Zukerberq bir gündə 10,9 milyard dollar itirdi

"Meta" şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində Mark Zukerberqin sərvəti sentyabrın 28-də 10,9 milyard dollar azalıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Forbes" yazıb.

"Forbes"in "Real-Time Billionaires" siyahısına görə, Zukerberqin sərvəti 4,23% azalaraq 246,7 milyard dollara enib. Bununla da onun sərvəti 250 milyard dollar həddindən aşağı düşüb.

Bu, Zukerberqin sentyabrın 25-də 8,9 milyard dollar itirməsindən sonra baş verib. Beləliklə, iki günlük eniş nəticəsində onun sərvəti təxminən 20 milyard dollar azalıb.

"Meta" sentyabrın 28-də "MongoDB"nin baş direktoru Çirantan "CJ" Desaini baş korporativ platforma direktoru vəzifəsinə təyin edib. Desai "Meta"nın süni intellekt modelləri, agentləri, kodlaşdırma alətləri və API-lərinin şirkətlərə və proqramçılara satışını əhatə edən yeni biznes istiqamətinə rəhbərlik edəcək.

Elandan sonra "Meta"nın səhmləri Bakı vaxtı ilə axşam saatlarında 4%-dən çox ucuzlaşaraq 719,44 dollara düşüb. "MongoDB"nin səhmləri isə 18%-dən çox geriləyərək 334,53 dollar olub.

"Meta"nın 2026-cı il üçün kapital xərclərinin 145 milyard dollara qədər olacağı gözlənilir.