Dil normaları daha çox mediada pozulur - AKTUAL

Tanınmış jurnalist Famil Cəfərli feysbuk hesabında mediadakı dil xətaları ilə bağlı jurnalistlərə öz iradını bildirib. O, qeyd edib: "Ana uşağına işgəncə verib yandırdı" yox, "dağladı".  Azərbaycanda medianın dili ilə bağlı fərqli fikirlər mövcuddur. Xüsusən də, bu sahədə ciddi problemlərin mövcudluğunu iddia edənlər çoxluq təşkil edir. Yeni yaranmaqda olan internet media vasitələrində dil xətalarının çoxluğuna diqqət çəkən mütəxəssislər belə hallara münasibətdə ictimai qınaq tədbirlərinin artırılmalı olduğunu vacib hesab edirlər.

Sözsüz ki, Azərbaycan mediasında dil problemlərinin ortaya çıxmasını şərtləndirən amillər çoxdur. Mediada dil qüsurlarının qloballaşmasının əsas səbəblərindən biri kimi də korrektura şəbəkəsinin sıradan çıxması göstərilir. Ekspertlərə görə, müxbirlər redaksiyaya nə göndərirsə, redaktor onu olduğu kimi sayta yerləşdirir. Yazıların çoxunda cümlələr baş-ayaq gedir.  Fikirlər biri-birini tamamlamır, sözlər yerində işlədilmir. 



Elçin Bayramlı: “Televiziyalar, radiolar və internet saytları dilin qayda və qanunlarına riayət etmirlər”


"Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bu sahədə vəziyyətin acınacaqlı olduğunu deyib:

"Konkret olaraq ana dilimizin yiyəsi yoxdur. Dilimizin ən böyük düşməni də mediadır. Media deyəndə əlbəttə qəzet və jurnalları çıxmaq lazımdır, onlarda redaktor, korrektor olur və dilin qayda-qanunlarına riayət edilir. Dilimizdə olmayan sözləri buraxmırlar. Televiziyalar, radiolar və internet saytları isə ana dilimizin anasını ağladır. Dilimizi eybəcər hala salır, əndrəbadi sözlərlə, jarqonlarla, ara sözləri ilə, mənası aydın olmayan qondarma sözlər və ifadələrlə "zənginləşdirirlər". Bunun da səbəbi məlumdur - hərə bir sayt açıb öz savadı dərəcəsində ağlına gələn formada yazır. Televiziya və radiolarda isə savadsız, ucuz işçi qüvvəsinə üstünlük verilir deyə vəziyyət lap dözülməzdir. Ana dili milli mədəniyyətin ən əsas elementlərindən biridir, milli sərvətimizdir. Bunu qorumaq dövlətin və cəmiyyətin borcudur. Əgər cəmiyyət bunu etmirsə, onda dövlət etməlidir. Bu sahədə ciddi bir dövlət orqanı yaradılmalı və ona yüksək səlahiyyət verilməlidir. Ana dilimizi korlayanlara qarşı ciddi tədbirlər görülməlidir. Ən əsası məsələyə fundamental yanaşılmalıdır. Yəni, ucuz işçi qüvvəsi prinsipindən əl çəkilməlidir. Harda savadsız adam var mediadadır. Orta məktəbi belə orta səviyyədə bitirməyən adamın mediada nə işi var? Tədbir, monitorinq, məsləhət, tövsiyə və s. boş şeylərdir və tamamilə effektsizdir. İctimai qınaq sistemi isə bizdə yoxdur. Ana dilimizi qorumalıyıq. Bu, dövlətin və cəmiyyətin borcudur. Ana dilinə sahib çıxmayan xalq və dövlət bir qara qəpiyə dəyməz".



Seymur Verdizadə: “Redaktorlar xəbəri hamıdan əvvəl təqdim etmək üçün yarışa giriblər. Bu zaman ədəbi dilin normalarını qorumağa vaxt qalmır”


Jurnalist Araşdırmaları Mərkəzinin sədri  Seymur Verdizadə  də bu məsələdə peşə təəssübkeşliyi göstərməyə ehtiyac duymadığını deyib.  Mərkəz sədri  həm yazılı, həm də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin qaydalarının kobud şəkildə pozulduğunu qeyd edib:

“Amma faktiki olaraq problem elektron kütləvi informasiya vasitələrində özünü daha qabarıq şəkildə göstərir. Təbii ki, burda söhbət nöqtə, vergül səhvindən getmir. Təəssüf ki, jurnalistika ilə məşğul olan adamların bir çoxu yaxşı təhsil almayıblar. Təsadüfi adamların jurnalistikaya axını bu sahədə dözülməz vəziyyət yaradıb. Aydın məsələdir ki, yaxşı təhsil ala bilməyən adam ədəbi dilin qaydalarına riayət etməyə çətinlik çəkəcək. Odur ki, gənc, savadlı kadrların mətbuata gəlməsini təmin etmək lazımdır. Bilirsiniz, biz informasiya əsrində yaşayırıq. Hazırda mətbuatın təyinatı dəyişib. Təəssüf ki, indi maarifçilik missiyası arxa plana keçib. Qəzetlər də, saytlar da özlüyündə bir kommersiya qurumudur. İnformasiya əsrində, xüsusilə, mövcud rəqabət şəraitində heç kim uduzmaq istəmir. Hazırda operativlik peşəkarlığı üstələyir. Redaktorlar xəbəri hamıdan əvvəl təqdim etmək üçün yarışa giriblər. Bu zaman ədəbi dilin normalarını qorumağa vaxt qalmır. Təəssüf ki, bu rəqabət bəzən mənasız enerji sərfiyyatına səbəb olur. Hər bir KİV ilk növbədə oxucuya hörmət etməyə borcludur. Bəzən görürsən ki, beş-altı cümləlik xəbərdə 7-8 səhv olur. Bu cür hallar KİV-lərin nüfuzuna ciddi zərbə vurur. Vəziyyətdən çıxış yolu savadlı şəxslərin mətbuata axınını təmin etməkdir. Xüsusilə, redaktor korpusunda Azərbaycan ədəbi dilinin normalarına yaxından bələd olan şəxslərin təmsil olunmasına daha çox ehtiyac var". 



Azər Həsrət: "Təklif edərdim ki, Nəsimi adına Dilçilik İnstitutu bu məsələ ilə bağlı düşünsün. Problem həqiqətən də ciddidir”


Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də  saytlarda ciddi dil pozuntularına yol verildiyinin həqiqət olduğunu deyib. 

Bəzən xəbər saytlarının dilinin həqiqətən də, çox bərbad göründüyünü vurğulayan A.Həsrət deyib ki, saytlarda ədəbi dil normalarının pozulması hallarına çox yol verilir: "Səbəblər də çoxdur. Mən hələlik, xəbər saytlarının çevikliyini, informasiyanı bacardıqca tez ötürmək, informasiya ardınca qaçmağın müasir jurnalistikanın ayrılmaz parçası olması kimi səbəbləri kənara qoyuram. Başlıca səbəblər fərqlidir: Xəbər saytlarında, ümumilikdə mediada, Azərbaycan dilini gərəkən səviyyədə bilməyən, dil məsələsində naşı, ədəbi dil normalarına bələd olmayanların çalışmasıdır. Təsəvvür etmək belə ağırdır ki, Azərbaycan ədəbi dilinin normalarını bilməyən insanlar bu işlərlə məşğuldur, xəbər yaymaqla, informasiya tirajlamaqla məşğuldur.  İkinci səbəb, mediadakı sərbəstlikdir. Kim istəyir sayt açır, portal yaradır və başlayır xəbərçiliklə məşğul olmağa. Dünyanın hər yerində belədir. Jurnalistika azaddır, sərbəstdir. Azad olduğu üçün də kim istəyir bu sahəyə gəlir, gücünü, enerjisini bu sahədə sınamaq istəyir. Olansa, dilimizə olur. Naşı, savadsız insanlar dilimizi korlayır. Digər savadsızlar da, belə başa düşür ki, saytda hansısa söz və ya cümlə bu formada yazılıbsa, deməli, düzgünü budur. Başqa bir səbəb sayt əməkdaşlarının ciddi bədii mütaliədən uzaq olması, uyğun peşə sahibi olmamasıdır. Yəni, bu gün jurnalistikada bu peşəyə tamamilə yad insanlar çalışır. Çalışsınlar, azadlıqdır, sərbəstlikdir. Amma insan hansı sahədə çalışmağı qərarlaşdırırsa, ilk növbədə o sahəni öyrənməli, bələd olmalıdır".
Media eksperti hesab edir ki, saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Bəzən xəbər başlıqları danışıq dilinin təsiri altında yaranır: "Saytlarda ədəbi dilin norma pozuntuları müxtəlif səviyyələrdə özünü göstərir. Bir çox hallarda saytların xəbər mətnlərində leksik, üslubi və qrammatik norma pozuntularına rast gəlinir. Ədəbi dilimizin təmizliyini pozan sözlər işlədilir. Fonetik normanın pozulması halları da var. Mətnlər redaktə olunmadan yayımlanır. Durğu işarələrini hətta düzgün, yerində işlətmirlər. Bunlar hamısı dilimizi bərbad vəziyyətə salır". 
A.Həsrətin sözlərinə görə, problemin həlli üçün  işə qəbul edilərkən şəxsin Azərbaycan dilini hansı səviyyədə bilməsi müəyyənləşməlidir. Sayta, mətbuat orqanına əməkdaş işə qəbul edilərkən onun yazı üslubundan tutmuş bədii əsərlərə bələdçiliyinə qədər səviyyəsi müəyyənləşməlidir. Ədəbi dil normalarını bilmək, dilimizin qrammatikasına bələd olmaq öz yerində, dilin leksik qaydalarını da bilmək vacibdir: "Təklif edərdim ki, Nəsimi adına Dilçilik İnstitutu bu məsələ ilə bağlı ciddi düşünsün. Çünki problem həqiqətən də ciddidir. İnstitut yalnız monitorinqlər aparmaqla kifayətlənməsin. Monitorinqlər mütəmadi aparılsın, amma bununla yanaşı Azərbaycan ədəbi dilinin kobud pozulması halları çoxdursa, hətta həmin elektron KİV-in, mətbuat orqanının qapadılması məsələsi də qaldırılsın. Bunu da bilirəm və gözləyirəm ki, bizi tənqid edənlər mütləq tapılacaq, Azərbaycanda söz və fikir azadlığının guya ki, "boğulduğunu” "əsas” gətirib üzərimizə gələnlər də olacaq. Amma biz dilimizin təmizliyini heç kimə, heç nəyə güzəştə getməməliyik. Bizi tənqid edənlərdən də çəkinməməliyik".

Ekspert hesab edir ki, elektron saytların dil qüsurlarına yol verməsi səbəbsiz deyil. Xəbər saytlarında operativlik, xəbəri tez çatdırmaq əsas şərtlərdən biridir: 

"Xəbərin yayılma sürəti dil normalarının mühafizəsinə mənfi təsir göstərir. Xəbər ardınca qaçıldıqda dil normalarına riayət etmək istər-istəməz çətinləşir. Bu da müasir xəbərçiliyin reallığıdır. Amma mətbuatın televiziyaların nöqsanları, qüsurları düzəltmək imkanı var. Mətbuat çapa gedənədək jurnalistlər, redaktorlar tərəfindən oxunur. Mətndə rast gəlinən dil qüsurları, qrammatik normaların pozulması hallarını düzəltmək olur". A.Həsrətin ikinci təklifi jurnalistlərin təkmilləşmə kurslarına cəlb edilməsi ilə bağlı olub: "Bu işdə Mətbuat Şurası aparıcı rol oynaya bilər. Təklif edirəm ki, Mətbuat Şurası Nəsimi adına Dilçilik İnstitutu ilə əməkdaşlıq etsin və jurnalistlər üçün dil kursları, seminar və treninqlər təşkil edilsin. Mən əminəm ki, Dilçilik İnstitutunun əməkdaşları fədakar insanlardır, hətta bu işi təmənnasız da icra edərlər. Dilçilik İnstitutunun əməkdaşları jurnalistlərə Azərbaycan ədəbi dilinin normaları barədə təkmilləşmə dərsləri keçsinlər. Hesab edirəm ki, Mətbuat Şurası ilə Dilçilik İnstitutu birgə çox faydalı layihə həyata keçirə bilər.  İndiyədək jurnalistlər üçün bir çox istiqamətlərdə, bir çox sahələr üzrə seminarlar, treninqlər təşkil olunub. İqtisadiyyatdan tutmuş, dini sahədə materialların yazılış formasınadək. Amma sırf dil qüsurları, ədəbi dil normalarının öyrənilməsi ilə bağlı seminarlara ehtiyac var. Kimsə də özünü öyüb deməsin ki, mən dilimizi bilirəm. Hamımız üçün öyrənməli nələrsə var. Nəticə etibarilə hamımızın məqsədi eyni deyilmi; Azərbaycan ədəbi dilini qorumaq, mühafizə etmək, gələcək nəsillərə ana dilimizi saf şəkildə çatdırmaq?! Elə isə qolumuzu çırmalayıb işə başlamalıyıq. Əsas işimiz, vəzifəmiz də Dilçilik İnstitutuna dəstək olmaq, kömək etməkdən ibarətdir".