“Mən ümid edirəm, hansısa klinika onu nəzarətə götürüb, müalicəsiylə məşğul olar bəlkə”
“Kim onun müalicəsinə dəstək olacaqsa Azəbaycan milli mətbuatına dəstək göstərmiş olacaq. Və tarixdə də bununla qalacaq”
Müasir Azərbaycanın milli-demokratik mətbuatının qurucularından biri, yüzlərlə jurnalistin ustadı Mehman Cavadoğlunun səhhətində problemlər olduğu bilindi. Əvvəlcə həmkarımız Məhbubə Qasımbəylinin M.Cavadoğlu ilə müsahibəsindən, sonra da “Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlunun feysbukdakı statusundan vəziyyətin heç də yaxşı olmadığı məlum oldu. Ş.Xuduoğlu sosial şəbəkədə bunları qeyd etmişdi: “Az əvvəl Mehman Cavadoğluna baş çəkdik. Podaqradan əziyyət çəkir, indi isə xəstəliyin ən ağır, ən şiddətli dövrünü yaşayır. Ayaqları çətinliklə onu saxlayır, əlləri işləmir. Yalnız bir barmağı ilə - o da güclə - vacib zənglər edir, qısa yazılar yazır… Səsi aydındır, məntiqi yerindədir. Soruşmasan, xəstəliyini bilməzsən, özü də gizlətməyə çalışır. “Dözülməz ağrılarım olur, danışa bilmirəm. Siz gəlməzdən əvvəl dərman içdim ki, heç olmasa sizinlə söhbət edə bilim…” dedi.
Azərbaycan mətbuat tarixində Mehman Cavadoğlu kimi redaktorlar barmaqla sayılacaq qədərdir. Ömrünün 50 ili mətbuatda keçib. Evdə tək yaşayır. Aylıq məvacibi 300 manatlıq təqaüd”.
Ş.Xuduoğlu ilə əlaqə saxlayıb Mehman Cavadoğluna nə kimi yardım göstərilə biləcəyini, ümumiyyətlə ona kimlərsə tərəfindən yardım, kömək təklifi edilib-edilmədiyi ilə maraqlandıq. Cavabı belə oldu:
- Mehman bəyə baş çəkdik. Xoşagələn vəziyyət deyil. Kəskin ağrıları var. Mütəmadi dərmanlar qəbul edir. Heç də xoş deyil durumu. Yardım təklifləri çoxdur. Amma məsələ burasındadır ki, Mehman bəy yardım təkliflərini qəbul etmir. Dönə-dönə xahiş etdi ki, kimsə yardım etmək istəsə, kartımın paylanması, maddi yardım toplanması kimi kampaniyalar olmasın, istəmirəm. Təqaüdü çox azdır. Qəbul etdiyi dərmanlar bahalıdır. Ağrılarının azalması, müalicəsi üçün bahalı dərmanlar tələb olunur. Vəziyyət belədir. Mən ümid edirəm, hansısa klinika onu nəzarətə götürüb, müalicəsiylə məşğul olar bəlkə. Belə bir variant fikrimə gəlib. Bu, Azərbaycan mətbuatına, söz, qələm adamına xidmət deməkdir. Kim onun müalicəsinə dəstək olacaqsa Azəbaycan milli mətbuatına dəstək göstərmiş olacaq. Və tarixdə də bununla qalacaq. Çünki Mehman bəy Azərbaycan demokratik mətbuatının simasıdır. Bu, çox vacib bir məsələdir. Düşünmürəm ki hazırda hansısa media nümayəndəsinin, jurnlastlərin Mehman bəyin müalicəsini üzərinə götürmək imkanı olsun. Amma hansısa klinika bunu də bilər. Biz adətən bu cür məsələlərdə dövlət müəssisələrinin irəli durmasını gözləyirik, amma özəl bir klinika da irəli çıxıb Mehman bəyin qayğısına qala bilər. Belə bir təşəbbüs olsa, çox yaxşı olar. Və yaxud da dövlət qurumları Mehman Cavadoğlunun müalicəsini üzərinə götürməlidir. Çox istərdim ona hansısa formada yardım, dəstək olsun və ağır vəziyyətdən çıxarılsın.
Haşiyə:
Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1978–1988-ci illərdə "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən — Azərbaycan Xalq Cəbhəsi yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin nəşr olunmasında iştirak edib. 1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru olub. 1996–1998-ci illərdə müstəqil "Rezonans" qəzetinin baş redaktoru olub. Jurnalist fəaliyyətinə görə "Qızıl qələm" və "Müstəqillik dövrünün jurnalisti", "Media açarı" mükafatlarına layiq görülüb.