Saxta yollarla sosial yardım almaq mümkün olmayacaq: Ciddi monitorinq aparılır

“Bu il ərzində 2500-ə qədər saxta əlilliyi olan şəxsin statusu ləğv olunub”. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir vurğulayıb ki, nazirlik tərəfindən ünvanlı sosial yardımla bağlı monitorinqlər davam edir: “Müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparırıq. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür”. 

S.Babayevin sözlərinə görə, ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır: “Tam əmək qabiliyyətli, hər hansı üzrlü səbəb olmadan işləməyən insanların çalışması məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, yüzlərlə ünvanlı sosial yardım alan işçisi var”. Nazir əlavə edib ki, elektron sistem üzərindən araşdırma aparılır: “Risk kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Bu araşdırmanın nəticələri barədə ay ərzində əlavə məlumat veriləcək. Vətəndaşlarımıza bununla bağlı bir daha müraciət edərək demək istəyirəm ki, ünvanlı yardıma görə, müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur”. 



Ekspert  hesab edir ki, saxta yollarla verilən vəsaitlər onu təyin edən və alan tərəfindən geri ödənməlidir


Nazirin qaldırdığı məsələni “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı təqdirəlayiq olsa da, bunun çox gecikmiş addım olduğunu deyib. Ekspertin sözlərinə görə, illərdir bu barədə mətbuatda yazılır, televiziya və radioda deyilir, ancaq iradları vecinə alan olmurdu:

“Minlərlə vətəndaşa rüşvət müqabilində, saxta yollarla sosial yardım təyin olunub. Halbuki, əsl ehtiyacı olanlara minbir bəhanə ilə maneə yaradılıb. Hamı da bunu bilirdi. Təəssüflər olsun ki, uzun müddət tədbir görülməyib, nəzarət edilməyib. Hətta həmin yardımın ilk 6 ayını onu təyin edən məmurun götürdüyü heç kimə sirr deyildi. Necə olur ki, bütün ölkə xəbər tutur, amma sosial nazirlik məlumatsız olur?!”.

İqtisadçı bəyan edib ki, bu cür qanunsuz əməllərə yol verənlər cəzalandırılmalıdır:

“Əlbəttə, verilən vəsaitlər onu təyin edən və alan tərəfindən geri ödənməlidir. Əgər alanın geri qaytarması heç cür mümkün deyilsə,  o zaman onu təyin edən məmurun müvafiq məbləğdə vəsaiti və ya əmlakı müsadirə olunmalıdır. Əsaslı araşdırmalar aparılmalı və haqqı olub ala bilməyən vətəndaşlara yardım və ya müavinətlər verilməlidir. Neqativ addım atan bütün məmurlar həbs olunmalıdır. Ciddi addımların atıldığını görsək, nazirliyin səmimiyyətinə inanmaq olar. Əks halda, əvvəlki vəziyyət müəyyən formada qalacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu