Baş nazir deyib ki, uşaqlıq dövrü oyun, sosial ünsiyyət və real həyat təcrübələri ilə keçməlidir, ekranlar isə bunu əvəz etməməlidir
Norveç hökuməti 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi üzərində işləyir.
Sherg.az xəbər verir ki, layihənin 2026-cı ilin sonuna qədər parlamentə təqdim olunacağı bildirilir. Qaydaların icrasına isə birbaşa sosial media şirkətləri cavabdeh olacaq və yaş yoxlama sistemlərinin tətbiqi tələb ediləcək.
Baş nazir Yonass Qahr Störe təşəbbüsün məqsədinin uşaqları rəqəmsal asılılıqdan qorumaq olduğunu deyib. Onun sözlərinə görə, uşaqlıq dövrü oyun, sosial ünsiyyət və real həyat təcrübələri ilə keçməlidir, ekranlar isə bunu əvəz etməməlidir.
Oxşar məhdudiyyətlər artıq Avstraliya da daxil olmaqla bir sıra ölkələrdə tətbiq olunub və bir çox Avropa və Asiya dövlətləri də bu istiqamətdə addımlar atır. Bununla belə, bəzi ekspertlər belə qadağaların tam effektiv olmadığını, bir çox yeniyetmənin alternativ yollarla sosial şəbəkələrə girişə davam etdiyini bildirir.