Xaricdə təhsil vədi ilə aldadılanların sayı artır - Təhsil məsələləri üzrə mütəxəssis

  • “Müğənnilərlə reklam olunan şirkətlərə aldanmayın!”

Ölkə daxilində ali təhsil müəssisələrinə qəbul oluna bilməyənlər yenə də xarici ölkələrin ali məktəblərinə üz tutur. Amma bu da məlumdur ki, xaricdə təhsilin təşkil edilməsiylə məşğul olan çoxsaylı şirkətlərin cəlbedici təkliflərinə aldananlar sonradan diplomlarının tanınmaması, sərf olunan pulların havaya sovrulduğunu bilib çarəsiz qalırlar.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlmasında xaricdə təhsil adıyla fəaliyyət göstərən şirkətlərə kor-koranə inanmağın ağır fəsadlars yol açdığını dedi: 

- Mən deyəndə ki, xaricdə təhsil şirkətlərinə və xüsusilə də manıs tayfası ilə reklam edən, nəbilim bir-iki nəfər deputatı öz əməllərinə alət edərək onlar üzərindən reklam aparanlara inanmayın, insanlarımız başa düşmür və ya başa düşmək istəmir. Yağışdan sonra çıxan göbələk kimi hər il ölkədə fevral-mart aylarından sentyabr ayınadək belə xaricdə təhsil şirkətləri, şəxslər üzə çıxır, bir müddət sonra isə izləri-soraqları yoxa çıxır. Xaricdə təhsil istiqaməti ilə bağlı hər gün sosial şəbəkədə, xüsusilə də Tiktokda manıslarla və “məşhur” şəxslərlə reklam aparan şirkət və şəxslərə qətiyyən inanmaq və güvənmək olmaz. Bir ara Harvard məzunu kimi özünü təqdim edən şəxs və şirkət barədə yayılan informasiya yayılıb. Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayət edir. Şikayətçilərdən biri Aliyə Əfəndiyeva – bu barədə “Qafqazinfo” xəbər yayıb, deyir ki, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb və müraciət edib. Üç övladının Kanadada təhsil alması üçün mart ayında Nigar Fərhadla müqavilə bağlayıb. 17 min manat ödəyib. İndi isə nə özü, nə də əməkdaşları cavab verirlər. Əlində sənədlərlə çarəsiz durumdadır. Başqa bir vətəndaş - Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödəyib. Amma nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib. Başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Ona görə, hər dəfə deyirik ki, xaricdə təhsil təşkil etmək adı altında fəaliyyət gstərənlərə inanmayın. Yoxlayın, ciddi, real şirkət olduğunu, diplomların Azərbaycanda tanındığına əmin olun, sonra müqavilə bağlayın, vəsait ödəyin.