Həsən bəy Zərdabinin varisi

Akif Aşırlı




"Ot kökü üstə bitər” deyiblər. Ataların başqa bir misalı da var: "Köksüz ağac bar verməz”. Milləti mənəvi baxımdan ucaldan, azərbaycançılığın əsaslarını yaradan Həsən bəy Zərdabi də öz soy-kökü üstündə qol-budaq atdı. Babası Rəhim bəyin xarakterindən, tərbiyəsindən doğan keyfiyyətlərə sahib oldu və Azərbaycan üçün böyük miqyaslı işlər gördü. Həsən bəy bu yanaşmanı, tərbiyəni öz ailəsinə daşıdı, çətinliklərə sinə gərdi, səbr etdi və mübarizəsinə sadiq qaldı.

Moskvada ali təhsil aldığı illərdə ona evlilik təklif edən müəllimi Salavyovun qızı ilə deyil, Hənifə xanım kimi gözəl bir türk qızı ilə ailə qurub millət üçün fədailər yetişdirdi. Təəssüf ki, ataları kimi xalqın nəfinə çalışan bu 4 övladın da bəxti gətirmədi, böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldılar, repressiya olundular.

Ailənin böyük övladı Pəri xanım millət cəfakeşi Əlimərdan bəy Topçubaşovla ailə qurduqdan sonra 1919-cu ildə Parisə Azərbaycanın istiqlal savaşını aparmağa yollandı, 1920-ci ildə Azərbaycanın sovetləşməsindən dolayı bir daha geri dönə bilmədi. Parisdə dünyasını dəyişib elə oradaca dəfn olundu.

Ailənin böyük oğlu Midhət bəy repressiya edildi, millətçi kimi Sovet "KQB”si tərəfindən güllələndi.

Ailənin sonbeşiyi, atası barədə xatirələrini Sovet ideologiyasının tələblərinə uyğun qələmə alan Qəribsoltan xanım ölkənin bir çox rayonlarında müəllimlik etdi. "Səffət, Səffət” deyərək qardaş nisgilinə dözə bilməyən Qəribsoltan xanım nümunəvi pedaqoji fəaliyyətinə görə 1948-ci ildə Respublikanın Əməkdar müəllimi adı ilə təltif olundu. Ailəsinə qarşı aparılan repressiyaların, təzyiqlərin nəticəsində psixoloji gərginliyə tab gətirməyərək 1965-ci ildə dünyadan köçdü.

Təzada bax. Qardaşın biri Türkiyədə sürgün həyatı yaşayır, biri 37-ci ilin repressiyasının qurbanı olur, bacısı Parisdə mühacirətdə yaşayır, ailənin yeganə Sovet Azərbaycanında qalan övladı bir tərəfdən mükafatlandırılır, digər tərəfdən isə ailə faciəsi yaşadılır. Qəribsoltan xanım ömrünün sonlarında bu faciələrə dözə bilmir, psixoloji sarsıntı keçirir və qardaşı Səffətin sağ olmasından xəbərsiz dünyasını dəyişir.

Qəribsoltan xanımın son nəfəsdə üzünü görmək istədiyi qardaşı Səffət bəy ailənin üçüncü övladıdır. Çox təəssüf ki, Həsən bəy Zərdabi haqqında yazılan kitablarda onun barəsində heç bir məlumat verilmir. Sadəcə, adı xatırlanır, fəaliyyəti barəsində geniş məlumat verilmir və bütün bunlar bir kənara qalsın, heç ölüm tarixi də dəqiq yazılmır.

Səffət bəy Zərdabinin izinə təsadüfən düşə bildim. Türkiyənin kitab hərracı bazarından əldə etdiyim "Azərbaycan Milliyyətçilər Dərnəyi”nin nizamnaməsi bu yöndə bələdçim oldu. Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə 1949-cu ildə yaradılan "Azərbaycan kültür dərnəyi”nə paralel qurulan "Azərbaycan Milliyyətçilər Dərnəyi” 1952-ci ildə Ankarada təsis olunub. Türkiyə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən dərnəyin 11 nəfər qurucusu var və onlardan biri də Səffət bəy Zərdabidir.

1952-ci il fevralın 8-də yaradılan "Azərbaycan Milliyətçilər Dərnəyi”nin qurucuları sırasında Azərbaycanın istiqlal savaşını aparan xeyli sayda tanınmış isimlər var. İsgəndər xan (Xoyski), "Azadlığa uçan” ilk Azərbaycan türkü Mehmet Altunbay, Əhməd Ulusoy, Hidayət Turanlı kimi xalqımızın cəsur övladlarının yaratdığı dərnək qarşısına böyük türk aləminin bir parçasını təşkil edən Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını araşdırmaq və yaymaq kimi böyük məqsədlər qoyurdu”. Zahirən mahiyyətində siyasi iddia görünməyən bu tələblərin arxasında Azərbaycanın istiqlalının bərpası kimi böyük siyasi savaş dayanırdı.

1952-ci ilin mayında çapa başlayan "Türk izi” jurnalının ilk sayında S.Zərdabinin də imzası ilə Avropaya, Amerikaya, Türkiyəyə və dünyanın bir çox qitəsinə yayılan, Azərbaycanın istiqlalının bərpası üçün mücadilə verən soydaşlarımıza ünvanlanan "Azərbaycan Milliyyətçilər Dərnəyinin bəyannaməsi” dərc olundu. Qurucular heyəti tərəfindən yayılan bəyannamədə Azərbaycanın hüquq və azadlıq savaşının yeni bir mərhələyə qədəm qoyduğu bildirilir və bu işdə bütün yurddaşların iştirakı vacib hesab olunurdu: "Dəyərli yurddaşlar! 1952-ci ilin fevralında mərkəzi Ankara olmaq üzrə qurulan "Azərbaycan Milliyyətçilər Dərnəyi” fəaliyyətə başlamışdır. Böyük türk milləti dünya tarixinin hər çağında böyük dövlətlər quraraq, cəngavərliyini, əzim və şücaətini, elm, irfan və sənət sahəsindəki əzəmətini tarix boyunca bütün cahana sübut etmişdir. Bu şanlı tarixin sahibi olan böyük türk ulusunun bir parçası olan Azərbaycan, bu gün istismar olunur, haqq və hürriyyət yolunda apardığı mücadiləsi və varlığını azad dünyaya bəyan etmə imkanlarından məhrumdur. Dərnəyimizin əsas qayəsi varlığımızı bütün dünyaya tanıtmaqdır”.

Azərbaycanın varlığının hürr dünyaya tanıdılması, azadlığının zorən əlindən alınıb kölə kimi talan olunmasına qarşı SSRİ kimi nəhəng bir imperiyaya savaş edənlərin əsas öncüllərindən biri də Səffət Zərdabi oldu. Nizamnamədəki qeyddən bəlli olur ki, S.Zərdabi ali təhsilli inşaat mühəndisidir, Ankarada yaşayır.

İnternet üzərindən apardığım axtarışlarından bəlli oldu ki, H.Zərdabinin bu məlum olduğu qədər də "naməlum oğlu”nun yaşadığı məhəllə, ev hələ də durur və 1960-cı illərin ortalarınadək Səffət bəy bu evdə yaşayıb. Sonra nə səbəbdənsə qısa bir müddətə Türkiyədən köçüb, Almaniyada qərarlaşıb və yenidən özünün ikinci ana Vətəninə, Türkiyəyə dönüb. Onun Almaniyada qərarlaşmasını 1967-ci ilin yanvarın 1-də nəşr olunan "Türkiyə mühəndislik xəbərləri” dərgisinin yubiley sayından öyrənmək mümkündür. Türkiyə Mühəndislər Cəmiyyətinin qurucuları sırasında yer alan S.Zərdabi yubiley törəninə qatılmamasına baxmayaraq digər həmkarları kimi adı dərgidə hörmətlə çəkilir. Türkiyə inşaat mühəndisliyinə, memarlığına etdiyi xidmətdən dolayı ünvanına göndərmək şərtilə ona xatirə plaketi təqdim olunur. Təltif olunanların sırasında ilk yerlərdə qərarlaşan Səffət bəyin adı qarşısında "Almaniyada yaşayır” sözü yazılıb.

Son araşdırmalar zamanı bəlli olur ki, Azərbaycan tarixində öz layiqli qiymətini almayan Səffət bəyin şəkli Türkiyə memarlıq muzeyində qorunur.

"Türkiyə mühəndislik xəbərləri” dərgisinin yubiley sayında Türkiyənin ən tanınmış memarı kimi şəkli çap edilib və barəsində yığcam bir tərcümeyi-hal da var. Fəaliyyəti barədə oxuculara məlumat verilən məqalədə S.Zərdabi özü barədə bunları deyir: "1314 sənəsində (yəni 1886-cı ildə) Qafqaz Azərbaycanında mülkümüz olan Zərdabda doğulmuşam. İlk və orta təhsilimi Azərbaycanda - Bakıda aldıqdan sonra təhsilimi Riqa Ali Mühəndislik məktəbində davam etdirmişəm. Rusiyada 1917-ci il inqilabından sonra məktəbi və məmləkətimi tərk etməyə məcbur qalmışam. Bundan sonra Almaniyada Karleruhe Ali Mühəndislik məktəbinin memarlıq şöbəsini bitirdikdən sonra 1928-ci ildə Türkiyəyə gəlmiş və burada fasiləsiz olaraq məsləyimdə çalışmışam”. Zərdabişünas, tədqiqatçı-alim Eldəniz Həsənovun 2013-cü ildə nəşr olunan "Həsən bəy Zərdabi irsi: Keşməkeşli həyat yolu” kitabında Səffət bəyin təhsilini davam etdirmək üçün mübarizəsini əks etdirən iki maraqlı məlumat və sənəd çap olunub. Bu arxiv sənədlərindəki faktlar S.Zərdabinin özü haqqında Türkiyə mətbuatına verdiyi məlumatlarla üst-üstə düşür. Belə ki, S.Zərdabi 1915-ci ilin aprel ayından 1917-ci ilin əvvəllərinədək Bakı şəhər idarəsi tərəfindən ayrılmış təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil alıb. Rusiyada hərbi-siyasi çevrilişlə hakimiyyətə gələn bolşeviklərin yaratdığı anarxiya, özbaşınalıq onun ali təhsil almasına mane olub və Səffət bəy Vətənə dönüb. 1918-ci ilin mayın 28-də dünya dövlətlərinə öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Zərdabilər ailəsində də sevinclə qarşılanır. Ailənin kürəkəni Əlimərdan bəy Topçubaşov Azərbaycanın istiqlalının dünya dövlətləri tərəfindən tanınması üçün böyük bir missiyanı həyata keçirdi. Azərbaycan Cümhuriyyətinin fövqəladə səlahiyyətli nümayəndəsi kimi Türkiyədə çalışdı və Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin sədri vəzifəsini ləyaqətlə daşıdı. Həsən bəyin cəfakeş xanımı Hənifə xanım pedaqoji fəaliyyətini davam etdirdi, Səffət bəy Əlimərdan bəyin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxil edildi.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşovun şəxsi katibi kimi diplomatik fəaliyyət göstərən Səffət bəy bir müddət İstanbulda nümayəndə heyətinin maliyyə məsələlərinə də rəhbərlik edir.

Hansısa bəlli olmayan səbəblərə görə Səffət bəy Parisə getmir və İstanbulda Azərbaycan konsulluğunda çalışır. Ali təhsilini başa vurmaq arzusuyla yaşayır və Azərbaycan Xalq Cümhuriyyətinin ali təhsil almaq üçün Avropaya göndərdiyi tələbələrin cərgəsinə qatılmaq istəyir. Hənifə xanım Zərdabi 1919-cu ilin 16 avqustunda Azərbaycan Cümhuriyyəti maarif nazirinə ərizə ilə müraciət edərək oğlunun ali təhsilini davam etdirməsinə razılıq verilməsini xahiş edir. Hənifə xanım ərizəsində bildirir ki, Səffət bəy Riqa Politexnik İnstitutunun 4-cü kurs tələbəsidir, yaranmış vəziyyətlə əlaqədar təhsilini davam etdirə bilmir: "Siz, əlahəzrət cənabları, 100 nəfər gənci ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan etmisiniz və bu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səffət bəy hazırda Konstontinopolda Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə də oğlumun əvəzinə mən, onun anası Sizdən xahiş edirəm ki, Səffət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz”.

Hənifə xanımın məktubda göstərdiyi səbəbdən dolayı, yəni Səffət bəy İstanbulda diplomatik xidmətdə çalışdığına görə Avropaya ali təhsilini davam etdirməyə gedə bilmir.

Azərbaycan sovetləşəndən sonra Bakıya dönən Səffət bəy təhsilini davam etdirmək üçün bolşeviklərdən kömək istəyir. 1921-ci ilin fevralın 7-də Azərbaycan SSRİ Maarif Komissarı Dadaş Bünyadzadəyə ərizə ilə müraciət edərək yazır: "Dördüncü kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində təhsilimi qurtarmaq imkanım olmadı. Tələbə olarkən politexnikum özünün istedadlı tələbələrindən biri kimi məni Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral inqilabı nəinki mənim xarici səfərimə, ümumiyyətlə təhsilimi başa vurmağıma mane oldu.

(Davamı gələn sayımızda)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb