Koronavirus peyvəndi ilə dünya miqyasında tanınan Almaniya mənşəli biotexnologiya şirkəti "BioNTech"in qurucuları Uğur Şahin və Özlem Türeci şirkətdəki rəhbər vəzifələrindən ayrılmaq qərarı veriblər.
Sherg.az xəbər verir ki, məlumata görə, "BioNTech"in baş icraçı direktoru (CEO) və həmtəsisçisi professor Uğur Şahin, eləcə də şirkətin baş tibbi direktoru doktor Özlem Türeci hazırkı vəzifələrini təhvil verəcəklər. Qərarın 2026-cı ilin sonuna qədər tam şəkildə həyata keçirilməsi gözlənilir.
Bildirilir ki, Şahin və Türeci yeni nəsil mRNA texnologiyalarının tədqiqi və inkişafına yönələcək yeni bir texnologiya şirkəti yaratmağı planlaşdırırlar. BioNTech isə klinik inkişaf mərhələsinin sonuna yaxın olan məhsul namizədlərinə və sənaye əsaslı dərman modelinə fokuslanmağa davam edəcək.
Qərardan sonra "BioNTech"in səhmləri Frankfurt birjasında təxminən 18 faiz dəyər itirib.
Eyni zamanda şirkətin Müşahidə Şurası Uğur Şahin və Özlem Türecinin yerinə yeni rəhbərlərin müəyyənləşdirilməsi üçün axtarış prosesinə başlayıb.
Məlumata görə, BioNTech yeni yaradılacaq şirkətə müəyyən hüquqlar və mRNA texnologiyaları ilə dəstək verəcək. Bunun müqabilində isə şirkət azlıq payı, gələcək mərhələ ödənişləri və lisenziya haqları əldə edəcək.