Putinin açıqlaması reallıqdan uzaqdır !- "5+2 aktual deyil” – Format dəyişir !


“Fikrimcə, danışıqlar üçün suallar və baza prinsipləri də dəyişməyə doğru gedir”

“Rusiya-Türkiyə formatı işləkdir. Həm regionun reallığından baxanda bunu görürük, həm də bu ölkələrin təcrübəsi var”

“İstisna etmirəm ki, Rusiya da Fransa və ABŞ kimi həmsədrlərdən uzaqlaşıb, danışıqları Türkiyə ilə birlikdə irəli aparmaq marağındadır”

“ATƏT-ə gəlincə isə, bu qurum vaxtilə hansısa nüfuza malik idi. İndi isə günbəgün nüfuzu azalır”


Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. O, bildirib ki, Qarabağla bağlı danışıqlarda Türkiyə də daxil olmaqla, bir çox ölkə yer almalıdır. V.Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli sadə deyil:

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır. Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var.  Hər kəsin burada öz həqiqəti var. Ona görə, problemin sadə həlli yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik.

Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə tərəflərinin effektiv inkişafına imkan vermir”.

Rusiya prezidentinin bu fikirləri ətrafında sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla həmsöhbət olduq.

“Sherg.az” müsahibəni təqdim edir:

- Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinin sadə olmadığını dedi. Prosesi mürəkkəb edən amillər hansılardı? 
-Putinin bu açıqlaması vacib olsa da, reallıqdan və konkret vəziyyətdən bir az uzaqdır. Çünki Putinin sərgilədiyi mövqe hərbi əməliyyatlardan qabaqkı vəziyyəti izah edir. Lakin indi durum fərqlidir, status-kvo və təmas xətti dəyişib. Ermənistan tərəfi hərbi cinayətlər törədir. Bütün bunlar da münaqişəyə müəyyən təsirlərini göstərir. Hesab edirəm ki, hərbi əməliyyatlarda ermənilər reallığı görüb, buna uyğun mövqedən çıxış etməsələr, hərbi əməliyyatlar davam edəcək. Ermənistanın mövqeyini qeyri-real hesab edirəm. Çünki artıq xarici mütəxəssislər də deyirlər ki, Ermənistan hərbi maşını Azərbaycan Ordusu tərəfindən, demək olar ki, məhv edilib. Yəni struktur əsasında qurulmuş hərbi qurum mövcud deyil. Bu reallığı görə-görə Ermənistan mövqeyini dəyişmir. Deməli, biz də öz üslubumuzdan dönməyəcəyik. Bu məsələlərin əsasında isə Putinin verdiyi açıqlamada hiss olunur ki, yeni şəraitdə Rusiyanın yeni mövqeyi formalaşmaqdadır.

-Amma Rusiya prezidenti yenə də 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü vurğulayıb...

-Putin bu açıqlaması ilə köhnə hərbi vəziyyətə əsaslanır. Artıq status-kvo dəyişib. Ordumuz 5 rayondan 4-nü azad edib. Günü-gündən digər rayonlar da alınır. Hətta Dağlıq Qarabağın içində də xeyli ərazilər azad olunub. Bu baxımdan “5+2” formulu aktual deyil. Digər tərəfdən ATƏT-in də köhnə mövqedə danışıqlara qayıtması mənim üçün real görsənmir. Çünki 30 il ərzindəki ATƏT-in fəaliyyəti ümid vermir ki, onlar öz fəaliyyətlərini dəyişib, ortaya real bir yanaşma qoyacaqlar. Ona görə münaqişədə yeni formatların əmələ gəlməsi daha çox mümkündür.

-Nə kimi formatlar ortaya qoyula bilər?

-Məsələn, Rusiya-Türkiyə formatı. ATƏT-in çərçivəsində olmasa da, regionda nüfuza malik ölkələrin iştirakına dair format. İranın fəallaşması da yeni formatlardandır. Rusiya 1994-cü ildə ATƏT-in çərçivəsində yox, ikitərəfli olan vasitəçilik missiyasının nəticəsində atəşkəsə nail olub. İranın da uğurlu olma da , müəyyən cəhdləri  var idi ki, vasitəçilik etsin. Yəni ATƏT-lə iş həll olmur. Regionda olan ölkələrin fəallaşmasını istisna etmirəm. İndi format dəyişməkdədir. Fikrimcə, danışıqlar üçün suallar və baza prinsipləri də dəyişməyə doğru gedir.

-Putin Türkiyənin də danışıqlarda yer almalı olduğunu bildirib. Deməli, rəsmi Ankaranın münaqişənin həllində rolu və gücü qəbul edilir...

-Bəli. Təkcə Ermənistan Türkiyənin varlığını və gücünü qəbul etmir. Bu da müvəqqəti vəziyyətdir. Düşünürəm ki, Rusiya-Türkiyə formatı işləkdir. Həm regionun reallığından baxanda bunu görürük, həm də bu ölkələrin təcrübəsi var. Məsələn, Suriyaya aid “Astana prosesi”ni qeyd edə bilərik. Orada da Türkiyə və Rusiya region ölkələr olaraq əməkdaşlıq ediblər. Eyni zamanda hansısa razılaşmalara nail oldular və bu razılaşmaların nəticəsində birgə patrul xidmətini göstərirdilər. Onların təcrübəsi və bir-biri ilə müəyyən formatlarda yer alması daha ümidvericidir. İndi Rusiya və Türkiyənin Qərb ölkələri ilə olan münasibəti heç də yüksək səviyyədə deyil. İstisna etmirəm ki, Rusiya da Fransa və ABŞ kimi həmsədrlərdən uzaqlaşıb, danışıqları Türkiyə ilə birlikdə irəli aparmaq marağındadır. Artıq regionda real nüfuza və maraqlara malik olan ölkələr var. ATƏT-ə gəlincə isə, bu qurum vaxtilə hansısa nüfuza malik idi. İndi isə günbəgün nüfuzu azalır.

- V.Putin onu da bəyan edib ki, on illərlə davam edən münaqişə tərəflərin effektiv inkişafına imkan vermir. Putin nə üçün müharibənin davam etməsində bu qədər narahatdır?

-Regionda olan fövqəl dövlətlərin region üçün rəqabəti davam edir. Putinin belə deməsində həm iqtisadi, həm siyasi maraqlar mövcuddur. Eyni zamanda təhlükəsizliyə dair kompleks məsələlər də var. Lakin biz hazırlıqlı olmalıyıq. Regionda fəal olan hər bir ölkə öz maraqlarını müdafiə edir. Təbii ki, ölkəmiz də ilk öz maraqlarını müdafiə edəcək. Putinin bu açıqlaması isə daha çox iqtisadi amillərlə bağlıdır.


Söhbətləşdi: Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu