Daxili İşlər Nazirliyi (DİN) süni intellektlə bağlı xəbərdarlıq edib.
DİN-dən verilən xəbərə görə, xəbərdarlıqda deyilir:
"Süni intellekt texnologiyasından istifadə hallarının artdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.
Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər".
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, ilk növbədə, istifadə edilən süni intellekt həllərinin hansı şirkət və ya təşkilat tərəfindən təmin edildiyini araşdırmaq vacibdir:
“Etibarlı şirkətlər adətən öz məhsulları ilə bağlı şəffaf məlumat təqdim edir o cümlədən məxfilik siyasətləri və təhlükəsizlik tədbirləri barədə açıqlama verir. Ümumiyyətcə istifadə zamanı məşhur, sertifikatlı və tanınmış platformalara üstünlük verilməsində fayda var. Hər bir süni intellekt həllinin məxfilik siyasətinə nəzər salmaq lazımdır. Məhsulun məlumatları necə topladığı, saxladığı və kimlərlə paylaşdığı barədə məlumat məxfilik siyasətində açıq şəkildə qeyd olunmalıdır. Şübhəli və ya qeyri-şəffaf məlumat siyasəti olan platformalardan çəkinmək tövsiyə olunur. Bununla yanaşı etibarlı süni intellekt həlləri beynəlxalq təhlükəsizlik standartlarına cavab verməlidir. Məsələn, ISO 27001 və ya GDPR (Avropa Birliyinin Ümumi Məlumat Qoruma Qaydaları) kimi standartlara uyğun bir məhsulun təhlükəsizliyini təsdiqləyə bilər. Düşünürəm ki, açıq mənbəli süni intellekt həlləri, daha şəffaf olur. Çünki müstəqil ekspertlər onların kodunu yoxlaya bilir. Lakin insanlar yarana biləcək zərərdən qorunmaq üçün hər hansı bir süni intellekt həllindən istifadə edərkən yalnız zəruri məlumatları paylaşmağı tövsiyyə olunur. Həddindən artıq şəxsi və ya kritik məlumatların təqdim olunmamasına diqqət etməlidirlər. Əlavə olaraq Sİ hesabları üçün güclü şifrə yaradılmalı və iki faktorlu autentifikasiya (2FA) aktivləşdirilməlidir. Bu da öz növnəsində əlavə müdafiə qatının təmin edilməsinə köməkçi olur”.