezident qarşısında, cəmiyyət qarşısında. Universitetlər ölkə gənclərini yetişdirir. Bu mənada diqqətli, məsuluyyətli olmaq və sui-istifadə hallarına yol vermək olmaz. Konkret fakt varsa, buyursunlar, bildirsinlər, müvafiq orqanlar da tədbir görsün”.
Podkastda səslənən “rektor universitet bufetindən 20 min kirayə alır” iddiası üzərinə kiçik bir araşdırma apardıq. Məsələn, dünya üzrə məşhur ali məktəblərin bufetlərində vəziyyət necədir, oralarda universitet bufetləri gəlir mənbəyidirmi?
Məsələn, məşhur Oksford Universitetinin rəsmi Oxford University Finance and Funding məlumatına görə, gəlirlər əsasən tədqiqat qrantları, təhsil haqları və investisiyalardan formalaşır. Universitetin və ona daxil olan kolleclərin maliyyə mənbələri tədqiqat qrantları, hökumət qurumlarından, elmi fondlardan və sənaye tərəfdaşlarından alınan vəsaitlər, yerli və xarici tələbələrin ödədikləri təhsil haqları, əsrlər boyu toplanmış kapitalın qiymətli kağızlara, fondlara yatırılması və daşınmaz əmlak icarəsindəndir. Məzunların, xeyriyyəçilərin və fondların bağışladığı ianələr, Oksford Universitetinin nəşriyyat evi (Oxford University Press) kimi qurumların gətirdiyi qazanclar da var. Oksford Universitetində tələbələr əsasən öz kolleclərinin yeməkxanalarında, eləcə də universitet daxilindəki müxtəlif kafe və bufetlərdə qidalanırlar. Universitet və onun müstəqil kollecləri bu iaşə obyektlərindən əhəmiyyətli gəlir əldə edir. Amma tələbələrin hesabına yox. Oksfordun mərkəzi binalarında, kitabxanalarında və universitet muzeylərində həm tələbələr, həm də şəhər qonaqları üçün ümumi kafelər mövcuddur. Bu sistem iki fərqli xətt üzrə işləyir və qazanılan vəsait daxili xərcləri qarşılamaq və kapitalı artırmaq üçün istifadə olunur. Tələbələrə təklif olunan yeməklər kommersiya məqsədi güdmür və qiymətlər şəhər mərkəzinə nisbətən aşağı saxlanılır. Gündə 3 dəfə qidalanmaq olar. Qiymətlər 6 avro.nu aşmır. Buradan gələn gəlir əsasən mətbəx işçilərinin maaşlarını, ərzaq xərclərini və infrastrukturun saxlanılmasını qarşılayır. Universitet və kolleclər öz möhtəşəm tarixi yeməkxanalarını, kafelərini və zallarını tətil dövrlərində yay məktəblərinə, özəl korporativ tədbirlərə, toy mərasimlərinə və konfranslara icarəyə verirlər. Bu kommersiya xidmətlərindən gələn gəlir kolleclərin büdcəsinə çox böyük maliyyə axını təmin edir. Universitetə məxsus kafelər hər il yüz minlərlə turistə xidmət edir və təmiz kommersiya gəliri hesab olunur.