"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim" - Nəriman Əbdülrəhmanlı

"İstədiyimi yaza bilməyəndə depresiyaya düşmüşəm və yaxud yazandan sonra özümü xoşbəxt hiss etmişəm" 

Tanınmış tərcüməçi, publisist Nəriman Əbdülrəhmanlının növbəti doğum gününü qeyd edib. “Sherg.az” Nəriman müəllimi təbrik edərək həmsöhbət olub. 
Həmin müsahibəni təqdim edirik.

Nəriman müəllim, yəqin sizi təbrik edənlər çox oldu...

- Qələm dostlarım, oxucular, tanışlar təbriklər ünvanladılar. Çox sağ olsunlar, hamısına minnətdaram.

- Bəs necə qeyd etdiniz?

- Həmişəki kimi ailə şəraitində, adi qaydada keçirdik. Dostları, tanışları sonraya saxlamışam. Əzəldən  ad günlərini təntənəli qeyd etməyi  xoşlamamışam. Ona görə də xüsusi hazırlıq görmədik.  

- Yeni yaşınız sizi necə hiss etdirir?

-Adamın ömründən bir il keçəndə fərqinə varmır, amma günlər, aylar üst-üstə yığılır. Konkret hiss etmirsən, lakin zaman keçdikçə görürsən ki, aylar, illər ötüb. Sonrakı illər də belə keçəcək, yaş üstə yaş gələcək, təbii prosesdir.

- Uzun ömür yolunuzda geriyə dönüb baxanda, ən çox nəyə təəssüf edirsiniz?

- Ən çox heyfsləndiyim,  zaman itkisidir. Elə vaxtlar olub ki,  planlaşdırdığım işi görüb, fikrimdə tutduğum mövzuları yaza bilməmişəm. Sonra onlara qayıtmaq istəyəndə alınmayıb. Əsasən vaxt itkisi və  fikirləşdiklərimin bir hissəsini həyata keçirə bilməməkdən yaranan təəssüf hissi var. Başqa heç nə...

- Keçib gedən illəri necə yaşamısınız?

- Belə bir ifadə var: “ Heç kəs istədiyi kimi yaşamır. Hamı bacardığı kimi yaşayır”. Mən də bacardığım  kimi yaşamışam.  Hərbi sistemdə də işləmişəm, işsiz də qalmışam, çox böyük çətinliklərdən keçmişəm. İstədiyimi yaza bilməyəndə depresiyaya düşmüşəm və yaxud yazandan sonra özümü xoşbəxt hiss etmişəm. Müxtəlif səpkili hadisələr baş verib. Hər şey planlaşdırılan kimi olmur, zamanın  öz axarı var. Nə  qədər çalışsan da, çabalasan da hər şeyi istədiyin kimi həyata keçirə bilməzsən. Bəzən taleyin öhdəsinə buraxmışam. Beləcə bu yaşa çatmışam. 

- Heç olurmu ki, ötən günlər üçün darıxasınız?

- Həmişə olub... Ömrün elə məqamları var ki, onlar üçün darıxırıq. O günlərə, doğulduğun məkana qayıtmaq, qayğısız günlər keçirmək, həyatının  ən yaxşı dövrünü bir də yaşamaq istəyirsən.  İnsan yaşa dolduqca,  geridə qalan gözəl zamanların xislətini çəkir.

- Bəs dünyaya yenidən gəlsəniz yenə bu peşəyə yiyələnmək istəyərdinizmi?

- Dünyaya 10 dəfə də, 100 dəfə də gəlsəm həyatımı başqa cür təsəvvür edə bilmərəm. Hər  insanın ilahi kodu var, o da taleh, qismətdir. Bunları  özün seçmirsən. Qarabağ müharibəsi veteranıyam, mayor rütbəsindən ehtiyata buraxılmışam. O sistemdə işləyəndə də yazı-pozu ilə məşğul olurdum,  həyatımın mənasını onda tapırdım. Yenə deyirəm, bu dünyaya  dönə-dönə gəlsəm də  özümə başqa peşə seçməzdim.

- Zaman-zaman tənqidlərə məruz qalırsınız, onlara münasibətiniz necə olur?

- Dünyada elə yaradıcı adam yoxdur ki, tənqid olunmasın. Ən nəhəng yazıçılar - Tolstoy, Dostoyevski öz dövrlərində  tənqidlərlə üzləşiblər. Bu təbiidir, hamının düşüncə tərzi, üslubu eyni ola bilməz. Müəyyən vaxtlar tənqid ediblər, cavab vermişəm. Tənqid ədəb çərçivəsini keçəndə adama təsir edir.  İnsani səviyyədə olan tənqidlərə  heç vaxt qarşı çıxmamışam. Yəqin bundan sonra da məruz qalacam. Haqsız şəkildə ədəb çərçivəsindən çıxan tənqidlərə münasibətim hər zaman mənfi olacaq.

- Bu yaşınıza qədər həyata keçirə bilmədiyiniz arzularınız varmı?

- İnsanların, ən  çox da yaradıcı adamların  ömründə planlaşdırıb müxtəlif səbəblərdən  həyata keçirə bilmədiyi  arzuları var. Məndə də çoxdur.. İndi  ən çox arzuladığım  iki layihəmin işıq üzü görməsidir.  Biri dörd cildlik  Azərbaycan kino tarixi ensiklopediyasıdır. İstəyərdim ki, yüksək səviyyədə çap olunsun. İkincisi  çoxdan üzərində işlədiyim kitab var, adı “Anamın sözləri”dir. Biz tərəflərdə  gündəlik işlənən lakin ədəbi dildə olmayan sözlərin izahını bu lüğətdə tərtib eləmişəm. Bir də  tarixi roman var,  onu həyata keçirmək istəyirəm. Qismət...

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu