Bəzi yerlərdə şimşək çaxıb, dolu düşüb - FAKTİKİ HAVA

İyunun 5-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

APA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 5-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək olub.

İyunun 4-də saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə, saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 mm, rayonun Düzyurd və Talakənd kəndlərinə də dolu düşüb.