Mütəxəssis: Whatsapp -ın iki mərhələli təsdiq funksiyası aktivləşdirilməli və güclü bir pin kod təyin edilməlidir

Kiberdələduzlar insanların "WhatsApp" hesablarını oğurlayır və yaxınlarına yazaraq pul istəyirlər.
 Xəzər TV məlumat verir ki, bununla bağlı çoxlu məlumatlar yayılmaqdadır.
İKT üzrə mütəxəssislər bildiriblər ki, hücumların əksəriyyəti xarici ölkələrin nömrələrindən gələn mesajlarla həyata keçirilir.
Bu cür hallarla qarşılaşmamaq üçün "WhatsApp"da bəzi təhlükəsizlik qaydalarına diqqət yetirmək lazımdır.
Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, "WhatsApp+" tətbiqini telefona endirib istifadə etmək olmaz. Çünki bu tətbiqdən istifadə kiberdələduzların hesabları daha rahat oğurlamasına gətirib çıxarır.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, son illərdə kiberdələduzlar insanların whatsapp hesablarını ələ keçirərək onların yaxınlarından pul və digər şəxsi məlumatlar tələb edir:

“Əlbətdəki bu cür halların artması istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır. Bu kimi hesablanır necə oğurlandığına diqqət etsək, burda bir neçə məqamların olduğunu görərik:
Birincisi, OTP (Birdəfəlik Şifrə) Fırıldağıdır. Bu zaman fırıldaqçılar istifadəçiyə WhatsApp-dan gələn birdəfəlik təsdiq kodunu paylaşmağı xahiş edir. İstifadəçi bu kodu göndərdiyi təqdirdə, hesab asanlıqla oğurlana bilər.
İkincisi, Fişinq Hücumlarıdır ki, dələduzlar WhatsApp interfeysinə bənzəyən saxta veb saytlar yaradaraq istifadəçilərin giriş məlumatlarını oğurlayırlar.
Üçüncüsü isə cihazlara sızmadır. Belə təqdirdə zərərli proqramlar və ya zəif təhlükəsizlik ayarları olan cihazlar vasitəsilə hesablar ələ keçirilə bilər.
Dördüncüsü, hesab sahibi öz whatsApp-ını bir dəfə veb brauzerdə (whatsApp web) açdıqda və çıxış etməyi unutduqda, dələduzlar bu fürsətdən yararlana bilərlər.
Bu kimi hallardan qorunmaq üçün vətəndaşlar birmənalı olaraq whatsapp -ın iki mərhələli təsdiq funksiyası (ikili identifikasia) aktivləşdirməli və güclü bir pin kod təyin etməlidirlər. Əlavə olaraq naməlum mənbələrdən gələn linklərə klik etməməli və şübhəli mesajlara diqqətli yanaşmalıdırlar”.