Hər keçən gün insanların qayğıları daha da artır. Dövrün tələblərinə və zamanın sürətinə çatmaq üçün isə insana hər zaman köməkçi vasitələr lazım olub. 1950-ci ildə cəmiyyətin zəruri ehtiyacından doğan boşluğu ingilis riyaziyyatçısı və məntiqçisi Alan Türinq doldurdu. İnsanın düşüncə mexanizmini maşınlara köçürmək üzərində işləyən alim, məhz həmin il süni intellektin konseptual təməlini qoydu. Hazırda demək olar ki, bir çox sahədə iş prosesləri süni intellektin üstün imkanları ilə əvəzlənir. Günümünüz mediası da onunla ayaqlaşmaq məcburiyyətində qalıb. Lakin bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmır. İnsanlar xəbər portallarında yayımlanan videolara iki sual nəzərindən baxır: Bu gerçəkdir yoxsa, sünii intellekt vasitəsilə hazırlanıb? Bəs bu inamsızlığın kökündə süni intellektə olan etibarsızlıq dayanır, yoxsa ondan doğru-düzgün istifadə etməyi bacarmayan jurnalistlər?
Mövzu ilə bağlı jurnalist Nəmənd Rüstəmov Sherg.az-a bildirib ki, süni intellektin faydalı yönləri olduğu qədər, zərərli tərəfləri də mövcuddur:
"Hazırda bütün xəbər portalları xəbərin yazılmasında, alınan açıqlamaların mətnə çevrilməsində, hətta “Gemini” vasitəsilə məzmuna uyğun fotoların hazırlanmasında süni intellektdən istifadə edirlər. Doğrudur, süni intellekt operativ məlumat axınının təmin edilməsində və vaxta qənaətdə mühüm rol oynayır. Amma ona tam təslim olmamalıyıq. Çünki illərdir cümlələri vahid xəbər çərçivəsində quran jurnalistlərin yaradıcılıq qabiliyyəti ölür. Bununla yanaşı sünii intellekti pis məqsədlər üçün istifadə edənlərin ucbatından saxta videoları gerçəyindən ayırmaqda çətinlik çəkirik. Bəzən həqiqi görüntülərə belə şübhə ilə yanaşırıq. Süni intellekt bizim informasiyaya olan güvən və inam alqoritmimizi sarsıdıb. Məhz bu fonda informasiya savadlılığı zərurəti ortaya çıxır”.
Jurnalistin sözlərinə görə, ağı qaradan seçmək və informasiyanı düzgün süzgəcdən keçirmək jurnalistdən peşəkar məsuliyyət tələb edir:
“Bəzən məşhur xəbər saytlarının da saxta videoları həqiqət kimi təqdim etdiyinin şahidi oluruq. Bu cür xətalar izləyicinin həmin xəbər platformasına olan etibarını zədələyir. Jurnalistika sahəsində kadrların hazırlanması prosesində bu məsələlərə önəm vermək lazımdır. Süni intellektin tətbiqi ilə data jurnalistikası daxil olmaqla yeni sahələr formalaşır. Saxta xəbər təhlükəsindən əlavə, texnologiyanın başgicəlləndirici inkişaf sürəti ilə də üz-üzəyik. Hər 3-6 aydan bir yeni generatorlar və platformalar ortaya çıxır. Bunlar da özü ilə bərabər yeni imkanlar gətirir. Hətta bu yaxınlarda radiolardan birində süni intellekt vasitəsilə ərsəyə gələn musiqilər dinlədim. Açığı yetərincə qulağa xoş gəlirdi. Medianın texnaloji yeniliklərə inteqrasiyası dövrün tələbidir. Ancaq süni intellektin varlığı öz fərdi yaradıcılığımızdan və təfəkkürümüzdən imtina etməyimizə əsas vermir”.
N.Rüstəmov onu da qeyd edib ki, ərsəyə gətirilən hər bir yenilik başlanğıcda böyük həvəslə qarşılanır:
“Lakin bu maraqdan qorxmaq və ya onun qarşısını almağa çalışmaq lüzumsuzdur. İnsan təbiəti elədir ki, qadağan olunan hər şeyə qarşı həvəs daha da artır. Texnologiya açıq istifadəyə verildikdə kütləvi maraq kəşf mərhələsini keçir və ajiotaj zamanla səngiyir. Süni intellekt elə bir səviyyəyə çatıb ki, onun sabah nəyə qadir olacağını dəqiq hesablamaq çətindir. Məsələn, “OpenAI” şirkətinin təqdim etdiyi yeni proqramlar vasitəsilə sadəcə bir mətn daxil etməklə qısa müddətdə videoçarxlar və ya filmlər hazırlamaq mümkündür. Hətta bu yaxınlarda AzTV-nin ərsəyə gətirdiyi “Uzun Həsən” filminin istehsalında süni intellekt alətlərindən istifadə olundu. Lakin “ChatGPT”, “Gemini”, “Claude” kimi platformalardan istifadənin də müəyyən sərhədləri var”.
Ekspert bildirib ki, texnologiya sahəsinin nəhəngləri gələcəkdə insanın süni intellektə və robotlara məğlub ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər:
“Bu bədbin proqnozlar təhlükəli səslənsə də, mütəxəssislər həyəcan təbili çalmaqda haqlıdırlar. Proses artıq gündəlik fəaliyyətimizə və əmək bazarına da birbaşa təsir edir. Keçən dəfə “Baku TV”də Elçin Əlibəylinin verilişinə dəvət olunarkən, studiyada operatorların olmadığını gördüm. Kameraların diafraqması, balansı və tənzimlənməsi tamamilə avtomatlaşdırılıb. Şirkətlər xərcləri azaltmaq məqsədilə ağıllı kameralara üstünlük verirlər. Bu da əmək münasibətlərini kökündən dəyişir. Nəticədə, peşəkar operatorlar və ya redaksiyalardakı korrektorlar texnoloji inkişafın təzyiqi ilə sıradan çıxmaq təhlükəsi ilə üzləşirlər. Bir müddət sonra insanlar iş tapmaqda çətinlik çəkəcəklər. Əgər süni intellektdən normada istifadə olunmazsa, bəşəriyyət öz yaratdığının əsirinə çevriləcək”.