"Türk dünyasının bu ifadəni öz tədris proqramlarında və dərsliklərində istifadə etməsi bir başlanğıc olacaq"
Türkiyə təhsil sistemində həyata keçirilən dəyişikliklər proqram yenilənməsi ilə məhdudlaşmayıb. Belə ki, milli yaddaş və tarixi şüurun yenidən formalaşdırılması istiqamətində mühüm addımlar atılır.
Uzun illər istifadə olunan Avropamərkəzçi anlayışların yerinə Türk tarixini və mədəni kimliyini ön plana çıxaran ifadələrin işlədilməsi yeni yanaşmanın əsas xüsusiyyətlərindən biridir. Bu baxımdan dərsliklərdə “Orta Asiya” əvəzinə “Türküstan” termininin istifadəsi ortaq tarixi yaddaşın və milli kimlik anlayışının gücləndirilməsi istiqamətində atılmış mühüm addım hesab olunur. Bu barədə qərarı Türkiyə Milli Təhsil Naziri qəbul edib.
Həmin proqramın yazarlarından olan Dr. Hamide Kılıç Sherg.az-a tarix dərsliklərində ortaq türk dünyasıba aid ifadələtin istifadə edilməsinin vacib olduğunu vurğulayıb:
"2024-2025-ci tədris ili etibarilə Türkiyədə həyata keçirilən Türkiyə Yüzili Maarif Modeli, bacarığı əsas tutan quruluşa malik sistemdir. Bu model fərdin bütöv inkişafını və nəticə etibarilə yetkin insan yetişdirməyi hədəfləyən yanaşma olaraq “Köklərdən gələcəyə” prinsipi ilə tətbiq olunmağa başlanıb. Proqramda uzun illər terminologiyada hakim olan Avropamərkəzçi diskursa alternativ yanaşmalar da formalaşdırılıb. Bunun ilk addımı uzun illər tədris proqramlarında yer alan “Orta Asiya” ifadəsinin yerinə “Türküstan” ifadəsinin işlədilməsidir. Hazırkı vəziyyətdə Türkiyədə orta məktəb Sosial Bilgilər fənninin və lisey Tarix fənninin 2024-cü il tədris proqramında “Türküstan” ifadəsindən istifadə edilib. Sosial Bilgilər fənnində 6-cı sinif “Ortaq İrsimiz” öyrənmə sahəsinin birinci təlimi nəticəsində “SB.6.3.1. Türküstanda qurulan ilk Türk dövlətlərinin sivilizasiyamıza töhfələrini sorğulaya bilmə” ifadəsi yer almaqdadır.
Burada şagirdlərin əvvəlcə Türküstanın sərhədlərini öyrənmələri nəzərdə tutulur. Daha sonra isə Asiya Hunları, Göytürklər və Uyğur dövlətlərinin Türk və dünya sivilizasiyalarına töhfələrinin öyrədilməsi ilə şagirdlərin Türk tarixini araşdırmağa təşviq olunmaları məqsəd qoyulur.
Bu istiqamətdə hazırlanmış 6-cı sinif Sosial Bilgilər dərsliyində də Türküstan xəritəsi yer alıb:
6-cı sinif Sosial Bilgilər Dərsliyi (1-ci kitab- s.110)
Ekspert bildirib ki, 2024-cü il Türkiyə lisey Tarix fənni tədris proqramında isə 9-cu sinif səviyyəsində “Qədim Dövr Sivilizasiyaları” bölməsində “Türküstan sivilizasiya hövzəsi” ifadəsi bir çox yerdə işlədilib:
"10-cu sinifdə isə “Türküstandan Türkiyəyə” adlı bir bölmə yer alıb. Həmçinin burada Türküstan xəritəsi verilib.
Bundan əlavə, proqramda Egey dənizi yerinə “Adalar (Egey) dənizi” ifadəsi işlədilib.
Beləliklə, bu müddətdə türklərin bildiyi ifadələrdən istifadə olunub və Avropamərkəzçi diskurs yerinə alternativ yanaşma formalaşdırılıb.
Bu dəyişiklik milli yaddaşa yenidən dönüşün ilk addımları kimi qiymətləndirilə bilər. Onsuz da milli yaddaşımızda mövcud olan bu yer adlarının yerinə ədəbiyyatda geniş istifadə olunan terminləri və ya ifadələri işlətmək, bu məkanlara yadlaşmanın başqa bir yoludur.
Bu səbəbdən ortaq yaddaşda mövcud olan adlar varkən, “ədəbiyyat dili” adı altında fərqli baxış bucaqları ilə öz mədəniyyətimizə və sivilizasiyamıza yanaşmaq doğru deyil.
Türk dünyasının ortaq yaddaşında yer alan ad və sözlərin xüsusilə öz mədəniyyət və sivilizasiyamızın izahında mütləq şəkildə istifadə olunması vacibdir. Xüsusilə təhsilin milli mədəniyyətin qurulmasında ən mühüm vasitə olduğunu nəzərə aldıqda, ortaq yaddaş, ortaq şüur və ortaq terminologiya anlayışları ön plana çıxır".
Mütəxəssis bu çərçivədə Türk Dünyasının tədris proqramları və dərsliklərinin yazılmasında Türk tarixi və mədəniyyətinə aid bütün ünsürlərin ortaq terminologiya ilə hazırlanmasının vacib olduğunu vurğulayıb:
"Beləliklə, uzun müddət dərsliklərdə hakim olmuş Avropamərkəzçi diskursdan qaynaqlanan terminlər yerinə öz sözlərimizdən istifadə ediləcəkdir. Bunun nəticəsində insanlar öz köklərinə qayıdacaq və ortaq milli yaddaşdakı dəyərlərdən daha çox istifadə etməyə başlayacaqlar.
Hazırkı vəziyyətdə dərsliklərdə istifadə olunan “Türküstan” ifadəsi coğrafi məkan kimi təqdim edilib. Həm Sosial Bilgilər, həm də Tarix dərsliklərində xəritələr vasitəsilə Türküstan coğrafiyası tanıdılmağa çalışılıb. Lakin bu coğrafiyada hansı xalqların yaşadığı ilə bağlı hər hansı bir ifadəyə yer verilməyib. Bu baxımdan “Türküstan” bir coğrafiyanın adı kimi işlədilib.
Sözün mənasından çıxış edilərək ayrıca bir tərif verilməsə də, Türküstan “Türk yurdu” deməkdir. Burada türklərin hakimiyyət qurduğu coğrafiya kimi mənalandırılması “Türk yurdu” ifadəsinə zidd bir vəziyyət yaratmır".
Proqram yazarı qeyd edib ki, ortaq terminologiyanın formalaşdırılması akademik dünyada fərqli reaksiyalara və ya müxtəlif baxışlara səbəb ola bilər:
"Bu, normal prosesdir. Lakin yeni bir meyl kimi qarşımıza çıxan dekolonizasiya yanaşması baxımından yeni diskursların formalaşdırılması zəruridir. “Türküstan” terminindən istifadə olunması da bu istiqamətdə atılmış addımdır.
“Türküstan” termini uydurulmuş deyil, onsuz da mövcud olan bir termindir. Bu baxımdan Türk dünyasının bu ifadəni öz tədris proqramlarında və dərsliklərində istifadə etməsi bir başlanğıc olacaq.
Türküstan termininin işlədilməsinə bölgə baxımından yanaşıldıqda isə bu, ortaq yaddaş və şüurun inkişafına dəstək verəcək. Bu istifadə Türk Dünyasının yeni addımlar atmasının da yolunu açacaq".